Ana səhifə

ABŞ-ın sanksiyası - Putin əleyhinə daxildən bunt hazırlanır

    Tarix: 01-02-2018 08:48   
  ABŞ-ın sanksiyası - Putin əleyhinə daxildən bunt hazırlanır
Adı siyahıda olan azərbaycanlı iş adamı hesab edir ki, Vaşinqtonun məqsədi Rusiya elitasının sıralarını parçalamaqdır

ABŞ Maliyyə Nazirliyinin Konqresin 2017-ci ilin iyulunda qəbul etdiyi və avqustun 2-də prezident Donald Tramp tərəfindən imzalanaraq qüvvəyə minən sanksiya qanunu əsasında hazırladığı “Kreml hesabatı” adlı sənədi qanunverici orqana təqdim etməsi, sənəddə Rusiya prezidenti Vladimir Putin istisna olmaqla, demək olar bütün Rusiya siyasi elitasını, çoxlu sayda oliqarxları sanksiya hədəfi olaraq göstərməsi böyük rezonans doğurub. Hər kəs hadisələrin bundan sonra necə inkişaf edəcəyi sualına cavab axtarır.

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, Putinin ətrafını onun özünə qarşı qaldırmaq istəyirlər. Bu sanksiyalar Rusiyanın iqtisadi sistemini ciddi xaosa apara bilər. Həmin oliqarxların və iri məmurların sabah işlərində ciddi problemlər meydana gəldikcə onlar, əlbəttə, bunun səbəbləri barədə düşünəcək. Bu sanksiyalar əsasən hərbi sənaye sahələrinə, hərbi sənaye məhsullarının satışı sahələrinə və ayrı-ayrı fərdlərə tətbiq edilməklə oliqarxların işinə çox ciddi mənfi təsir göstərəcək. Rusiyanın maliyyə bank sisteminin çökdürülməsi üzərində ABŞ qızğın iş aparır. ABŞ-ın maliyyə naziri bəyan etdi ki, sanksiyaların üçüncü mərhələsi hazırlanır. Bütün bunların çox ciddi nəticələr doğuracağı şübhəsizdir. Əvvəla, Rusiyadan Qərb şirkətlərinin böyük əksəriyyəti çıxıb. İndi bu sanksiyalardan sonra yerdə qalan şirkətlər də Rusiyanı tərk edəcək. Üstəlik, bu yaxınlarda Rusiyanın özü elan etdi ki, ölkədən 100 milyard dollara qədər vəsait çıxarılıb. Bu, Rusiya iqtisadiyyatı üçün çox böyük məbləğdir və bu fakt onu göstərir ki, ölkədən sərmayə qaçır, yeni böyük yatırımlar isə gözlənilmir".


Politoloq hesab edir ki, Amerikanın əsas fikri Rusiyanın silah sənayesini sıradan çıxarmaqdır: “Hətta bu yaxınlarda məlumat yayıldı ki, oliqarxların bəziləri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin nümayəndəsinin iştirakı ilə gizli toplantı keçiriblər və bildiriblər ki, onlara qarşı sanksiyalar tətbiq edilməsə, gələcəkdə Putinə qarşı ediləcək çıxışlara və mitinqlərə vəsait ayıra bilərlər. Göründüyü kimi, ABŞ-ın həm kəşfiyyat orqanları, həm də digər orqanları Rusiyanın daxilində ciddi işlər aparır. Ölkədə anti-Putin çıxışlarının böyük miqyas alması üçün ciddi işlər həyata keçirilməkdədir. Proseslərin gedişindən belə görünür ki, Vladimir Putinin seçilməsi yolunda ciddi əngəllər olacaq. Seçkidən sonra da proseslər səngiməyəcək. Rusiyada çox böyük kütləvi etirazların baş qaldırması ehtimalı getdikcə artır. Putinin belə şəraitdə seçki keçirməsi asan olmayacaq. Məncə, Rusiyanın bu təzyiqlər qarşısında uzun müddət davam gətirəcəyi ağılabatan görünmür".

Politoloq Elçin Mirzəbəyli isə bildirib ki, “Kreml hesabatı” miqyasına və sənəddə adıçəkilən şəxslərin statusuna görə dünyanın siyasi tarixində bu günədək analoqu olmayan bir hesabatdır.



Hesabatda Rusiya prezidenti istisna olunmaqla, faktiki olaraq dövlətin bütün rəhbər şəxslərinin adlarının yer alması Vaşinqtonla Moskva arasında hərbi məsələlər istisna olunmaqla, bütün dialoq körpülərinin bağlanması deməkdir. Siyahıda adı olan şəxslərə avtomatik olaraq sanksiyaların tətbiqi nəzərdə tutulmasa da, bu hər zaman baş verə bilər. Çünki hesabat sanksiya qanunu əsasında hazırlanıb və təbii ki, bu qanundan irəli gələn hüquqi addımların atılması üçün heç bir maneə yoxdur. Hesabatın nə dərəcədə effektiv olub-olmadığı təbii ki, mübahisəli məsələdir. Amma görünən odur ki, ABŞ Rusiya prezidentinin komandasını və yaxın ətrafını “qanundankənar” elan edib: “Hesabat, zənnimcə, son xəbərdarlıq xarakteri daşıyır.



