Ana səhifə

“Böyük güclərdən icazəsiz müharibəyə başlamaq intihardır

    Tarix: 18-06-2017 19:32   
“Böyük güclərdən icazəsiz müharibəyə başlamaq intihardır

“Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlar o zaman başlaya bilər ki, ya Azərbaycan, ya da Ermənistan hökuməti bununla bağlı qərar qəbul etsin”.

Bu sözləri iyunun 16-da Bakıda səfərdə olan ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT -in Minsk qrupunun keçmiş həmsədri Metyu Brayza APA Agentliyinə deyib.

Diplomat bildirib ki, belə əməliyyat nə Azərbaycan, nə də Ermənistanın marağındadır:

“Ola bilsin ki, Cənubi Qafqazdan kənar hansısa ölkə belə bir provokasiyalar törətsin. Mən ABŞ-ı nəzərdə tutmuram. Təmas xəttində ağır texnikanın olması aprel döyüşləri kimi ciddi toqquşmalara gətirə bilər. Lakin nəticədə bu vəziyyət müharibəyə kimi gedib çıxmadı. Çünki müharibə heç kimin marağında deyil”.


Keçmiş səfərin həmin müsahibəni verdiyi bir vaxtda cəbhə bölgəsində atəşkəsin pozulması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Sultan Niyaz oğlu Şahvələdov həlak olub.

İyunun 17-də isə Ermənistantərəfinin də itkilər verdiyi açıqlanıb.

Tərəflər bir birini atəşkəsi pozmaqda və bu zaman ağır silahlardan istifadə edilməsində günahlandırırlar.

Bütün bunları Azadlıq Radiosuna dəyərləndirən siyasi icmalçı Rauf Mirqədirov deyib ki, Azərbaycan və Ermənistanda hakimiyyətdə olanlar praqmatikdirlər. Hər iki ölkənin hakimiyyəti beynəlxalq aləmdə baş verənləri diqqətlə izləyirlər. O, xatırladır ki, hər iki komanda uzun müddətdir ki, hakimiyyətdədir.

“Ümumiyyətlə, kiçik dövlətlər öz aralarındakı münaqişələri o zaman həll etməyə çalışırlar ki, ya böyük dövlətlərdən razılıq alırlar, ya da diqqətdən kənar qalırlar. Söhbət regionun vacibliyindən gedir. Hazırda Cənubi Qafqaz Vaşinqtonla Moskvanın qarşıdurmasının kəsişdiyi sərhəddə yerləşdiyindən diqqətdən kənar deyil. Ona görə böyük güclərdən icazə almadan müharibəyə başlamaq intihar etməkdir ”,-Mirqədirov belə deyir.

Rauf Mirqədirovun sözlərinə görə, ABŞ-ın Ermənistana təsiri sıfırdır, Azərbaycana təsiri isə o qədər də böyük deyil.


O, hesab edir ki,Vaşinqtonun Moskvadan fərqli olaraq regionda hərbi təmsilçiliyi yoxdur.Gürcüstanda hərbi baza yox, tədris mərkəzləri var. Rusiya isə Ermənistanda hərbi bazalara məxsusdur:

“ Bu baxımdan M. Brayzanın “Ola bilsin ki, Cənubi Qafqazdan kənar hansısa ölkə belə bir provokasiyalar törətsin. Mən ABŞ-ı nəzərdə tutmuram” açıqlaması düşündürücüdür. Fikir verin, 2016-cı ilin aprel döyüşləri gedəndə baş qərargah rəisləri Vaşinqtonda yox, Moskvada atəşkəslə bağlı razılıq əldə etdilər. Rusiyanın hər iki ölkəyə hərbi-siyasi təsir imkanları daha çoxdur. Sözsüz ki, müharibənin başlanmasını Moskva və qismən Tehran istəyə bilər. Amma ikincinin birinci ilə müqayisədə müharibəni qızışdıra biləcək təsir imkanları azdır.

Münaqişənin həlli Ermənistan və Azərbaycandan asılı deyil. Problemin həlli 2 variantda mümkündür. Birinci, region hansısa yolla Rusiyanın təsir dairəsindən tamamilə çıxır, o zaman ABŞ və Avropa Birliyi müdaxilə edir. Burda Yerevanla Bakı arasında danışıqlar başlayır. İkinci, Putinlə Trump razılaşırlar. Tərəflərə şərt qoyurlar ki, ortaq məxrəcə gəlin, əks təqdirdə, ağır olacaq. Hələ bu varianta ümid yoxdur.”

Xatırlatma

Dağlıq Qarabağ rəsmən Azərbaycanın tərkib hissəsidir. 1990-cı illərin əvvəllərində müharibə nəticəsində Ermənistanın dəstəklədiyi separatçılar Dağlıq Qarabağdanəzarəti ələ alıblar. Münaqişədə 30 min nəfərin öldüyü bildirilir. Üstəlik, Dağlıq Qarabağdan başqa Azərbaycana məxsus daha 7 rayonu da Ermənistan silahlı bölmələri və separatçılar işğal ediblər. 1994-cü ildə tərəflər atəşkəs razılığı əldə ediblər. Ancaq tez-tez bir-birlərini atəşkəs pozuntusunda ittiham edirlər. 2016-ci ilin aprelində isə cəbhədə ağır döyüşlər gedib. Hər iki tərəfin itkilər verdiyi döyüşlər cəmi 3 gün çəkib. Moskvada yenidən tərəflər arasında atəşkəsin qorunması ilə bağlı razılıq əldə edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net