Ana səhifə

ABŞ sanksiyaları ağır nəticələr verəcək

    Tarix: 29-09-2017 20:32   
ABŞ sanksiyaları ağır nəticələr verəcək

Nəsimi Məmmədli

ABŞ Konqresində Azərbaycan rəsmilərini hədəf alan qətnamənin təqdim olunması ölkəmizə nə vəd edir? Bu sanksiyalara səbəb nədir və nəticəsi nə olacaq? Bu kimi suallar ətrafında cəmiyyətin fəal kəsiminin maraqlı müzakirələrini nəzərə alıb fikirlərimi bölüşmək istəyirəm.

Öncə qeyd edim ki ölkəmizə qarşı hər hansı sanksiyanın tətbiqinin tərəfdarı olmasam da bəzən başqa yolun qalmadığını görəndə, məcburən onunla razılaşmalı oluruq. İstənilən məsələ dialoq və anlaşma ilə çözülmədikdə radikal addımların gündəmə gəlməsi qaçılmaz olur.


Layihədə yazılanları təkrarlamadan qısaca qeyd etməliyəm ki sənəd ölkədəki reallığı əsasən əks etdirir. Həm də indiyədək təklif olunanlardan daha geniş, əhatəli və çox sərt ifadələrlə seçilir. Qətnamə layihəsini təqdim edən nüfuzlu konqresmenlərdən birinin Respublikaçı, digərinin isə Demokrat partiyalasının nümayəndəsi olması da xüsusilə diqqət çəkən məsələlərdən biridir. Artıq bu layihə ilə bağlı hökumət təbliğatçılarının “erməni lobbisi” demaqogiyası da işə yaramayacaq. Layihənin giriş hissəsində “Azərbaycan Respublikasında qanunun aliliyinin möhkəmləndirilməsi və insan hüquqlarına hörmətlə yanaşmanın təmin edilməsi”, habelə “ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasəti məqsədləri naminə” ifadəsi də ciddi strateji mesajlardan sayıla bilər.

Bu qətnaməni zəruri edən başlıca səbəblər nədir? Əlbətdə bu sualın cavablarını bir çox bucaqdan cavablandırmaq olar. Ancaq indiki halda Qətnamənin hansısa görünməyən səbəbdən doğması ilə bağlı “uzaqgörən”, “müdrik” nəticələr çıxarmağa kimsə çalışmasın. Burada insan hüquq və azadlıqlarının pozulmasından qaynaqlanan çox sadə və aydın görünən səbəblər var və konqresmenlər tərəfindən açıq şəkildə ifadə edilib. Bununla yanaşı son vaxtlar ciddi beynəlxalq tribunalarda Azərbaycandakı korrupsiya, hüquq pozmalar, total seçki saxtakarlığı, öhdəliklərin yerinə yetirilməməsi kimi davranışlar ciddi beynəlxalq qurumları və nüfuzlu qərb dövlətlərini real addımlar atmağa vadar edib.

Hazırda ölkəmizdə insan hüquq və azadlıqlarının durumu elə bir təhlükəli həddə çatıb ki, əgər kənardan təsirli müdaxilə olmasa yaxın gələcəkdə burada yaşamaq çox dözülməz olacaq. Sosial çətinliklərin məngənəsində sıxılan insanları bir tərəfdən də hüquqsuzluq tam çarəsiz hala salıb.

Heç bir təqsiri olmadığı halda düşüncəsinə görə fəal insanların qondarma ittihamlarla məhkum edilməsi ölkəmizdə adi hala çevrilib. Dövlətin bütün inzibati orqanları siyasi hakimiyyətin əlində nəhəng cəza aləti olaraq vətəndaşlar üzərində öz gücünü sınaqdan keçirir. Hüquq-mühafizə orqanlarının təcridxanalarında həyata keçirilən amansız işgəncələr, həbsxana divarları arasında məhkumların müəmmalı “intiharı”, cəzaçəkmə müəssisələrində orta əsrlərə aid edilən “çarmıxaçəkmə” əməliyyatları barədə tükürpədici xəbərlər yayılsa da heç bir məsul şəxsin cəzalandırılması hallarına rast gəlmirik. Sanki ölkədə repressiyalar dövlət siyasətinin məqsədyönlü elementinə çevrilib.

