Ana səhifə

“BÖYÜK YEDDİLİK” DAĞILIR?

    Tarix: 08-06-2018 19:21   
 G7-nin 6 ölkəsi ABŞ-a qarşı: sammit öncəsi böyük gərginlik

“Böyük yeddilik” (ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, Yaponiya, Fransa, Kanada, İtaliya) bu gün Kanadanın Kvebek əyalətindəki kurort şəhəri La Malbedə bir araya gələcək. İki gün davam edəcək sammitdə bütün diqqətlər ABŞ prezidenti Donald Trampın G7-dəki müttəfiqləri tərəfindən necə qarşılanacağına yönələcək.

Avropa liderlərinin etirazlarına baxmayaraq, Trampın İranla nüvə sazişindən çıxması, həmçinin Avropa Birliyi ölkələrindən polad və alüminium idxalına rüsum (polad üçün 25 faiz, alüminium üçün 10 faiz) tətbiq etməsi tərəflər arasında nəzərəçarpacaq soyuqluq yaradıb. Əgər buna qədər G7 ayrı-ayrı məsələlərlə bağlı vahid mövqe sərgiləyirdisə, Trampın son qərarlarından sonra vəziyyət xeyli dəyişib. Ekspertlər hesab edir ki, budəfəki sammit G7-nin tarixində ən dramatiki ola, hətta mövcudluğuna son qoya bilər.

Sammit öncəsi Fransadan ultimativ bəyanat gəlib. Fransa hökumətindəki mənbə bəyan edib ki, ABŞ-la fikir ayrılıqları öz həllini tapmayana qədər prezident Emmanuel Makron Kvebek sammitində qrup ölkələrinin birgə bəyannaməsini imzalamayacaq. Makronun birgə bəyannaməni imzalaması üçün İranla nüvə sazişi, ABŞ-ın Avropa Birliyindən, Kanadadan və Meksikadan alüminium və polad ixracına tətbiq etdiyi gömrük rüsumları, həmçinin iqlim üzrə Paris sazişi kimi məsələlərdə razılıq əldə olunmalıdır.

Fransa prezidenti hesab edir ki, G7-dəki digər ölkələr də Trampın gömrük rüsumları ilə bağlı qərarına qarşı birlikdə çıxış etməlidir.

G7 ölkələrinin maliyyə nazirləri və Mərkəzi Banklarının rəhbərləri də birgə bəyanat yayaraq ABŞ-ın yeni rüsum tətbiqindən narahatlıq ifadə ediblər.

“The Atlantic” yazır ki, Trampın Almaniya kansleri Angela Merkelə xoş olmayan münasibəti Ağ Evlə alman hökuməti arasında dərin antipatiya yaradıb. ABŞ prezidenti Almaniyanı ticarətdə çox pis tərəfdaş adlandırıb və bildirib ki, Berlin Avropa Birliyindən istifadə edərək Avropada hökmranlıq edir.

“Politbarometer”in keçirdiyi son sorğu üzə çıxarıb ki, almanların cəmi 14 faizi ABŞ-ı etibarlı müttəfiq sayır. Maraqlıdır ki, almanlar bu istiqamətdə Çinə (43 faiz) və Rusiyaya (36 faiz) daha çox etibar edirlər.

İyunun 6-da Merkel Avropa ölkələrinə müraciət edərək onları İranla nüvə sazişi və rüsum məsələsində ABŞ-a qarşı vahid mövqe sərgiləməyə çağırıb.

İlkin məkumatlara görə, Kanada, ABŞ, Yaponiya, Böyük Britaniya, İtaliya, Fransa və Almaniya sammit çərçivəsində bir sıra siyasi, iqtisadi, sosial və ekoloji məsələləri müzakirə etməyi planlaşdırır. Gündəlikdə gender bərabərliyi və iqlim problemləri də var.

Mütəxəssislərin qənaətinə görə, İranla nüvə sazişi və ABŞ-ın tətbiq etdiyi məlum gömrük rüsumları sammitin ana mövzuları olacaq.

