Ana səhifə

Trampın Rusiya ilə əlaqələri təsdiqini tapır - İngilis kəşfiyyatçının söylədikləri doğrulanır

    Tarix: 10-10-2017 08:51   
Trampın Rusiya ilə əlaqələri təsdiqini tapır - İngilis kəşfiyyatçının söylədikləri doğrulanır
ABŞ prezidneti Donald Trampın 2016-cı il prezident seçkiləri öncəsi Rusiya ilə əlaqələri ABŞ Konqresi tərəfindən araşdırılmaqda davam edir.



Böyük Britaniyanın “The Guardian” qəzetini yazarı Culian Borger isə bu ilin əvvəllərində Böyük Britaniyanın xarici kəşfiyyatının (Mİ-6) keçmiş əməkdaşı Kristofer Stilin Tramp-Rusiya bağlantıları barədə məruzə-hesabatında sadalanan faktların tədricən öz təsdiqini tapdığını qeyd edib.



Müəllif britaniyalı kəşfiyyatçının bu yaxınlarda Rusiyanın 2016-cı il seçkilərinə müdaxilə etməsini araşdıran xüsusi prokurorun (Rober Müller) müstəntiqləri tərəfindən dindirilidiyini yazır.







Əvvəllər məsələ ilə əlaqədar Stil tərəfindən gətirilən dəlil və faktların mötəbərliyinə şübhə ilə yanaşan Senat və Nümayəndələr palatasının üzvləri indi şəxsən onun özü ilə görüşməyə can atıblar. Nümayəndələr palatasının kəşfiyyat komitəsini üzvü Adam Şiff Stilin dosyesinin hadisələrin araşdırılması üçün olduqca faydalı və vacib vasitə olduğunu söyləyib.



Dosyedə öncə Kremlin hazırda Ağ Evə rəhbərlik edən adamla uzun illər boyunca kontakt qurmaq istədiyi, habelə, Tramp və onun komandasının seçkilərdə qalib gəlmək məqsədilə Moskva ilə “əlbir” olmasından söhbət açılıb.


“Əlbirlik” məsələsi Tramp-Moskva münasibətlərinin bütün araşdırmalarının mərkəzində duran mövzuya çevrilib. Hətta Senatın nüfuzlu respublikaçı üzvlərindən və kəşfiyyat komitəsinin sədri Riçard Berr də bu məsələnin açıq qaldığını etiraf edib.





Riçard Berr hətta ABŞ-ın 3 əsas təhlükəsizlik orqanı - FTB, MKİ və MTA-nın Rusiyanın Trampın qalib gəlməsi üçün çoxşaxəli kampaniya aparması barədə gəldiyi nəticələri əsaslı hesab edib.


Adı çəkilən hər üç dövlət qurumu əvvəldən Kristofer Stilin gəldiyi nəticələrə ciddi yanaşıblar.

“Mənim MKİ-dən olan keçmiş həmkarlarımdan bir çoxu Stilin dosyesinin mühüm olduğuna inandılar. Təkcə ona görə yox ki, onların Trampdan zəhlələri gedir. Bu peşəkarlar Rusiyanın işləmə metodları haqqında biliklərə malik olduğuna görə, Stilin versiyasının həqiqətəuyğunluq potensiyalına malik olduğunu qəbul etdilər”, - Borger MKİ-ni Milli məxfi xidmətinin keçmiş yüksək rütbəli zabiti Con Sayferin “Just Security” saytına veridiyi müsahibədən sitat gətirib.

Yazıda faktların bir-bir ortaya çıxması ilə Kristofer Stilin dosyesinə olan inamın hər gün getdikcə artdığı vurğulanır.

Bunlardan biri də prezidentin oğlu, kiçik Donald Trampın və kürəkəni Cared Kuşnerin rusiyalı hüquqşünas Nataliya Veselnitskaya ilə 2016-cı il iyunun 9-da “Tramp Tauer”də görüşməsinin mətbuata sızdırılmasıdır.