Artıq xeyli müddətdir ki, haqqında danışılan ”Kreml hesabatı"nın məhz indi, Rusiyada mart ayında keçiriləcək prezident seçkisi öncəsi və seçki kampaniyasının başladığı bir dövrdə Konqresə təqdim olunması və qismən ictimailəşdirilməsi də təsadüfi deyil. Zaman seçimi hesabatın məhz prezident seçkisi öncəsi Vladimir Putinə təzyiq məqsədilə açıqlandığı təəssüratını yaradır.

Hesabatdan da göründüyü kimi, Rusiyaya gəlir gətirən bütün sektorların rəhbərləri hədəfə alınıb. Adıçəkilən şəxslərin arasında enerji sektoruna rəhbərlik edən şəxslərin adı ön sırada gəlir. İkinci sırada Rusiyanın maliyyə sektoru gəlir. Putinə yaxın olan iş adamlarının adının siyahıya salınması isə Rusiyanın siyasi hakimiyyətinin maliyyə qaynaqlarına zərbə vurulmasına hesablanıb".



ABŞ-ın sözügedən siyahısına adı daxil edilən Azərbaycan əsilli məşhur milyarder iş adamı Araz Ağalarov da məsələyə dünən münasibət bildirib. “Komsomolskaya pravda” qəzetinə şərhində A.Ağalarov deyib ki, o da başqaları kimi siyahıya adı daxil edilənlərə qarşı hansı sanksiyaların tətbiq ediləcəyindən xəbərsizdir: “Yəni başımıza nə gələcək, kobud desək, Birləşmiş Ştatlar bizə hansı hökmü çıxaracaq, heç kim bilmir. Və mən başa düşmürəm ki, nəyə görə hamı bu siyahıya görə belə həyəcanlanır. Bu nə siyahıdır axı? Birinci və ikinci, sadəcə olaraq, Rusiya Prezident Administrasiyasının və hökumətin telefon məlumat kitabçasından götürülüb... Üçüncüsü isə ”Forbs"dan. Sadəcə olaraq, ilk yüzlük. Siyahı bu prinsip əsasında hazırlanmayıb ki, kim hakimiyyətə daha yaxındır, yaxud uzaqdır. Sadəcə olaraq, siyahı xatirinə..."

Azərbaycanlı oliqarx deyib ki, adının həmin siyahıya daxil edilməsindən diskomfort yaşamır. “Xeyr... Nə diskomfort?... Mənim qızım Birləşmiş Ştatlardadır. Və arvadım. Əgər hakimiyyət məni ora buraxmasa, ünsiyyət saxlamaq bir qədər mürəkkəbləşəcək. Əlaqə birtərəfli olacaq. Belə diskomfort əlbəttə, var. Ayrı nə diskomfort?”


Adı siyahıda olan digər azərbaycanlı milyarder Fərhad Əhmədov da məsələyə münasibət bildirib. Virtualaz.org-un RBC-yə istinadən verdiyi xəbərə görə, F.Əhmədov deyib ki, bu sanksiya siyahısı tamamilə siyasi xarakter daşıyır. Fərhad Əhmədov əlavə edib ki, siyahı tələm-tələsik, hər hansı ciddi araşdırmalar aparılmadan tərtib edilib: “Siyahı Konqresin tələbi əsasında hazırlanıb və anti-Rusiya tədbirlərindən biridir. Məmurlar tərəfindən hazırlanıb. Onlar isə əllərinə birinci keçən ”obyektiv" kriteriyaları götürüblər, internetdə qurdalanıblar və 20 dəqiqəyə siyahı hazırlayıblar. Tapşırıq yerinə yetirilib. Kapitoli təpəsindəki “daydaylar” qəzəblənməsinlər deyə ora hansısa “Məxfi hissə” də əlavə ediblər. Lakin hələlik sanksiyalardan söhbət getmir. Bu, səthidir. Ancaq daha ciddi məqam da var. Rusiyaya, onun rəhbərliyinə və elitasına qarşı yönəlmiş məqam".

F.Əhmədov hesab edir ki, Vaşinqtonun məqsədi Rusiya elitasının sıralarında parçalanma yaratmaqdır. Deməli, əsas istiqamət bunt qaldırmaq yox, elitanı parçalamaqdır: “Bununla qorxu hissi yaratmaq, qeyri-müəyyənlik formalaşdırmaq və yekunda ölkə rəhbərliyindən narazılıq yaratmaq istəyirlər. Ancaq doğrudanmı kimsə düşünə bilər ki, Vaşinqton qarşısında yaxşı görünmək naminə prezidentin administrasiyaya və hökumətə təyin etdiyi adamlar ona qarşı qəsdə əl ata bilərlər? Əlbəttə, yox”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net