Ana səhifə

Rusun “fantastik silahları”, erməninin şantajı, Bakının avantajı

    Tarix: 05-03-2018 09:08   


Ermənistan: Rusiyanın “kağız üzərində” müttəfiqi, yoxsa...; Putinin Qərbə son mesajı işğalçını ruhlandırıb – səbəb; Kremlin açıqladığı yeni təhlükəsizlik konsepsiyasında əsas hədəf və Moskva-İrəvan müttəfiqliyinə Azərbaycan və Türkiyə əbədi əngəl kimi...

Ötən həftənin yadda qalan olaylarından biri də Rusiya prezidenti Vladimir Putinin Federasiya Şurasında etdiyi çıxış zamanı Qərbə ünvanlandığı açıq təhdid mesajı oldu. Yeni Milli Təhlükəsizlik Konsepsiyasından danışan Kreml başçısı Rusiyanın faktiki surətdə istənilən ölkəyə zərbə endirə biləcəyi ilə hədələdi.

Putin bildirdi ki, Rusiyaya və ya onun müttəfiqinə qarşı kiçik, orta və ya istənilən gücdə nüvə hücumunu Rusiyaya qarşı hücum hesab edəcək və dərhal, adekvat cavab verəcək. Müttəfiq deyərkən isə ilk növbədə KTMT-yə üzv ölkələrin nəzərdə tutulduğu deyilir. Bundan əlavə, Rusiya lideri ən yeni və analoqu olmayan silahları, o sırada nüvə yanacağı ilə işləyən, səmada uzun müddət qala bilən və radarlarla tutulub məhv edilməsi mümkün olmayan yeni nəsil raketləri qrafika ilə təqdim etdi.

Müşahidəçilərə görə, Rusiyanın təqdim etdiyi “fantastik silahlar” kifayət qədər böyük dağıdıcı gücə malikdir. O üzdən Qərbdə Kreml başçısının son mesajını ciddiyə almaqla yanaşı, müəyyən mənada yeni hərbi ritorikanın təzahürü kimi qiymətləndirdilər.

*****

Putin silahlar haqda ile ilgili görsel sonucu

Putinin haqqında danışdığı silah növləri hələ ki, dünyada ikinci bir ölkədə yoxdur. Görünür, o üzdən açıqlama ən çox KTMT üzvü olan Ermənistanda ruh yüksəkliyi yaradıb. Moskvanın həmin silahları işğalçı ölkəyə Azərbaycana qarşı istifadə eləmək üçün verə biləcəyi ilə bağlı ümid peyda olub.   

“Yeni Müsavat”ın məlumatına  görə, Lragir.am saytının Putinin çıxışına həsr elədiyi şərh yazısı bu xüsusda diqqət çəkir. Sayt yazır: “Böyük dövlət öz müttəfiqi ilə bağlı necə davranmalıdır? Məsələn, ABŞ prezidenti bəyan edib ki, kim İsrailə ”toxunsa", ABŞ-a “toxunmuş” olacaq. Rusiya nümunəsində isə sual yaranır: onun müttəfiqləri kimdir və onlara qarşı Moskva öz öhdəliklərini yerinə yetirirmi? Sual Ermənistan timsalında xüsusilə aktualdır - hərgah, aprel müharibəsindən sonra belə görünür ki, Moskva bu sahə üzrə müəyyən düzəlişlər edib. Putinin sözləri ideyaca, əslində birbaşa Ermənistana aiddir. Birdən Türkiyə bizə zərbə endirdi? Rusiya o zaman “kağız anlaşması”na əsasən cavab zərbəsi endirəcəkmi? Bu planda Ermənistana “İsgəndər” raket komplekslərinin verilməsi ilə bağlı məqamı nəzərə almaq lazım gəlir. Yəni ən yaxşısı, elə silahları birbaşa müttəfiqə verməkdir - xüsusən də ciddiyə alsaq ki, Azərbaycan Rusiyanın cavab zərbəsi endirməyəcəyinə əmindirsə. Bu nöqteyi-nəzərdən qəliz regional situasiya nəzərə alınmaqla, Rusiyadan “fantastik silahlar” almağı gözləyə bilərikmi?"

kreml ile ilgili görsel sonucu

Bu, əslində ermənilərin Moskvaya qarşı növbəti şantajıdır. Yəni belə çıxır ki, Qarabağ savaşında Rusiya ermənilərə birbaşa dəstək verə bilmirsə, qoy onda heç olmasa, onlara yeni silahlardan versin ki, Azərbaycanı “ram edə” bilsinlər...

