Ana səhifə

"Yeni Baş nazirimiz var. Kimsə onu mətbuat qarşısında yeni fikirlərlə, planlarla gördümü? Görə də bilməz"

    Tarix: 11-06-2018 09:05   
 



Əli Əliyevin fikrincə, hakim komandadakı “köhnə qvardiya”nın “vurulması” pozitiv addımdır. Çünki bu heyət təkcə ölkəni sümürmür, həm də Azərbaycanın Rusiyaya bağlanmasını həyata keçirir 


Demokratik ölkələrdə mühüm seçki prosesindən sonra ictimai-siyasi həyatda da ciddi dəyişikliklər baş verir. Xüsusən də Azərbaycan kimi prezidentli respublikalarda Prezident seçkilərindən sonra köklü dəyişikliklərə ümid yaranır. 11 aprel seçkilərindən sonra Azərbaycanda da ciddi islahatların aparılacağı ilə bağlı fikirlər səslənirdi. Doğrudur, yeni hökumət formalaşdırılanda gözlənilməz dəyişikliklər baş verdi, amma bu, köklü dəyişiklik deyildir. 

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev “Reytinq”ə müsahibəsində bu və digər məsələlərlə bağlı maraqlı məqamlara toxunub. 

Reyting.az həmin müsahibəni təqdim edir:

- Əli bəy, ölkəmizdə keçirilən Prezident seçkilərindən artıq iki ay ötür, bu müddətdə ölkədə nəsə dəyişibmi?

- Ölkədə zahiri heç nə dəyişməyib. Əslində dəyişməsini gözləmək də yanlış olar. Komanda əsasən eyni, idarəçilik köhnə, üslub da yerində...

Hakim partiya köklü dəyişikliyə gedə bilməz. Çünki avtoritar idarəçilik üslubundan imtina korrupsiyadan imtinanı, demokratik siyasi idarəçiliyin, azadlıqların, liberal bazar münasibətlərinin tətbiqini nəzərdə tutur. Belə olarsa, hakimiyyətin itirilməsi an məsələsinə çevrilər. Ona görə də baş verənlər kosmetik dəyişmələrdir. 

- Bildiyiniz kimi, Nazirlər Kabinetinin tərkibində bir sıra dəyişikliklər oldu, komandaya yeni simalar gətirildi. Komandadakı bu dəyişiklikləri necə qiymətləndirirsiniz?

- Hakim komandadakı dəyişikliklərin qiymətləndirilməsinin müsbət tərəfləri o vaxt deyilə bilər ki, insanlar onu öz gündəlik həyatlarında hiss etsinlər. Kimsə Azərbaycanda əvvəldə sadaladığım məsələlərdə bir irəliləyişə şahidlik edibmi? Tutalım, mən dediklərim daha çox siyasi idarəçiliyi əhatə edir, bu da sıravi vətəndaşın marağı sayılmaya bilər. Hərçənd ki, cəmiyyətdəki bütün neqativ və çatışmazlıqların siyasi kökü mövcuddur. 

Lap elə məişət məsələlərinə gələk. Təqaüd həddi ölkədə qaldırılır, maaşlar yerində, bazar gəlirlərə uyğun deyil, işsizlik nə deyilməyindən asılı olmayaraq “fəvvarə vurur”, işçilər elementar hüquqlarından məhrum edilib, məhkəmələr işləmir, təyinatlarda regionçuluq, traybolizm, qohumbazlıq prinsip kimi tətbiq olunur, ölkənin gəlirləri cəmiyyətin 2-3 faizi tərəfindən amansızcazına qeyri-bərabər şəkildə mənimsənilir, varlılarla kasıblar arasında fərq iti sürətlə böyüyür, sosial dissonans yuxarı həddədir və s. 

Ədalət xatirinə deyilməlidir ki, 2 aya yeni kadrlardan heç nə gözləmək olmaz. Lakin onlardan heç birinin sahəsi ilə bağlı konseptual fikirlərini görməmişəm, təkliflərini, yenilikləri də eşitməmişəm. Əminəm ki, bu, avtoritar idarəçilikdə baş verməyəcək də. Axı siyasi idarəçilik fəlsəfəsi dəyişməyib. Təyin olunanlar böyük sistemin kiçik, təsirsiz elementləridir. 

