Ana səhifə

Rusiya xarici siyasətinin “erkək Tükəzbanı”-Mariya Zaxarova Lavrovun komandasına necə düşdü...

    Tarix: 17-06-2017 08:54   
  Rusiya xarici siyasətinin “erkək Tükəzbanı”-Mariya Zaxarova Lavrovun komandasına necə düşdü...

DOSYE: Mariya Zaxarova. Rusiya XİN-in rəsmi sözçüsü. Doğum tarixi - Moskva, 24 dekabr 1975.


Çəkisi: 59 kq. Amma... amma əsl çəkisini onu bağrına basıb qucağında gəzdirənlər bilər.





GEYİM ZÖVQÜ: Rusiyanın “Akimbo” tekstil şirkəti Zaxarovanı çoxdan gözaltı edib. Vaxtaşırı Mariyanın ünvanına öz məhsullarını, qadın geyimlərini göndərir. Yəni bu qadın Rusiya tekstil sənayesinin bir növ modelyeri, manikenidir həm də. Barter razılaşmaları əsasında öz geyim qarderobunu zənginləşdirir. Vaxtaşırı gedir “Akimbo”nun tikiş sexlərinə. Orda bəzi sənədləri imzalayır.


***


Qısası, istəyirsiz Zaxarovanın saqqızını oğurlayasız? İstəyirsiz Qarabağ mövzusunda o bizə xatir bir neçə qısa cümlə kəkələsin? Bakıda, yaxud Türkiyədə yaxşı, münasib bir lüks geyim şirkəti tapın bu qadına. Nə bilim... bəlkə məsləhətim çox sadəlövh görünəcək sizə. Ancaq məncə, Zaxarova ilə biz öz yeni dialoqumuzu məhz bu vacib nöqtədən başlasaq, hamımız üçün yaxşı olar. Zaxarova həm yeni tekstil sənayemizin reklamını yapar Moskvada, həm milli maraqlarımızı müdafiə edər öz gərgin brifinqlərində.




LAVROV KOMANDOSLARI: “Smolensk” meydanındakı Rusiya XİN-in möhtəşəm göydələni Stalin yadigarıdır. Binanın doqquzuncu mərtəbəsində Sergey Lavrovun rəsmi iş otağı yerləşir. Kabinetə icazəsiz-filansız girib çıxanların hamısı, o cümlədən Mariya Zaxarova, digər əməkdaşlar arasında “Lavrov komandosları” kimi tanınır. Sonuncuları təkcə siyasət deyil, həm də ekstrim idman növləri birləşdirir. Komanda üzvləri, o cümlədən Mariya Zaxarova, öz məzuniyyətlərini iti axarlı Sibir, Altay, Kareliya çaylarının kənarlarında keçirirlər adətən. Rezin qayıqlara hava doldurub, qısa avarlarını vururlar qoltuqlarına. Atılırlar vəhşi suların qoynuna. Bir saman çöpü kimi çay üzərində axa-axa dəqiqəbaşı çopur qayalara çırpılırlar. Başlarındakı dəmir dəbilqələr üzərində vahid şüarları da var -"Vəhşi sular, geri çəkilin".


İstəyirsən Lavrovun ən yaxın ətrafına, canından bezmiş komandasına düşəsən? Gərək hökmən... mütləq bu qorxulu ekstrim idman klubuna üzv yazılasan. Canını dişinə tutub, özünü vəhşi suların axarına atasan. Rusiya XİN-indəki müasir karyera pilləkanı beləcənə qurulub.


HƏLLEDİCİ AN: Mariya Zaxarova bir gün Rusiya XİN-in bu vacib damarını tapıb özünü atır vəhşi dağ çaylarının burulğanına. Nəticədə, necə deyərlər, düşür Lavrovun radarına. Bir gün Lavrov ilə birgə rezin qayıqda iti sürətlə üzü aşağı üzür. O qayaya çırpılır, bu qayaya dəyir. Sanki o dünyaya gedib-qayıdır. Qayıqdakılar axır Mariyanı özününkü bilib, komandaya üzv yazırlar.


MÜƏMMALI ƏRİ: O, hadisələrin də gur, vəhşi axarını sevir. 2005-ci ildə BMT-dəki Rusiya nümayəndəliyinin mətbuat katibi vəzifəsini qazanınca gözü doymur. Sakitləşmir. İstəyir məhz Nyu-Yorkda öz toy məclisini keçirtsin. Qonorar-filan soruşmadan məşhur fotoqraf Nikolay Komissarova öz toy məclisinin tam erotik, şəhvət dolu foto-sessiyasını sifariş verir. Təzəlikcə çap edilmiş bu köhnə fotolarda Zaxarova ilk dəfə öz əri Andrey Mixayloviç Makarovu utanıb-çəkinmədən cəmiyyətə təqdim edib. Vəhşi ehtiras səhnələri ilə zəngin bu fotolara inanmıram kimsə laqeyd münasibət bildirsin.