Fransa maliyyə naziri Bruno Le Meyr Kvebekdəki sammiti “Böyük altılıq”ın ABŞ-la görüşü kimi xarakterizə edib. Göründüyü kimi, Trampın siyasəti Vaşinqtonu bütün müttəfiqləri ilə münaqişəli duruma salıb.

“Bizim niyyətimiz ABŞ hökumətinin sağlam düşünmək qabiliyyətini bərpa etməkdir”, – deyə nazir Le Meyr qeyd edib.

Qərb KİV-lərinin yazdığına görə, Trampın Fransa prezidenti və Kanada baş naziri ilə son danışıqları gərgin olan vəziyyəti bir qədər də pisləşdirib.

Ağ Evdəki mənbə CNN-ə bildirib ki, Trampla Makronun söhbəti dəhşətli dərəcədə pis keçib.

Makron özü isə bildirib ki, Trampla söhbəti Bismarkın sosiska ilə bağlı dediklərinə bənzəyir: “Bismark deyirdi ki, əgər biz insanlara sosiskanın nədən hazırlandığını desək, çətin ki, onu yeyərlər”.

Trampın Kanada baş naziri Castin Tryudo ilə söhbəti isə əməlli başlı qalmaqal yaradıb. Baş nazir rüsum tətbiqi ilə bağlı narazılığını ifadə edəndə Tramp ona 200 il əvvəlki olayları xatırladıb. “Məgər, Ağ Evi yandıran sizlər deyildiniz?!”, deyən, Tramp 1812-1815-ci ildə ABŞ-la Britaniya (həmin vaxt Kanada Britaniyanın müstəmləkəsi idi və britaniyalılar Vaşinqtonu ələ keçirmişdilər) arasında savaşı xatırladıb.

“G7-nin birgə bəyannaməsi ABŞ olmadan da imzalana bilər”. Bu bəyanatla Fransa prezidenti Emmanuel Makron “Twitter” hesabındakı paylaşımında çıxış edib.

Onun sözlərinə görə, 6 ölkə dünya iqtisadiyyatında ABŞ-sız da böyük rola sahibdir: “ABŞ prezidenti izolyasiyaya qarşı deyil. Elə biz də razılaşmanın altı ölkə tərəfindən imzalanmasının əleyhinə deyilik. Bu altı ölkə dəyərləri təmsil edir və onların arxasında beynəlxalq güc dayanır”.

Son açıqlamalarının birində Makron onu da bildirmişdi ki, dünya gücləri hansısa ölkənin (ABŞ-ı nəzərdə tutur:red) dünya iqtisadiyyatında hegemonluğuna imkan verməyəcək: “G7-nin altı ölkəsi birgə ABŞ-sız da böyük bazarı təşkil edirlər. Dünya hegemonluğu olmayacaq”.

Trampın sözü Britaniya baş naziri Tereza Meylə də çəp düşüb. ABŞ prezidenti sammit çərçivəsində Meylə keçirəcəyi görüşü təxirə salıb.

Qərb mətbuatının yazdığına görə, bütün məsələ Trampın Britaniya baş nazirinə münasibətinin yaxşı olmamasındadır. ABŞ prezidentinin yaxın ətrafının dediyinə görə, Tramp Tereza Meyin “müəllimsayağı tonundan”yorulub.

“O, sanki məktəb müəlliməsidir. Düşünmürəm ki, kimsə onunla yaxşı münasibət qura bilir”, – deyə iki liderin görüşündə iştirak edən mənbə bildirib.

Mətbuatın iddialarına görə, Britaniya baş nazirinin tez-tez nələrisə xahiş etməsi də ABŞ prezidentini qıcıqlandırır və o hesab edir ki, Mey bu yolla Vaşinqtonla münasibətlərdən faydalanmağa cəhd edir.

CNN hesab edir ki, narazılıqlara baxmayaraq, ABŞ-la Avropa arasında yaranmış gərginliyi çox şişirtməyə dəyməz: “Ümumi çiçəklənmə və təhlükəsizlik naminə bu alyansda hər bir ölkənin o biri ölkəyə ehtiyacı var. Tramp və onun üslubu Avropa liderlərinin xoşuna gəlməyə bilər. Amma ABŞ prezidenti olduğu müddətdə onun mövqeyilə barışmağa məcburdular”.

Strateq.az

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net