Ana səhifə

ÇİN AMERİKAYA CAVAB ZƏRBƏLƏRİ ENDİRİR! – Nəhənglərin ticarət müharibəsi təhlükəli fazaya keçir

    Tarix: 07-04-2018 10:29   

 




Çin iki gün bundan öncə Amerikanın soya paxlasına, avtomobillərinə, kimya məhsullarına və 50 milyard dollar həcmindəki digər mallarına gömrük rüsumu tətbiq etmək planını açıqlayıb. Bu isə Birləşmiş Ştatlara qarşı cavab zərbəsi hesab olunmalıdır və vəziyyətin belə davam etməsi iki ölkə arasındakı qarşıdurmanı geniş miqyaslı ticarət müharibəsinə gətirib çıxara bilər.
Çinli məmurlar öz ölkələrinə daxil olan 106 adlı Amerikan məhsulunun qiymətini bahalaşdırmaq planlarını açıqlayıblar. Bu plan ABŞ-ın fermer təsərrüfatı zolağına -kənd təsərrüfatı rayonlarına təsir etməyi nəzərdə tutur. Həmin rayonlar Trampın əsas siyasi dəstəyini təşkil etməklə yanaşı Çinin supermarketlərinin anbarlarının ən böyük təchizatçılarıdır.
Pekinin yeni rüsumların tətbiqini elan etməsi Tramp administrasiyasının Çindən ABŞ-a gələn təyyarə və avtomobil hissələrinə, televizorlara, polada və digər mallara qarşı 50 milyard dollar həcmində özünün həyata keçirəcəyi məhdudiyyət tədbirlərini açıqlamasından sonra başlayıb.
Yeni məhdudiyyət tədbirləri qarşıdurmanın güclənəcəyi təhlükəsini artırmaqla yanaşı hər iki ölkənin əmək bazarına və iqtisadi inkişafına neqativ təsir göstərəcək.
İnvestorlar maliyyə bazarlarını çökdürüblər. Onlar iki ölkə arasında tarif müharibəsinin davam edəcəyi ilə əlaqədar olaraq maliyyə bazarlarından uzaqlaşırlar. İndi əsas məsələ hər iki tərəfin danışıqlar masası arxasına keçməmişdən öncə bir-birlərini cəzalandırmaq məqsədiylə necə aktivləşəcəkləridir. Yeni tariflərin qüvvəyə minəcəyi tarix tam bəlli deyil.
Hələlik tarif müharibəsi iki ölkə arasındakı əsas hissəyə təsir göstərmir. ABŞ və Çin arasında illik ticarət dövriyyəsi 650 milyard dollardır. Və hər halda iqtisadçıların fikrinə görə, əgər iki tərəf tezliklə öz aralarındakı fikir ayrılıqlarının necə həll olunması yolunu tapmazlarsa, onda bu qarşıdurma dünya iqtisadiyyatında mühüm rol oynayan ticarət əlaqələrinin sürətlə pisləşməsi ilə nəticələnəcək.
Şanxayın “Fundan” universitetinin baş elmi işçisi Çze Jao deyir: ”Əgər bu qarşıdurma iradə və ambisiya mübarizəsinin sınaq meydanına çevrilərsə, onda bu böyük səhv olar. Biz danışıqları peşəkarcasına aparmalıyıq. Elə etməliyik ki, ortada daha az ideologiya və emosiya olsun”.
Çin hakimiyyətinin yüksək bəlağətə baş vurmasına baxmayaraq, onlar münaqişənin kəskinləşməsindən qaçmaq istədiklərini bildiriblər. Çinin maliyyə nazirinin müavini Çju məsələ ilə bağlı bildirib: “Çinin mövqeyi aydındır. Biz ticarət müharibəsini istəmirik, çünki ticarət müharibəsi hər iki ölkənin maraqlarına ziyan vuracaq”.
Amma Çin Amerikaya qarşı duruş gətirərək öz mövqeyini başqa üsullarla geri qaytara bilər. Çin hakimiyyətinin ölkənin daxili iqtisadiyyatını, KİV-lərini və “evdəki” interneti güclü nəzarət altında saxlaması, onlara ictimai düşüncəni əhəmiyyətli dərəcədə idarə etməyə və çinli istehlakçılara yönəlmiş təsirləri minimuma salmağa yardım göstərir.
Keçmişdəki siyasi münaqişələr zamanı Çin öz istehlakçılarını səfərbər edərək, onları Yaponiya, Filippin və Cənubi Koreya mallarına ikrahla yanaşmağa sövq edə bilmişdi. Lakin hər halda çinli istehlakçıları “Iphone” və “Şevrolye” almaqdan imtina etdirmək yəqin ki, çətin olacaq.