Kristefer Stilin dosyesində görüşün dəqiq detalları göstərilməsə də, rusiyalı agentlərin Trampın yaxın çevrəsinə Hillari Klinton əleyhinə materiallar ötürdüyü tam bir il öncədən anons edilmişdi. Stilin dosyesində Tramp tərəfindən bu kontaktlara onun seçki qərargahının rəhbəri Pol Manafortun cavadeh olduğu göstərilib. Manafort özü də iyunun 9-da “Tramp Tauer”dəki görüşdə iştirak edib. Sonradan Manafortun firmasının Ukraynanın rusiyapərəst qüvvələri tərəfindən 17 milyon dollar pul aldığı bilindi.





Kristofer Stilin dosyesində adı çəkilən fiqurlardan biri də Karter Peycdir. Stil onu Manafortla Moskva arasında körpü adlandırır. Peycin Rusiyanın neft nəhəngi “Rosneft”in rəhbərlərindən və Kremlin yüksək rütbəli məmurlarından İqor Diveykinlə görüşdüyü də təsdiqini tapıb.


Kristofer Stilin dosyesində Mixail Kulaqin ad-soyadlı bir adamdan bəhs edilir. Dosyedə Kulaqinin 2016-cı ilin sentyabrında Rusiyanın Vaşinqtodakı səfirliyindəki vəzifəsindən təcili şəkildə uzaqlaşdırıldığı qeyd olunur. Belə ki, həmin vaxt Kulaqinin prezident seçkilərinə təsir göstərməklə bağlı fəaliyyəti ortaya çıxıbmış. Lakin Rusiyanın diplomatik nümayəndəliyində bu adda diplomata rast gəlinmir. Əvəzində isə 2016-cı ilin avqustunda səfirlikdəki işini təcili tərk edən Mixail Kaluqin adlı diplomatın olduğu ortaya çıxıb.



“McClathy” saytının verdiyi məlumata görə, məhz elə həmin Kaluqinin bu fəaliyyətlə məşğul olduğu və casusluq işlərini yürütdüyü müstəntiqlər tərəfindən müəyyən edilib.


Bundan başqa, Stil rusiyalı hakerlərin sosial şəbəkələrdə saxta akkuntlar vasitəsilə milyonlarla yalan informasiyanı amerikalı və avropalı seçicilərə yönəltidiyni xəbər etmişdi. Budur, mətbuat artıq bir aydır həmin akkauntların mövcudluğu barədə hər gün yazır. “Facebook” isə bu yaxınlarda 3000 saxta hesab yolu ilə şəbəkəyə reklam yerləşdirildiyini , həmin reklamların isə informasiya-təxribat xarakterli xəbərlər yaydığını etiraf etməyə məcbur olub.

Culian Borger Stilin dosyesində hələ təsdiqini tapmayan faktlar qaldığını da qeyd edir. Bunlardan ən önəmlisi heç şübhəsiz ABŞ prezidentinin 2013-cü ildə Moskvada keçirilən dünya gözəli müsabiqəsində iştirak zamanı eskort qadınların xidmətindən istifadə etməsi və bunun Rusiyanın xüsusi xidmət orqanları tərəfindən lentə alınması iddiasıdır.






Bundan başqa, dosyedə verildiyinin əksinə olaraq, Trampın vəkili və “Trump Organization”-ın vitse-prezidenti Maykl Koenin rusiyalı bir dövlət adamı ilə Praqada görüşməsi faktı sübut edilə bilmir. Koen özü bununla bağlı çıxan informasiyaları qətiyyətlə rədd edir. Lakin müstəntqlər onun seçkiqabağı kampaniyanın qızğın vaxtında Moskvada daşınmaz əmlak alması ilə bağlı fakta diqqət yetiriblər.

“Hər halda, dosye artıq hamının diqqət mərkəzindədir. İndi araşdırmanın artıq geniş şəkildə aparıldığı bir dövrdə onun qiyməti daha da artacaq”, - yazının yekununda bildirilir.



Musavat.com

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net