Pozulan hüquqlarını heç bir məhkəmə instansiyasında təmin edə bilməyən vətəndaşların çox cüzi hissəsi ya Avropa Məhkəməsinə üz tutur, ya da ölkəni həmişəlik tərk edir. Əli hər yerdən üzülən vətəndaşların əksəriyyəti isə hüquqsuzluqla barışaraq, qanunsuzluğa boyun əyərək ağır şərtlər altında yaşamağa məcbur olub. Əlində hər cür zor alətinə sahib olan və onu qıypınmadan insanlara tətbiq edən bir idarəetməni etiraf edək ki artıq daxili resurslarla durdurmaq, qanunsuz əməllərindən çəkindirmək müşkülə çevrilib. Görünən budur ki hökumət nəinki bu davranışından çəkinmək fikrindədir, əksinə etdiklərindən həzz almaqdadır.

Ölkə əhalisi sözün həqiqi mənasında çox böyük təhlükə ilə üz-üzədir və təəssüf ki bu təhlükəni öz gücü ilə dəf edəcəyinə də inamı sarsılıb. Hətta tez-tez qərbi, xüsusilə də ABŞ administrasiyasını qınayırlar ki hökumətin qanunsuz davranışlarına göz yumur, onu ruhlandırır və iş başında saxlamaqda maraqlıdır. Məqsədyönlü şəkildə qərbi gözdən salmaq istəyənlərlə yanaşı, belə bir halın mövcudluğuna səmimi şəkildə inanlar da az deyil.

Əgər belə bir qətnamə qəbul ediləcəksə, bu, ölkəmizə nə vəd edir? Son vaxtlar ABŞ administrasiyasının yanaşmasını incələyəndə sərt qərarların qəbul ediləcəyi barədə müəyyən qənaət yaranır. ABŞ kimi nüfuzlu bir dövlətdən belə addımın atılması Azərbaycan hökumətinin sonunun başlanğıcı ola bilər. Azərbaycan nə Rusiyadır, nə İrandır, nə də Şimali Koreyadır ki haqlı beynəlxalq təzyiqlərə duruş gətirə bilsin. Sanksiyaların psixoloji təsiri ilk növbədə sivil dünya ilə bütün diplomatik əlaqələrə çox mənfi təsir edəcək. Ölkənin ən ağrılı problemi olan Qarabağla bağlı çox ciddi siyasi-diplomatik zərbə alacağıq. İqtisadi sahədə də itkilərimiz qaçılmaz olacaq.

Ölkə daxilində isə yeni siyasi dövrün başlanğıcı kimi qəbul edilə bilər. İctimai-siyasi qurumların, fəal vətəndaşların, orta və kiçik sahibkarların hakimiyyət dəyişikliyinin mümkünlüyünə inamı artacaq. Hakimiyyət düşərgəsində çatlar dərinləşəcək və gizli şəkildə alternativ arayışları sürətlənəcək. Ağlı başında olan yüksək və orta məmur təbəqəsi gələcək aqibətini qarantiya altına almaq üçün müəyyən gizli addımlar atacaq. Çünki qanunsuzluq edən məmurların gələcəkdə çox ağır cəzalanması üçün beynəlxalq əsaslar yaranacaq.

Hökumət bu təzyiqlərdən doğru nəticə çıxaracaqmı? Əlbətdə bu suala da birmənalı müsbət cavab vermək çətindir. Hələlik hökumət Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun dili ilə qismən öz mövqeyini açıqlayıb. Beynəlxalq qurumlar hədələnir ki əgər bizə təzyiq etsəniz o zaman vətəndaşlarımızı daha çox əzəcəyik, daha amansız divan tutacağıq. Bu yanaşma onu göstərir ki hökumət sanksiyalardan çox narahatdır və onun siyasi nəticələrinin altında əziləcəyini anlayır. Ancaq hələlik geri addım atmağa da tərəddüd edir. Təcrübələrə əsaslansaq, hakimiyyət sərt davranışını artırdıqca, daha ağır duruma yuvarlanacaq və cəmiyyəti də təhlükəyə sürükləyəcək.

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net