HİYLƏGƏRDİ. Yamanca pendir sevəndi. Öz pendir tədarükünə adətən kiçik provokasiyalardan başlayır. Brifinqlərində Rusiya pendir istehsalçılarını bilə-bilə aşağılayır misal üçün. Nəticə özünü çox gözlətmir. Rusiyadakı əksər pendir istehsalçıları başlayırlar öz məhsullarını qutu-qutu, səbət-səbət Zaxarovaya göndərməyə. Aldığı sovqatları o tərifləməyi də unutmur. Sözarası deyir bəs Krasnodarda yaxşı pendir istehsalçıları var.




Oxşar üsul ilə vaxtaşırı Azərbaycana da sataşır. İstəyir biz də onun ünvanına qutu-qutu, səbət-səbət ləziz nemətlərimizi göndərək.


TALE ZƏRBƏSİ: Krım barədə danışarkən həmişə ağzına çullu dovşan sığmır. Ağzından od-alov püskürür. Krım sakinləri barədə heç nə deyə bilmərəm. Ancaq Krım köpəkləri özünəməxsus şəkildə cavab veriblər Mariya Zaxarovaya. Yazığın qızı Maryananı bir gün cürət edib Sevastopolda möhkəm dişləyiblər. O gündən etibarən Zaxarova Krım mövzusunda ehtiyatla danışır. Qısası, bu qızın canında mistik xof var. Onu ancaq mistik silah ilə susdurmaq mümkündü.




BREND-QADIN: “Rusiya Siqar İttifağı” prezidenti Andrey Loskutov Mariya Zaxarova brendini bir başqa cür tirajlayıb. Üzərinə Mariyanın fotosu yapışdırılmış bahalı Havana siqarlarını xüsusi cəh-cəlal ilə xaricdəki Rusiya səfirliklərinə göndərib. İndi Rusiya səfirləri uzun siyasi söhbətlər zamanı qəfil bu siqarları öz həmsöhbətlərinə təklif edirlər.


Üzərində Mariya Zaxarovanın şəkli parıldayan həmin bahalı siqarlar adətən xaricdə şok effekti yaradır. Tüstüsü rusafobların başını ağrıdır.


İKİNCİ VƏTƏNİ: Çin. Valideynləri uzun zaman Pekindəki Sovet səfirliyində müxtəlif məsul vəzifələr tutublar. Mariya, səfirlik binasında böyüyüb başa çatıb. Təhsilini Pekindəki 55 saylı orta məktəbdə çin dilində başa vurub. Valideynləri uşaqlıqda bu qızın qulaqlarını müxtəlif çin nağılları ilə doldurublar. Sonra, 90-cı illərin ac vaxtlarında bu nağıllara daha praktik yanaşıblar. Nağılları ayrıca kitab şəklində çap edib, yaxşıca pul qazanıblar.


Zaxarovanın nənəsi bir gün Çinə gəlib burdakı dərzilərin tikiş texnologiyalarını öyrənir. 90-cı illərdə Zaxarovların bu təcrübəsi ailəni labüd fiziki aclıqdan qurtaracaq. Ailə, Çin tikiş texnologiyalarını istehsala tətbiq edib yerli məhsuldarlığı birə iki artıracaq.


Kim olacaq bu ssenarinin müəllifi? Təbii ki, Mariya Zaxarova!


Bayaq yuxarıda adını çəkdiyimiz “Akimbo” tikiş fabriki bəlkə elə bu təcrübənin yadigarıdır. Zaxarovların bir növ gizli biznes sahəsidir. Mariya Zaxarova vaxtaşırı “biznes ilə məşğul olmaq bizim kimilərə yasaqdır” ifadəsini işlədərkən bəlkə buna görə dərindən bir ah çəkir bəzən?




“ERKƏK TÜKƏZBAN”: Mariya uşaqlıqda gah kosmonavt olmaq istəyib, gah balerina. Moskva Beynəlxalq Münasibətlər İnstitutuna daxil olarkən Çin dilini mükəmməl bilməyi Mariyanın xeyli karına gəlib. Çin dili Mariya üçün həmişə bir növ “çörək ağacı” olub. Eşidin, bilin - o, Kreml ekskursiyalarına gələn Çin turistlərinə bir vaxt bələdçilik, tərcümanlıq da edib hətta. Qazandığı qəpik-quruşla həm nənəsini saxlayıb, həm öz ənnik-kirşan xərclərini çıxarıb.




