Ana səhifə

İlham Əliyevin son iclasında “buxarlanmış” Əli Əsədovun ulduzu necə söndü? - Sensasion gizlinlər

    Tarix: 16-01-2017 09:38   
  İlham Əliyevin son iclasında “buxarlanmış” Əli Əsədovun ulduzu necə  söndü? - Sensasion gizlinlər
Prezident İlham Əliyevin 2016-cı ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında bir nüans diqqətdən yayınmadı.
Bu məqam bir daha təsdiq edirdi ki, dövlət başçısı komandasında kimlərlə işləməyə üstünlük verir. Söhbət prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədovun yoxluğundan gedir.
Anaxeber.Az-ın Analitik Şöbəsi yazır ki, prezidentin iqtisadi islahatlar üzrə köməkçisi vəzifəsinə Natiq Əmirovun təyinatından sonra Əli Əsədovun halqasının daralması gözlənilən idi.
İ.Əliyev Ə.Əsədova etimad göstərmədiyini bu təyinatla nümayiş etdirmişdi. Sonuncu iclasda və buna qədərki prosesdə də prezidentin köməkçisinin qeyri-fəallığı onun sistemdən çıxdaş edildiyinə işarəydi.
Məntiqlə iqtisadi böhranla üzləşən ölkədə prezidentin iqtisadi məsələlər üzrə köməkçisi çıxış etməliydi. Ə.Əsədov isə hansısa humanitar idarənin şöbə müdiri kimi özünü aparır.

Onunla müqayisədə prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov iqtisadi proseslərin gedişinə dair mühüm açıqlamalar verib.
Beləliklə, Əli Əsədov iqtidar komandasında yüksəliş yerini Natiq Əmirova uduzmaqla süqut dövrünü yaşamaqdadır və onun nəqliyyat naziri Ziya Məmmədov kimi “müqəvva” fiqur adlandırmaq olar.
Hətta bir müddət əvvəl onun vəzifəsindən istefaya gedəcəyi haqda xəbərlər yayılırdı, hakimiyyət isə ənənəvi olaraq mətbuatın yazdığı üçün planı ertələdi.
İqtidar təyinatlar və istefalar siyasətində medianın səhih qaynaq olmasını yalanlamaq üçün hər zaman planları ertələyir.
O baxımdan Əli Əsədovun da yaxın gələcəkdə, yəni heç kimin gözləmədiyi anda və medianın gündəmində olmadığı ərəfədə istefaya göndəriləcəyi istisna deyil.
Uzun illərdir prezidentin iqtisadi komandasında ən vacib fiqurlardan biri olan Əli Əsədov son aylar prezidentin açılışlarında gözə dəymir, müşavirələrində isə ya arxa planda görünür, ya da heç görünmür.

Eldar Mahmudov ötən ilin oktyabrında milli təhlükəsizlik naziri vəzifəsindən uzaqlaşdırılandan sonra Əli Əsədov da hədəfə gəlmişdi.
Onun Eldar Mahmudovla yaxınlığı barədə mediada hələ nazirin mövqelərinin ən güclü olduğu vaxtdan yazılırdı.
Məlumatlarda deyilirdi ki, Əli Əsədovla Eldar Mahmudov hələ gənclik illərindən dostluq ediblər, ali məktəbdə birgə oxuyublar.
Eldar Mahmudovun 2004-cü ildə nazir vəzifəsinə təyin olunmasında da Əli Əsədovun rolunun olduğu bildirilirdi.
İddia olunurdu ki, MTN şefi uzun illər fəaliyyətini onunla birgə koordinasiya edib, hətta Əli Əsədovun tapşırıqlarının icraçısı olub. Bu informasiyalar mediaya sızmazdan öncə mərkəzə məlum idi.