Yeni Baş nazirimiz var. Kimsə onu mətbuat qarşısında yeni fikirlərlə, planlarla gördümü? Görə də bilməz. Çünki bu “kiçik vint” yalnız mövqeləri qorumaq üçün o yerə əyləşdirilib. Orada olan şəxs iqtisadiyyatı, maliyyəni, istehsalatı yönləndirmək üçün deyil, farağat şəkildə kresloda əyləşmək üçündür. 

Bir az da gözləyək. Lakin kardinal dəyişikliyin baş verəcəyini düşünmürəm.

- Siz də, müxalifətçi həmkarlarınız da bildirir ki, kadrların dəyişməsinin önəmi yoxdur, əsas sistemdir, idarəetmədir. Bəs, bu 15-20 illik nazirlərin “yola salınması”nın hər hansı bir müsbət tərəfi yoxdur? O da ehtimal edilir ki, yaxın bir ildə “uzunömürlü” nazirlərdən kimsə hökumətin tərkibində qalmayacaq. Siz nə düşünürsünüz?

- Mən bu fikrə münasibəti ifadə etdim. İdarəetmə fəlsəfəsi çox mühümdür. Komandanın məqsədləri onun idarəçilik üslübunu da şərtləndirir. Hakim komanda üçün dövlətin güclü, ədalətli, rifahlı olması, işğaldakı torpaqların geri qaytarılması, klassik dövlətin qurulması, dövlət-vətəndaş bağlarının möhkəmliyi önəm daşımır. Ola bilər də, fikirlərinin hansısa ucqarında bunlar yer alıb, ancaq o qədər dərindədir ki, qətiyən görünmür. 

YAP-ın birinci dərəcəli vəzifəsi nəyin bahasına olursa-olsun, hakimiyyəti saxlamaqdır. Onların düşdüyü vəziyyət bunu tələb edir. O qədər qanunsuzluq, o qədər haqsızlıq ediblər ki, artıq onlar üçün hakimiyyətin itirilməsi hər şeyin itirilməsi deməkdir.

“Köhnəlmiş” nazirlərin dəyişdirilməsi, fikrimcə, vəziyyəti əsaslı dəyişmək üçün edilmir. Bu addımlar hakim ailəni keçmişin ballastından azad etmək üçün atılır. Çünki real hakimiyyətə nəzarət edən köhnə qrup maraqlarını güzəştə getmək, gəlirlərinin azalmasına yol vermək istəmir. 

Mənə görə, “köhnə qvardiya”nın “vurulması” pozitiv addımdır. Çünki bu heyət təkcə ölkəni sümürmür, həm də Azərbaycanın Rusiyaya bağlanmasını həyata keçirir. Bu halda isə Kremlin nəzarətində olan dövlətin inkişafı mümkünsüzdür. 

Komandanın köhnə qanadında siyasi ədalətsizliyin layihəsini cızan, bunu həyata keçirən strukturlar və şəxslər var. İlham Əliyevlə birlikdə onların da məsuliyyət payı deyilməlidir. Yaxud ölkə gəlirlərinin qeyri-bərabər bölünməsinin ideoloqu və icraçısı, dünənə qədər “fövqəl gücə” malik nazirin olmasını və onun kimliyini bilməyən varmı? Ona görə də İlham Əliyevin məsuliyyət və cavabdehlik dərəcəsinin birinci olmasını vurğulamaqla yanaşı, bu qəbildən olan digərlərinin də adları çəkilməlidir. Neqativ enerji bütün hakimiyyət komandasına şamil edilməlidir. Bunların da arasında mövqelərini güzəştə getmək istəməyən, istənilən sabotaja hazır olan klanın zəiflədilməsi, sıradan çıxarılması müsbət hadisə olardı. Lakin bu dəyişiklik fərdi dəyişiklik, əl dəyişikliyi ilə yekunlaşmamalıdır. Proses davamlı olmalıdır. Yoxsa, hansısa qoca julikin yerinə cavan dələduzun gəlməsinin şahidinə çevrilə bilərik. 

Maneələrin olduğunu və dərinləşəcəyini ayrı-ayrı nümunələrdən də bilir və ehtimal edirəm. Çətin mərhələdəyik. Ancaq dəyişikliklər qaçılmazdır. Bu dediklərim isə köhnə komandanın yola salınmasının hipotetik müsbətidir. Çünki əməli dəyişikliklər cəmiyyətin rifahına hesablanmalıdır. Yox, əgər yalnız köhnə heyətdən imtina edib gəlirləri bir ələ toplamaq məqsədilə tranformasiya aparılırsa, ölkə uçuruma gedəcək. Amma mən hesab edirəm ki, köhnə komandadan tədricən imtina ediləcək. 