BOY-FRENDLƏRİ: Əri Andrey Makarov, daha çox boy-frendə bənzəyir, nəinki ailə başçısına. “Ekspress-qazeta”nın müxbiri Yelena Kremensova iddia edir ki, məşhur imicmeyker Petr Lidov guya Zaxarovanın növbəti alovlu sevgilisidir. Sübut-dəlil olaraq İnstqram-dakı məhrəm şəkillərini nümunə göstərir. İddia Moskva mətbuatına sıçrayınca, dönür zarafata. Dostlar, tanışlar Zaxarovanın ünvanına saysız təbriklər yağdırıb, yazığı lap çaş-baş edirlər. Qız məcbur qalır mətbuata öz yazılı etirazını bildirsin.


FƏRDİ TƏCRÜBƏSİNİ İCTİMAİLƏŞDİRMƏYİ BACARIR: Rusiya XİN-i “Zaxarova” brendini tirajlayarkən uzaq hədəfləri güdüb. İlk olaraq öz danışıq tərzini, öz qrammatikasını dəyişib bu sarışın dəli afətin dilində.


MƏŞHUR İFADƏLƏRİ: “Məncə, Rusiya hakerləri Amerikada cəmi iki ünvana qanunsuz müdaxilə etməyi bacarıblar. Bir, cənab Obamanın başına. Hə... bu sözsüzdü... Digər ünvanın adını növbəti brifinqimdə elan edərəm”.


ŞAİR HAZIRCAVABLIĞI: Bir gün Zaxarovanın bu “qayası” Rusiya liberallarının qəzəbinə, “daşına” tuş gəlməli idi, ya yox? Elə də olur. Məşhur demokrat Dmitriy Bıkov bir gün qərar verir Zaxarovanı nəsrlə deyil, nəzm ilə tənqid etsin. O, Zaxarovanın ünvanına qısa bir şer yazır. Deyir, bu qadının danışığı Puşkin ruhuna qarşı açıq təxribatdı, vəssalam.


Şerin mürəkkəbi hələ qurumamış Zaxarova düşür ortalığa. Şerə, şer ilə cavab verir. Mövzu, dartışma anındaca mətbuatı işğal edir. Hamı, ağzının suyu axa-axa başlayır Zaxarovanın bədii istedadını tərifləməyə. Stanislav Belkovskiy, məşhur publisist, Mariyanın timsalında böyük şair itirdiklərinə heyfslənir. Zaxarovaya təklif edir, bundan sonra öz brifinqlərində poetik yarışmalara yer versin.


XAMLIĞI: Lakin ən böyük qələtini Zaxarova bizim Moskva müxbirlərimizə qarşı edib. Sözü verək burda bizim tanınmış imza sahibimiz Aysel Əlizadəyə: “Dünən Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri, diplomat, tarix elmləri namizədi Mariya Zaxarova keçirilən brifinqdə APA informasiya agentliyinin Rusiyadakı rəsmi nümayəndəsi Fərid Əkbərovun Dilqəm Əsgərovla bağlı sualını ağzında qoyub. Tamamilə ayrı mövzuya keçərək imkan düşmüşkən Azərbaycanı ”vurub". Jurnalistlərimizi kobud ifadələrlə aşağılayıb. Bizi xamlıqda ittiham etsə də həm onların, həm bizim dildəki “xamstvo”nun yekəsini elə özü edib".


KOLLEKSİYASI: Zaxarovanın saxsı çin çaydanlarından ibarət nəhəng kolleksiyasına Moskvada çoxları heyrandı. Ancaq mən bu incə kolleksiyanın gələcəyindən indidən çox narahatam. Fikriniz Fərid Əkbərov, yaxud Aysel Əlizadə kimilərə getməsin. Mədəni adamlardı, sözlərini mətbuatda deyib, day zora yer qoymurlar. Ancaq hamı belə deyil.


Qonaqlarından biri dözməyə də bilər oxşar təhqirlərə. Əl atar taxçadakı çin çaydanlarına. Götürüb bir-bir bu saxsı qabları Zaxarovanın başına çırpar.


Bəli. Çanaq bir gün mütləq bax belələrinin başında çartlayır, biləsiz.


Zaxarovaya məsləhət görərdim bu çaydanlarını daha təhlükəsiz bir ünvanda saxlasın. Evinə çox da etibar etməsin.


HƏMİD HERİSÇİ

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net