Ana səhifə

ÇİN RUSİYA-ABŞ QARŞIDURMASINDAN NECƏ YARARLANIR? - “Çinin daha ciddi təhlükə olduğu dərk edilir”

    Tarix: 29-09-2017 12:11   
ÇİN RUSİYA-ABŞ QARŞIDURMASINDAN NECƏ YARARLANIR? - “Çinin daha ciddi təhlükə olduğu dərk edilir”

Amerika ictimaiyyətinin diqqətlə prezidentin “twitter”dəki yazılarını izlədiyi və birinci xanımın ayaqqabısını müzakirə etdiyi bir vaxtda, Avropada geosiyasi hərəkətlənmələr baş verir. Son zamanlar Çin Şərqi Avropada özünün hərbi və iqtisadi təsirini əhəmiyyətli dərəcədə genişləndirib. Hərçənd ki, az diqqət ayrılır, burada söhbət açar rolunu oynayan regiondan gedir. Birləşmiş Ştatlar bu regiondan həm ticarət, həm də geosiyasi baxımdan çox asılıdır. Çünki bu ərazilər ABŞ-ı Rusiya və Çindən müdafiə edəcək özünəməxsus bufer zonasıdır.

Şimali Koreyanın nüvə silahı hazırlamasını əngəlləməyə qətiyyən tələsməyən çinlilər, artıq Yunanıstanın Pirey limanının əhəmiyyətli pay sahibinə çevriliblər. Hal-hazırda çinlilər Çexiya, Macarıstan və Polşada qızğın şəkildə aktivlər əldə etməyə girişməklə yanaşı, həm də Atom Elektrik Stansiyalarının tikilməsi ilə əlaqədar müqavilələr bağlayırlar.

Vaxtilə keçmş dövlət katibi Hilları Klintonun səyləri Bolqarıstanı Rusiyanın “Rosatom” dövlət şirkəti (uranın zənginləşdirilməsinə görə, dünya liderlərindən biri) ilə bağladığı müqaviləni pozmağa məcbur etməyə yönəlmişdi. Lakin hər şey tamamilə əks effekt verdi. İndi Rusiyanın əvəzinə “Belen”dəki yeni AES-in tikintisində Çin iştirak edəcək.

“Rosatom” Bolqarıstanı məhkəməyə verib və udub. Məhkəmənin qərarı ilə Bolqarıstandan 660 milyon dollar təzminat ödənilməsi tələb olunur. Bu borc belə kiçik ölkə üçün böyük məbləğdir. İtkini bağlamaq üçün bolqarlar layihəni özəlləşdirməyi qərara alıblar. KİV-lərin məlumatına görə, Çin çox aqressiv şəkildə qiymət qaldıraraq, namizədlər içərisində liderlər sırasında yer tutur. Əgər Çinin verdiyi təklif üstün olarsa, onda onun dövlət şirkəti Rusiya avadanlıqlarından istifadə edəcək. Lakin onlar yerdə qalan hər şeydə yeni Atom Elektrik Stansiyasına tam nəzarət edəcəklər.

Ruslar xaricdə tikdikləri AES-lərin idarəetməsini yerli orqanlara saxlamaqla yanaşı, tikintinin maliyyələşməsində hökumətlərarası istiqrazlardan istifadə olunmasına da imkan yaradırlar. Amma ruslardan fərqli olaraq, Çin kapital qoyuluşunda yalnız öz payının olması və operativ idarəetmə haqqının da özünə məxsus olmasında israr edir. Nəticədə mühüm infrastruktur üzərində kifayət qədər nəzarət tamamilə Çinin əlinə keçəcək. Beləliklə, Çin regionda təsir imkanı qazancaq ki, bunu haradasa Moskvanın soyuq müharibə zamanındakı təsir imkanları ilə müqayisə etmək olar.

Oxşar vəziyyət artıq Polşada da əmələ gəlir. Belə ki, ABŞ-ın tikməli olduğu atom stansiyası ilə bağlı müqaviləni demək olar ki, çinlilər “ələ keçiriblər”.

Düzdür, ”Westinghouse”-un iflası və “General Electic”-in hətta özünün qabaqcıl nüvə reaktorlarına kapital cəlb edə bilməməsi, Amerikanın atom sahəsinin heç də yaxşı günlər keçirməməsini göstərir. Amma çinlilərin pulu lap çoxdur və onlar bu vəsaitlərin əksəriyyətini Birləşmiş Ştatlarla ticarətdən qazanıblar.

Başqa sözlə desək, Çin mühüm enerji infrastukturlarını öz nəzarətinə keçirməkdən ötrü, Rusiya və ABŞ arasındakı qarşıdurmadan məharətlə yararlanır. Bu taktika sayəsində Çin artıq özünə Pribaltikadan Qara dənizə qədər uzanan “enerji zolağı” yaradıb. İndi onun ixtiyarında Bolqarıstan, Çexiya, Polşa, Rumıniya və Slovakiyadakı mühüm infrastrukturlar var.

Bunun gələcəkdə də davam etməsinə imkan vermək olmaz. Belə görünür ki, ABŞ-ın hər iki partiyasının xarici siyasət liderləri vəziyyətin ciddiliyini anlamağa başlayırlar.

Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeo və Barak Obamanın milli təhlükəsizlik məsələləri üzrə müşavirinin müavini Ben Rouds, Pekinin Moskvadan daha çox təhlükə təşkil etməsi məsələsində həmfikirdirlər.

Ona görə də, Ağ Ev təxirəsalınmadan Dövlət Departamentinin sıralarını Avropa və Asiya üzrə ekspertlərlə doldurmalıdır. Bundan başqa diplomatik xidmətin istedadlı əməkdaşlarını arxa plana keçirmək yox, onları irəliyə çəkmək lazımdır. Həmin mütəxəssislər Çinin regiondakı artan təsirini nəzərə almalıdırlar.

Amerikanın yanaşması daha çox kənardan təsir göstərmək formasında olmalı və Rusiyanın layihələrinin işə keçməsinə o şərtlə imkan verilməlidir ki, onlar Avropanın enerji təhlükəsizliyinə və həmçinin də, ABŞ-ın özünün təhlükəsizliyinə ziyan vurmasın.

Amerika Litvanın sözlərinə uyaraq, Belarus ərazisində Rusiyanın tikdiyi AES-ə qarşı çıxmamalıdır. Rusiyanın həmin reaktoru son texnologiya ilə qurulub. Onun layihəsi, özünün yüksək təhlükəsizlik standartı ilə tanınan Finlandiya da daxil olmaqla, dünyanın on ölkəsinin müstəqil tənzimləyici mütəxəssisləri tərəfindən qəbul edilib.

Litvanın təhlükəsizliklə bağlı ehtiyatlılığı əsassızdır və bu layihənin reallaşması Çinin infrastruktur üzərindəki nəzarətinin genişlənməsi baxımından yarada biləcəyi geosiyasi riskdən daha az ziyanlıdır.

Geosiyasi şahmat oyunu oyunçudan özünün bir və ya iki gedişini yox, daha irəliləri hesablamağı tələb edir. Oyunçular iqtisadiyyatın, geosiyasətin və hərbi strategiyanın müxtəlif aspektlərini nəzərə almalıdırlar. Həm də ki, Amerika indiki halda bir neçə rəqiblə qarşı-qarşıyadır. AES-lərin tikintisi və idarə edilməsi sferasındakı rəqabət, oynanılan geosiyası patiyalardan yalnız biridir. ABŞ-ın bu oyundakı üstünlüyünü artırması çox vacibdir.

(“The National İnterest” – ABŞ)

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net