Hər iki ölkə gələcəyi nəzərə alaraq münaqişə edir. Prezident Tramp Çinə qarşı özünün sonuncu tarif zərfini tətbiq edəndə, o, Pekinin ölkə iqtisadiyyatını gələcəyin texnologiyası üzərində cəmləməyə çalışdığını nəzərə alıb.
Məlum “Made in China 2025” (Çində istehsal olunub 2025) proqramı çərçivəsində Çin robototexnikasında, aeorokosmik və elektromobil istehsalı sahəsində qabaqcıl texnologiyalardan yararlanmaq istəyir.
Çinlilərin dövlətdən dotasiya alan bu proqramları dünya bazarında yeni rəqiblərin yaranmasına gətirib çıxara bilər ki, bu da əksər Avropa və Amerika şirkətlərini qorxudur. Bu arqument Tramp administrasiyasının dəstəyini qazanıb. Bəzi şirkətlər deyirlər ki, əgər onlar mallarını Çində satmaq istəyirsə, onda Pekin onları öz texnologiyalarını Çinə verməyə məcbur edir. Amma Çin hakimiyyəti bu bəyanatları təkzib edir.
Hər halda Çin “Made in China 2025” proqramında yer almış strategiyanı müzakirə etməyə xüsusi maraq göstərmir. Çinin dövlət KİV-lərində dərc olunmuş məqalələrin birində deyilir: “Qabaqcıl istehsal üsullarının inkişaf etdirilməsi Çinin emal sənayesinin yenidən qurulması, modernləşmənin ayrılmaz tərkib hissəsi və vacib tələbi olmaqla yanaşı, Çin iqtisadiyyatının yeni keyfiyyətli inkişaf mərhələsinə keçilməsi vasitəsidir”.
Hal-hazırda Çin tərəfindən tətbiq edilən tariflər Tramp administrasiyası üçün daha ciddi problemlər törədə bilər.
Çinin tətbiq etdiyi tariflər amerikanların istehsal etdikləri xeyli adda məhsula şamil edilsə də, amma bu daha çox soya paxlası, qarğıdalı, pambıq, ət, dondurulmuş portağal şirəsi, tütün və viski kimi kənd təsərrüfatı mallarına toxunur. Həmin məhsulların əksəriyyəti Republikaçıların lider mövqedə dayandığı ştatlardan ixrac edilir. Belə halda bu ştatların qanunvericiləri Trampa müəyyən təsir göstərib, onu ticarətlə bağlı verdiyi sonuncu qərarlarından vaz keçməyə inandıra bilərlər.
O ki qaldı sənaye mallarına, yeni Çin tarifləri avtomobillərə və avtomobillərin ehiyat hissələrinə, plastmasdan olan məmulatlara, aerokosmik və kimya sənayesi məhsullarına aid olunur. Həmin növ məhsulların çoxunu Avropa şirkətləri də istehsal edir ki, bu da Çin alıcılarına seçmək imkanı verir. Yeni tariflər 25 faiz Amerikan məhsullarına tətbiq olunur.
Prezident Trampı münaqişənin qızışdırılmasında ittiham edən Çin hakimiyyəti ticarət qaydalarını müəyyənləşdirən və yaranmış mübahislər zamanı vasitəçi rolu oynayan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) müraciət edib. Amma hər iki ölkənin ÜTT–nın cəzaları ilə üzləşə bilmək riskləri var. ÜTT Tramp administrasiyasını tarif tətbiq etməkdə, Çin isə heç bir analız aparmadan buna qarşı cavab tədbirləri görməkdə töhmətləndirilə bilər.
Şanxaydakı “Fundan” universitetinin Amerika araşdırmalar mərkəzinin direktor müavinə məsələ ilə bağlı deyib: ”ABŞ və Çinin intellektual mülkiyyət və açıq bazar məsələsində yeni konsensusa gəlməsi üçün həlledici an gəlib çatıb. Əks təqdirdə ticarət aparmaq hədsiz dərəcədə çətin və qeyri-sabit bir vəziyyət alacaq”.
(“The New York Times”-ABŞ)
шаблоны для dle 11.2

Ən çox oxunanlar
Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net