- Göründüyü kimi, artıq icra başçıları səviyyəsində də dəyişikliklərə başlanılıb. Bu müstəvidə dəyişikliklər nə verəcək?

- Yenə də köhnə komandadan asılılığın azaldılması əlamətlərini görürəm. İcra başçıları institutu zəif vəsilədir. Bu günə qədər onlar fərli bir işlə məşğul olmayıblar. Yeni təyinatların Prezidentdən hansı tapşırıqla yerlərə göndərilməsini müəyyən etmək üçün bir qədər vaxt lazımdır. Mən hələ bir az da irəli gedib, bu ilin ikinci yarısında qəflətən növbədənkənar parlament seçkilərinin keçirilməsini də hesablayıram. Çünki “Köhnə qvardiyanın nəzarətindən bütün strukturlar çıxarılmalıdır”,- fikrinin artıq hakim olduğu vəziyyəti görürəm. Elə isə artıq iş başında olmayan nazir və digər şəxslərin patronajı ilə deputat edilmişlərin Milli Məclisdə oturması potensial təhlükə kimi görünür. Ən azı bu səbəbdən yeni parlament tərkibinin formalaşdırlması zərurəti duyulmaqdadır.

- Ölkədə gömrük, vergi, təhsil, sosial müdafiə, KTN və digər sahələrdə rəhbər dəyişikliyi olub. Konkret olaraq bu sahələrə gətirilən rəhbərlərdən müsbət dəyişiklik gözləyirsinizmi?

- Niyə də olmasın? İnanıram ki, Prezident idarəçiliyə münasibətini dəyişsə, təyinat almış şəxslərin düz və faydalı işləməsi yüksək ehtimallıdır. Yeni təyin olunmuşlar arasında şəxsən tanıdığım, yaxud haqlarında müsbət şəxsi keyfiyyələrə malik olmaları ilə bağlı məlumatlarım var. Əgər idarəçilik hədəfləri dəyişsə, əminəm ki, bəzi təyinat almış şəxslər çox yaxşı işləyə bilərlər. Ancaq hələlik ali səviyyədə düşüncənin dəyişməsini sezmirəm. Ola da bilər, bu, daxili müqavimət səbəbindəndir. Söyləmək bir az çətindir. Çünki illər ərzində gördüklərimiz əks fikirdə olmağa əsas verir. 

- Yeni nazirlər də öz qurumlarında kadr dəyişiklikləri etdilər. Amma deyəsən, bu dəyişikliklər “hərənin öz kruqu” prinsipi ilə aparılır...


- Bu normaldır. Çünki hərə öz komandası, etibar etdiyi ilə işləmək haqqına malikdir. Belə tərzə dözümlü yanaşmaq lazımdır. Əsas odur ki, niyyət təmiz olsun.

- Əli bəy, maraqlı bir tendensiya da müşahidə olunur. Müxalifətçilər hakimiyyəti dəyişiklik etməməkdə suşlayır. Amma müxalifətdə də ciddi dəyişikliklər olmur, ənənəvi adamlar, ənənəvi mübarizə usulu...

- Dəyişiklik normal proseslərin gedişatında ortaya çıxa bilər. Avtoritar cəmiyyətlərdə dəyişiklik, modernizasiya, transformasiya kimi terminlər leksikonda olmur. Belə cəmiyyətlərdə ya “aşağıdan” üsyan və inqilablar, ya da “yuxarıdan” islahatlar olur. Cəmiyyətlərin təcrübəsi, proseslərin dialektikası buna öz möhürünü vurub. Ona görə də, müxalifətçilərdən belə şərtlər daxilində çox şey gözləmək olmaz. Siz bizdən yalnız çevriliş gözləyə bilərsiniz, onu da bildiyim qədər Azərbaycan müxalifətindən heç kəs istəmir. Təkamüllü inkişafa isə iqtidar imkan tanınmır.

Son bir nümunəni demək istəyirəm. 100 illik Cümhuriyyət tədbirlərində iştirak etmiş müxaliflərin aqibətini gördünüz. Son əsrin ən böyük hadisəsini dinc və mədəni şəkildə küçədə gəzərək qeyd etmiş insanlara həbs tətbiq edildi. Bu, bir daha sübut edir ki, YAP siyasi açılıma hazır deyil.

Zaur ƏHMƏD


шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net