Ana səhifə

Azərbaycana və Türkiyəyə sevgiylə atılan addımlar

    Tarix: 16-11-2017 09:58   
Azərbaycana və Türkiyəyə sevgiylə atılan addımlar

NİGAR İSMAYILQIZININ YAZDIĞI KİTABLAR, HAZIRLADIĞI FİLMLƏR İKİ QARDAŞ ÖLKƏNİN DÜNƏNİNƏ VƏ BU GÜNÜNƏ AYNA TUTUR

Onunla ilk tanışlığımız bir il öncə müəllifi və aparıcısı olduğum radio proqramında gerçəkləşmişdi.

"Aprel döyüşləri" şəhidi Əbdülməcid Axundova həsr olunmuş "Ölsəm... yaşat" adlı sənədli filmilə bağlı hazırlanan verilişdə qonaq ikən, təkcə "Pamukun qonşusu" adlı esselər kitabı çap olunmuşdu. Sonradan, yaşadığı Türkiyəyə geri döndü və biz bir-birimizi sadəcə sosial şəbəkələr və media vasitəsilə izləyə bildik. Bu müddət ərzində uzaqdan-uzağa onun bir sıra uğurlarının sorağını aldım və nəhayət, bu günlərdə Bakıda olduğunu eşidib fəaliyyəti, uğurları, planları haqqında söhbət etmək qərarına gəldim. Budəfəki müsahibim Türkiyədə yaşayan azərbaycanlı jurnalist, yazar Nigar İsmayılqızıdır:

"Ötən il sizin verilişinizdə qonaq olandan sonra yenidən Türkiyəyə qayıtdım və "Bakıdan İstanbulacan dönüş" adlı ikinci kitabım çap olundu. Artıq üç ildir orada yaşasam da, kitab Azərbaycanda çap olundu. Kitabda Azərbaycan, Türkiyə, Rusiya, Amerika, demək olar ki, dünyanın hər yerindən olan ziyalılarla toplam 36 müsahibə yer alıb. Bu kitabın Bakıda Akademik Milli Dram Teatrında, Türkiyənin Bursa şəhərində, Sumqayıtdakı Poeziya evində təqdimatları oldu.

Sonradan qərara gəldim ki, Qarabağ həqiqətləri ilə bağlı kitab hazırlayaq. Çünki bu, elə ağır məsələdir ki, hər zaman araşdırılmağa, yazılmağa ehtiyacı var. O zamana qədər mən "Aprel döyüşləri" ilə bağlı sənədli film hazırlamışdım. Təbii ki, bu döyüşlərin də kökündə həmin məsələ dayanırdı. Bunu araşdırmaq lazım idi. Buna görə də biz "Qarabağ problemi necə yarandı, niyə Azərbaycan xalqı bu ağrıları yaşadı, Qarabağı itirməklə nəyi itirdik" deyə, bir mövzu ilə yola çıxdıq. Azərbaycan, Türkiyə və İranda bu mövzu ilə bağlı araşdırmalar apardıq, xüsusi müsahibələr hazırladıq. Kitabın üzərində 10 aya yaxın iş getdi".

N.İsmayılqızının sözlərinə görə, şəhid Əbdülməcid Axundovun həyat hekayəsi ilə başlayan kitabın işıq üzü görməsində Türkiyədə yaşayan həmyerlilərimizin, müəllimlərimizin, iş adamlarımızin, ziyalılarımızın böyük rolu olub: "O cümlədən, "Kardelen" şirkətinin sahibi, dövlət layihələrində iştirak edən Emre Dağdelen, Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Süver, Bursa Azərbaycan Mədəniyyət Evinin direktoru Handan Askerenton, araşdırmaçı, jurnalist Ali Uzundere kimi bir çox insanlar bizə dəstək verdilər. Kitab şəhidimizin anası Ceyran Axundovanın dəstəyi və istəyi ilə çap olundu.

"Savaşçı" (Aprelin izi ilə...) kitabı çap olunandan sonra Türkiyənin bir çox qəzetlərində, televiziya proqramlarında qonaq oldum. Bu faciə yalnız bizim faciəmiz deyil, ümumi insanlığın faciəsidir. Ona görə də bunu yazmaq, dünyaya çatdırmaq lazımdır. Ən azından bu, bizim insanlıq borcumuzdur. "Savaşçı" (Aprelin izi ilə...) adlı kitabın redaktoru yazıçı Elçin Hüseynbəylidir. Kitabın adı "Savaşçı" olsa da, mən heç zaman savaşın tərəfdarı olmamışam. Zaman keçdikcə böyük rus yazarı L.Tolstoyun fikrinə üstünlük verirəm: hərb və sülh... Kitabda millət vəkillərimiz Aqil Abbas, Nizami Cəfərov, Qənirə Paşayeva, dəyərli ziyalımız Rəşad Məcid kimi, Qarabağ hadisələrinin şahidi olmuş ziyalılarımızın fikirləri, xatirələri yer alıb".