*****

Lakin vəziyyət göründüyündən xeyli qəlizdir. Şübhə yox ki, sərt sanksiya rejimi altında olan Rusiya Putinin dili ilə bir növ Qərbə, ABŞ-a “əzələ nümayiş” etdirmək, sanki sanksiyaların təsirsiz olduğunu göstərmək istəyir, eyni zamanda, daxili ictimai rəyə “gümrahlaşdırıcı” bir mesaj göndərilir. Əksər ekspertlər isə hesab edir ki, iqtisadi göstəriciləri zəifləməkdə olan Rusiyanın sürətlənmə silahlanma yarışından qalib çıxması qeyri-mümkündür və sonucda o, SSRİ-ni aqibətini yaşamalı olacaq. Yəni süqut edəcək.

Politoloq Qabil Hüseynli də hesab edir ki, Putin dünyanı sürətlə silahlanmaya təhrik edir. Onun qənaətincə, Rusiyadan fərqli olaraq, Qərb, ABŞ müharibə arzulamır. “Rusiyanın əsas hədəfi postsovet ölkələrini və keçmiş Varşava Müqaviləsi Təşkilatına üzv olmuş dövlətləri öz təsir dairəsinə qaytarmaq, Avropa İttifaqının birliyini pozmaqdır. Buna qarşı ABŞ-ın atdığı istənilən addımı Kreml ekspansiya kimi qəbul edir. Təəssüf ki, son vaxtlar Çin də dünya düzənini pozmaqda Rusiya ilə həmrəylik nümayiş etdirir”, - deyə politoloq qeyd edib.

Trump Putin ile ilgili görsel sonucu

Şübhəsiz ki, Putinin son mesajı xüsusən də ABŞ-ı Rusiyanı cilovlamaq yönündə səyləri artırmağa, o sırada Rusiya ilə həmsərhəd müttəfiq və tərəfdaş ölkələrin təhlükəsizliyini gücləndirmək yönündə yeni planlar cızmağa vadar edəcək. Təsadüfi deyil ki, Putinin bəyanatıtdan cəmi bir gün sonra ABŞ Krıma və Donbasa görə Rusiya əleyhinə tətbiq edilən sanksiyaların müddətini daha bir il uzadıb. ABŞ Konqresi isə nəhayət, Ukraynaya ölümcül silahlardan olan “Cevelin” müasir sistemlərini vermək barədə qərar çıxarıb. Az öncə eyni qərar Gürcüstanla bağlı verilmişdi.

*****

Bizi isə, təbii ki, Ermənistanın yeni situasiyada özünü necə aparması daha çox ilgiləndirir. İşğalçı ölkənin Rusiyadan yeni silahlar almaq istəyi ətrafında situasiyanı sözsüz ki, daha çox Azərbaycan izləməlidir və yəqin ki, izləyir də. Məsələ ondadır ki, Ermənistanın Rusiya xaric, digər ölkələrdən keyfiyyətli və ucuz silahlar almaq imkanı yoxdur. Buna Moskva heç izn də verməz.

Azərbaycandan ötrü isə belə problem, maliyyə əngəli mövcud deyil. Bakı silahlanma siyasətini şaxələndirib və hətta Rusiyanın yeni “fantastik silahları”ndan da əldə etmək iqtidarındadır. Ruslara ən əvvəl pul lazımdır. Odur ki, Putinin mesajını Bakı üçün işğalçı önündə müəyyən mənada əlavə avantaj hesab eləmək də mümkündür.  

Ən azı, ildən-ilə öz hərbi sənaye kompleksini gücləndirən və getdikcə böyük silah tədarükçüsünə çevrilməkdə olan qardaş Türkiyə kimi müttəfiqimiz var. Yeri gəlmişkən, Türkiyə təkcə son illərdə müdafiə sənayesi sahəsinə 35 milyard dollar investisiya yatırıb. Bunu baş nazir Binali Yıldırım deyib. Baş nazir onu da bildirib ki, son illərdə Türkiyənin müdafiə sənayesi məhsullarının ixrac həcmi 2,5 milyard dollara çatıb. Əlavə edib ki, Türkiyə regionda hərbi baxımdan aparıcı ölkə olmaq niyyətindədir.

Bu, əlbəttə ki, tam realdır və Azərbaycanın da izlədiyi hədəfidir. Çünki Türkiyənin güclənməsi Azərbaycanın güclənməsi, Qarabağ məsələsinə Azərbaycanın artan təsiri deməkdir. Aydındır ki, supergüc Türkiyə regionda tərəfdaşlıq elədiyi Rusiya ilə bir çox məsələlərdə, o cümlədən Qarabağ məsələsində daha tez anlaşmaq imkanındadır. Türkiyə və Azərbaycanın Rusiya üçün strateji əhəmiyyətini nəzərə alınarsa, ümumiyyətlə, hesab etmək olar ki, Türkiyə ilə Azərbaycan Moskva-İrəvan müttəfiqliyinə əbədi əngəl olaraq qalacaq. Erməniləri hər şeydən öncə təlaşda saxlayan budur...

“Yeni Müsavat”ın analitik xidməti

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net