Ana səhifə

Hökumətin saxta uğur çırpıntıları…

    Tarix: 29-06-2018 09:42   


Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası davam edir. Bugünlərdə hökumətyönlü media AŞPA-da Azərbaycanla bağlı korrupsiya qalmaqalını ört-basdır eləmək üçün Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun AŞPA-nın vitse-prezidenti seçilməsi barədə materiallar yayır. Halbuki, bu, yeni xəbər deyil, yanvar ayında baş vermiş hadisəni yeni kimi təqdim etməkdə məqsəd var. Bunu Azərbaycan hökumətinin uğuru kimi qələmə verməyə çalışırlar. Üstəlik, qeyd etmək yerinə düşər ki, bu, nə Azərbaycan hökumətinin, nə də Səməd Seyidovun uğurudur. AŞPA-da vitse-prezidentlik rotasiya qaydasında olan texniki məsələdir. Yəni rotasiya yoluyla bütün nümayəndə heyətlərinin rəhbərləri vitse-prezident olur.

Səməd Seyidov bu sessiyada heç bir vəzifəyə seçilməyib. Səməd Seyidovun özünə qarşı tətbiq olunan sanksiyalar isə qüvvəsində qalır. Avropa Şurasında Azərbaycanın korrupsiyasını araşdıran komissiya ona digər iki azərbaycanlı deputatla müqayisədə daha yüngül cəza verib. Səməd Seyidovun korrupsiya ittihamlarını araşdıran qurumla əməkdaşlığını nəzərə alaraq, ona avropalı siyasətçilərin ələ alınmasıyla bağlı korrupsiya əməllərində iştiraka görə yox, rəhbərlik etdiyi nümayəndə heyətindəki deputatlara, konkret olaraq, Elxan Süleymanov və Müslüm Məmmədova nəzarət edə bilmədiyinə, məsuliyyətsizliyə görə cəzalandırıblar. Səməd Seyidov AŞPA-nın Serbiya üzrə məruzəçisi idi, onu bu vəzifədən uzaqlaşdırdılar. AŞPA-nın İnsan Hüquqları və Hüquqi Məsələlər Komitəsində səsvermə hüququnu da itirib.

Adları çəkilən iki deputatın cəzası isə sərt olub. Elxan Süleymanov və Müslüm Məmmədov, eləcə də onlarla işbirliyində olub, korrupsiyaya bulaşmış başqa avropalı deputatlar bundan sonra heç vaxt AŞPA-nın üzvü ola bilməyəcək. Onların Avropa Şurası strukturlarının binalarına daxil olması, tədbirlərində iştirak yasaqlanıb.

Bu arada, AŞPA-nın Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsi bu komitənin sədrini Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi təyin etdi və ona hesabat hazırlamaq üçün çox qısa – cəmi iki ay vaxt verdi. Dünən isə AŞPA-da Azərbaycanda son prezident seçkilərinin qeyri-demokratik keçdiyini bəyan edən qətnamə qəbul edildi.

Azadliq.info

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net