N.İsmayılqızı hazırkı fəaliyyəti haqqında danışarkən dedi ki, Nazim Hikmətin Bakı həyatını araşdırmaqdadır və bu dəfə məhz bu böyük türk şairinin izi ilə Bakıya gəlib: "Nazim Hikmətin həyatı ilə bağlı dörd sənədli film hazırlamışam. Bildiyimiz kimi, onun ilk şeir kitabı məhz Bakıda çıxıb. Biz bu həqiqətləri əlimizdə əsas tutaraq ssenariləri hazırladıq. Ssenarilərə başlamazdan öncə, ilk işim Nazim Hikmətin "Ay balam, Baküyə gedirəm", Xalq yazıçısı Anarın "Kərəm kimi", tanınmış alim və yazıçımız Aqşin Babayevin kitablarını oxudum. Bunlardan başqa müxtəlif yazarların, ədiblərin onun haqqında yazdığı kitablardan qeydlər götürdüm. Mən gördüm ki, Nazimlə Azərbaycan ədibləri arasında böyük bir mənəvi bağlılıq olub. Heç də təsadüfi deyil ki, Xalq şairi Nəriman Həsənzadə öz oğluna onun şərəfinə Nazim adı qoyub.

Yaxın günlərdə Sakarya universitetində "Nazimin Bakı izləri" adlı sənədli filmimizi təqdim edəcəyik. Bundan başqa, üç sənədli filmimiz də Türkiyənin müxtəlif universitetlərində təqdim olunacaq. Orada biz Azərbaycan-Türkiyə qardaşlığını gündəmə gətirəcəyik. Vaxt var idi ki, Nazim öz doğma şəhərini, oğlunu, ailəsini görməyin həsrətini çəkərdi. Nazim Hikmət şeirlərində bu ayrılığı incə qələmlə oxucuya çatdırıb. O deyərdi ki, vaxt gələcək azərbaycanlı tələbələr mənim doğulduğum şəhərə gedəcəklər, ancaq mən təəssüf, öz torpağımı görə bilmirəm.

Beləcə, biz "Kardelen" şirkəti ilə birgə bu tarixi faktları gün üzünə çıxarmaq üçün fəaliyyətə başladıq. Burada həm də iki ölkənin qardaşlığının dünyaya verdiyi mesaj təqdim olunur.

Bundan sonra həmin Nazim Hikmətlə bağlı araşdırmalarımı bir araya toplayıb kitab kimi çap etdirmək fikrindəyəm. Orada Nazim Hikmətin Bakıdakı ziyalılarla münasibəti, onların bir-birinə təsiri, ümumiyyətlə, "türk şeir dünyasında Nazim Hikmət olmasaydı..." məsələsini gündəmə gətirmək istəyirəm. Təbii ki, bunlar bir arzudur və mən bu layihədə bizə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm".

Müsahibim bu işlərdə qarşısına çıxan çətinliklərdən də söz açdı: "Savaşçı" romanı Qarabağ faciəsinə həsr olunduğu üçün onu qələmə almaq adamın ruhunu sarsıdırdı. Ondan əlavə, mən gecə saatlarına qədər araşdırma aparır, göndərilən xatirələri oxuyur, incələyir, özüm üçün nəticələr çıxarmağa çalışırdım. Bu araşdırmalarım mənə bir şeyi də öyrətdi ki, həqiqətən türklər heç zaman savaş tərəfdarı olmayıblar. Onların içində olduqları savaş həmişə kimlərinsə tərəfindən başladılıb. Qarabağ da ermənilərin məkrli siyasətinin nəticəsi idi. Bu kitabda mən hiss etdim ki, sanki daha çox böyüdüm. Bir çox insanlar öz xatirələrini bölüşmüşdü. Ancaq onlardan qardaşını bu müharibədə itirən və öldü- qaldısından heç zaman xəbər tuta bilməyən jurnalist xanımın danışdıqlarını, gözlərindəki kədəri, ağrını heç zaman unutmayacam. Allah bütün şəhidlərimizə rəhmət eləsin, məğrur ruhları daim uca olsun! Hörmətli deputatımız, yazıçı Aqil Abbas söhbətimiz əsnasında dedi ki, savaşın özünəməxsus estetikası olur. Nədir bu estetika? Bu barədə Aqil müəllim bir xatirə danışdı: "Ağdamın çətin günlərində Bakıdan bizə qonaq gəlmişdi. Hər yerdə gərginlik var idi və hiss edirdim ki, qonağım narahatdır, hətta qorxur. Mən onu sakitləşdirmək üçün evdən çıxartdım, yol gedirdik. Küçədə iki uşağın belində çanta məktəbə getdiyini gördük. Bu müharibənin, qorxunun içərisində o uşaqlar elm arxasınca gedirdilər. Bax, budur, müharibənin estetikası". Əslində, mənim arzum idi ki, kitabımın adını da "Müharibənin estetikası" qoyum. Ancaq sonda məsləhət belə oldu ki, "Savaşçı" (Aprelin izi ilə...) olsun".Azərbaycana və Türkiyəyə sevgiylə atılan addımlar

N.İsmayılqızı Türkiyədə başladığı yeni layihə haqqında da məlumat verdi: "Kardelen" şirkətinin rəhbəri Emre Dağdelenle birgə "Şərq və Qərb fəlsəfəsi" adlı layihəyə başlamışıq. Layihədə Şərq ədəbiyyatını və Qərb ədəbiyyatını oxuyan, ondan bəhrələnən, amma Qərb ədəbiyyatının təsiri altına düşməyən sənət adamlarını, tanınmış şəxsiyyətlərini, ziyalılarını gündəmə gətirib, həyatını işıqlandıracağıq. Bir sözlə Şərq və Qərb insanının, həyat fəlsəfəsinə səyahət edəcəyik".

Şahanə MÜŞFİQ

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net