Ana səhifə

Prokurorluq nazirin islahatçı imitasiyasını necə darmadağın etdi? - qubernatorun qürubu...

    Tarix: 18-01-2017 08:16   
 Prokurorluq nazirin islahatçı imitasiyasını necə darmadağın etdi? - qubernatorun qürubu...
Dünənə görə çox sağ ol, bu günə görə isə cavab verməlisən...Hakimiyyətin son 5 illik siyasi strategiyası məhz bu şüar üzərində yürüdülür.
İqtidar ona dünənə qədər xidmət edənləri mükafatlandırır, indi isə cəzalandırır. Kimsə dünən etdiyi yaxşılığa görə bu gün törətdiyi cinayətdən yayına bilməz.
Prezident İlham Əliyev komandasında sədaqətli və etibarlı adamları sevir, xəyanəti və iqtidarın mövcud kursunu təpikləyənləri isə bağışlamır. Bunu ən yaxın keçmişdəki təcrübə sübut edir.

Anaxeber.Az-ın Siyasi Bürosu yazır ki, məhz bu kontekstdə Vergilər Nazirliyi ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin təhlükəli yolunu gedir.
Axı prezident xəbərdarlıq etmişdi?! Vergilər naziri Fazil Məmmədov bəs niyə eşitmək istəmir? Var bunun bir səbəbi və var bunun bir gerçəyi...
Fazil Məmmədov iqtidardakı yüksəlişi ilə böyük bir imperatorluq qura bilmişdi; ona Bakının Binəqədi rayonu, ölkənin Qərb bölgəsi (Gədəbəy, Şəmkir, Qazax) həvalə olunub, nazir də öz adamlarını yerlərdə yerləşdirib, quberniyasını böyüdüb, nə söz eşidir, nə şikayət bilir, Kərbəlayı İsmayıl kimi, özü də külli ixtiyarı verib yerlərdəki adamlarına, onlar da nə adam sayır, nə şikayətçi qəbul edir, nə mətbuatı vecinə alır.
Beləliklə, iqtidar başbilənləri texnologiyanı işə salmalı oldu. Fazil Məmmədov erasının nəqliyyat naziri Ziya Məmmədovsayağı bitirilməsi prosesinə başlandı, düymə çoxdan basılmışdı.

Binəqədidə yanan bina, Xaləddin İsgəndərovun odiozluğu, Gədəbəydə Ramiz Yediyarovun sahibkarlara divan tutması, Şəmkirdə Alimpaşa Məmmədovun təkəbbürlü, yekəxana hərəkətləri, sonuncu - Qazaxda Rəcəb Babaşovun adının mediada parlaması bütün şimşəkləri vergi nazirinin üzərinə yönəltdi. Yəni, adamlarına sahib çıx!

Sonra prezident İlham Əliyev çıxışlarının birində vergi sahəsindəki özbaşınalıqları sərt tənqid etdi, nazirə ciddi şəkildə xəbərdarlıq olundu.
Çox keçmədi ki iş adamları 2 illik vergidən azad olundu. Bütün bunlar Fazil Məmmədovun post-Mahmudov imicini formalaşdırmışdı. Prezidentin ona mesajı idi - elə etmə ki səni də onun gününə salım...
Anaxeber.Az-ın Siyasi Bürosu yazır ki, vergilər nazirinin son 2 ayda ardıcıl xaotik, təhlil üçün imkan saxlamayan və anlaşılmaz təyinatları sistem pozulmasına işarə idi.

Gah bu şöbədən o şöbəyə, gah da bu departamentdən o departamentə yerdəyişmələr edirdi. Ertəsi gün də “evcik-evcik” oyunu kimi təyin etdiyi adama ayrıca şöbəyə təyin edirdi.
Fazil Məmmədov ya islahatçı imici yaratmaq istəyirdi, ya da nazirlikdə qarmaqarışıqlığı nizamlamağa cəhd edirdi.
Amma “sən saydığını say gör fələk nə sayır”. Nazirin islahatçı imitasiyalarının tən ortasında onurğa sütunundan güclü zərbə endirildi. Ama bu zərbə həqiqət idi və nazirin bütün xarizmasını darmadağın edirdi.

Söhbət Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinin hesabatından gedir. Hesabatda ən çox korrupsiyalaşmış struktur kimi Vergilər Nazirliyinin adı keçirdi - 48 şikayət.
Hətta kiçildilmiş statistikadır. Ölkənin dörd bir yanından vergidən narazılıq var. Reallıq ondan ibarətdir ki, Fazil Məmmədov korrupsiya piramidasının zirvələrini fəth edib. Zaman keçir, dövlət başçısı tapşırıqlar verir, amma yenə də Vergilər Nazirliyi rüşvətdə qabaqcıldır.
Anaxeber.Az-ın Siyasi Bürosu yazır ki, Fazil Məmmədovun istefası yaxında deyil və hakimiyyətin planında yaxın gələcək üçün belə proje yoxdur. Necə ki Ziya Məmmədov da nazir postunda qalmaqdadır.
Sadəcə, idarəetmə mexanizminin təkmilləşməsi, yeni modellərin meydana gəlməsi, struktur islahatlarının labüdlüyü, vitse-prezidentlik institutun yaradılması adıçəkilən nazirlərin hegemonluğunu zəiflədir.
Ölkə başçısı məsələni radikal şəkildə həll etmək istəmədi, nazirləri tək-tək istefaya yollamaqdansa, onların halqasını daraldıb səlahiyyətlərini məhdudlaşdırdı.
Ziya Məmmədovun təhsil naziri qədər səlahiyyəti qalmayıb. Fazil Məmmədovun da vəzifədən getməsi yox, gücsüzləşdirilməsi strateji plandır. Yeri gəlmişkən, onun vitse-prezidentlik yolu da bağlandı. Bu haqda geniş təhlil vermişik.

Vergilər naziri Fazil Məmmədov keçmiş 1-ci müavini, prezidentin İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirova məğlub oldu.
Nazirlə kadrının arasındakı nüfuz savaşından ikincisi qalib çıxdı. Prezident köməkçisi vəzifəsinı indiyə qədər heç bir nazir müavini yüksələ bilməmişdi. Bu, F.Məmmədova qarşı sarsıdıcı zərbə idi. vergilər naziri ölkə rəhbərliyinin yanında etimadını kifayət qədər itirib.
Prezident İlham Əliyev müşavirələrin birində əsassız vergi yığımlarını xatırladarkən F.Məmmədovun istefaya göndəriləcəyi güman edilirdi.
Amma nazirin səs-küylü istefasına gedilmədi. Əvəzində illik dövriyyəsi 120 min manatdan aşağı olan sahibkarlıq subyektlərində səyyar vergi yoxlamaları qanunla qadağandır.
Bu, naziri istefaya yollamaqdan daha ağır qərar idi. Nazirin əl-qolunun bağlanması, rüşvət yığımı imkanlarının məhdudlaşdırılması ona istefa getmək qədər böyük zərbə idi.
Bu soyuq təhlil və proseslərin xronoloji ardıcıllığı deməyə əsas yaradır ki, Nazirlər Kabinetinin üzvləri ayrı-ayrılıqda lazımsızlaşır. Bu qurumun özü ləğv olunmasa da, funksiyaları azaldılır. Prezident Administrasiyası rəsmiləri də referendum ərəfəsində təsdiqləmişdilər ki, NK islahatların lokomotivi ola bilməyib. Bu da göz qabağında: nazirlər tək-tək sıfırlanır...
ANAXEBER.Az
Turan






Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net