Siyasi hakimiyyətin ən yüksək eşelonunda bu əlaqələrin müzakirəsindən sonra Əli Əsədovun halqası daraldı, mövqeləri zəiflədi, iqtidarda ən etibarsız kadrlardan birinə çevrildi, prezidentin etimadını itirdi. Yəni iki səbəb: MTN işi və islahatların lokomotivi ola bilməməsi onun ulduzunu söndürdü.
Anaxeber.Az-ın Analitik Şöbəsi yazır ki, onun adı Beynəlxalq Bank işində də hallanıb. İddialara görə, milyon manatlarla kreditlərin verilməsində onun da ciddi rolu olub.

Hətta müəyyən iş adamlarını himayə edərək onlara külli miqdarda kredit ayrılmasına nail olub. Əli Əsədov bu xəbərlərə indiyədək cəmi bir dəfə reaksiya verib. O, Eldar Mahmudovun əleyhinə danışmayıb, həbs edilə biləcəyi ilə bağlı iddiaları isə rədd edib. 
Digər tərəfdən də Natiq Əmirovun gəlişi Əli Əsədova ölümcül zərbə idi. İqtidar ciddi islahatlar ərəfəsindədir və görünür, prezident özünün inandığı kadrı köməkçi vəzifəsinə gətirməklə daha işlək bir mexanizm yaratmağı düşünür. 
Əslində, bu təhlillər və proqnozlar zaman-zaman mətbuatda səslənib. Onları aktuallaşdıran səbəb isə prezidentin sonuncu iclasında Əli Əsədovun yenə də “göylərə çəkilməsiydi”.

Görünür ki, Əli Əsədov üçün qatar çoxdan reysdən çıxıb və onun funksiyaları formal xarakter daşıyır. Bununla da yazdıqlarımızın növbəti təsdiqidir: İlham Əliyev iqtidarı təzələyir, islahatçı komandanı ətrafında sıx birləşdirir.
Nəticədə ənənəvi klana daxil olan, reformaların tormozlayıcı rolunu oynayan qruplaşma üzvlərini isə tək-tək sıradan çıxarır. Bu proses 2011-ci ildən start götürüb və mərhələli şəkildə davam edir.
Yeri gəlmişkən, Əli Əsədovun saysız-hesabsız daşınmaz əmlakı, ayrı-ayrı yaxınlarının adına rəsmiləşdirdiyi varidatı, biznes obyektləri və s. mülkləri hələ ki toxunulmazdır. Nə vaxtsa onların da əlindən çıxacağı gözləniləndir.

Məsələn, təkcə Bakının mərhum meri Rafael Allahverdiyevə məxsus evi 1.500.000 manata, digər 2 evi isə 600.000 manata alıb.
Başqa ev və torpaq sahələri kimi bunları da başqa şəxslərin adına rəsmiləşdirib. Buzovna qəsəbəsi və digər yerlərdə, o cümlədən Dənizkənarı bulvarda aparılan işləri də Əli Əsədovun himayənsində olan və faktiki onun özünə məxsus “Azimport” MMC aparıb.

Əli Əsədov təkcə Buzovna qəsəbəsində özünə Buzovna-Maştağa yolunun üstündə, yolun sağında və solunda 2 mülk tikdirib.
Həmin yolun sağında yerləşən hazırda Buzovna Bələdiyyəsinin sədri olan Mətləb adlı şəxsdən “May frend” kafesini 250 min manata, Buzovna qəsəbəsində yerləşən Malik adlı şəxsə məxsus mədəniyyət sarayının yanında yerləşən və ƏMDK-nin balansında olan “Reyhan” restoranını Namik Atakişiyevdən 800 min manata alıb.
Əmək haqqı maksimum 2000 min manata bərabər olan Əli Əsədov görəsən, 2 milyon manatı haradan alıb sualı da obıvatellik olar. Hər şey göz önündədir...
ANAXEBER.az
Turan

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov       Təsisçi: Əhmədov Şahin
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 (050) 614 94 33       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net