Ana səhifə

“Yaxın Şərq bölgəsi çox təhlükəli bir mərhələyə yetişir”

    Tarix: 10-06-2017 08:57   
“Yaxın Şərq bölgəsi çox təhlükəli bir mərhələyə yetişir”

Hazırda Vaşinqtonda yaşayan politoloq, “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu ilə zaman-zaman bölgədəki, eləcə də dünyadakı gərgin prosesləri təhlil etməmiz mənzərəni daha aydın görməyə yardım edir. Son zamanlar dünya gündəminin qaynarlığı, bir-birinin ardınca baş verən gərgin siyasi manevrlər, onların arxasınca baş verən terror aktları isə bu analizi ikiqat mütləq etdi.


“Yeni Müsavat” həm dünyadakı, həm bölgədəki, həm də ölkəmizdəki prosesləri təhlil etməsi üçün Ə.Oruclu ilə söhbətləşdi. Müsahibəni təqdim edirik:

-Ərəstun bəy, son günlər ABŞ-da yenə də Tramp ruzigarı davam edir. Bu dəfə də onunla bağlı impiçment təklif və iradları ortaya çıxıb. Belə məlum olir ki, Tramp FBR-in direktorundan özünə və adamlarına loyallıq istəyib, “Rusiya izini” araşdırmamağı xahiş edib. Bu, nə dərəcədə ciddi qalmaqaldır və ABŞ standartlarında hansı qarşılığı var?


-Bu gün ABŞ gündəmini ən çox titrədən mövzu Tramp komandası üzvlərinin Rusiya ilə müxtəlif əlaqələrinin olması və bu əlaqələrin araşdırılmasıdır ki, elə məhz Federal Təhqiqatlar Bürosunun keçmiş rəhbəri Ceyms Kominin vəzifədən kənarlaşdırılmasının səbəbi kimi də bu, göstərilir. Senat Komitəsi Ceyms Komini ifadə verməyə dəvət etmişdi və iyunun 8-də Ceyms Komi bu dinləmədə ifadə verdi. Maraqlı burasıdır ki, orda nə qədər maraqlı, ciddi, müəyyən mənada məxfi məlumatlar səslənsə belə, bu dinləmələr canlı yayımda ölkəyə nümayiş etdirilirdi. Bu da Amerika demokratiyasının zəruri tələblərindən biridir. Çünki seçici bilməlidir ki, onun seçmiş olduğu qanunverici orqan və ya prezident hansı işlərlə məşğuldur. Bu, şəffaflıq prinsipinin başlıca şərtidir. Və Komi də təsdiqlədi ki, onun Federal Təhqiqatlar Bürosu rəhbərliyindən uzaqlaşdırılmasının başlıca səbəbi o olub ki, Donald Tramp ondan öz komandasının üzvlərinə və xüsusilə də eks milli təhlükəsizlik məsələləri üzrə müşavir Mayk Flinə loyallıq istəyib. Trampın dediyi kimi qeyd etsək, onun “yaxşı oğlan” olduğunu ifadə edib. Bu, ABŞ idarəçilik sistemində yolverilməz haldır. Ümumiyyətlə, prezidentin hüquq mühafizə, eləcə də təhqiqat, kəşfiyyat orqanlarının fəaliyyətinə açıq şəkildə müdaxilə etməsi yolverilməzdir. Xüsusən də onun komanda üzvlərinin xarici dövlətlərlə əlaqəsinin araşdırılmasından söhbət gedirsə.


- Dinləmələrin böyük bir hissəsi məxfi keçiriləcək və həmin hissədə artıq media iştirak etməyəcək.

-Yüksək ehtimalla, orada başqa faktlar da səslənəcək. Çünki Ceyms Komi əvvəllər Federal Təhqiqatlar Bürosunda da çalışıb, federal prokuror da olub. Güvənilən, inanılan bir kadrdır, Düşünürəm ki, onun əlində ciddi faktlar olmasaydı, bu dinləmələrə qatılmazdı. Yeri gəlmişkən, onun bu dinləmələrə qatılmamaq hüququ da vardı. Eyni zamanda prezident Donald Trampın ona dinləmələrdə iştirak etməməyi tapşırmaq, tövsiyyə etmək səlahiyyəti də var. Amma bu halda onların heç biri bu səlahiyyətdən istifadə etmədi. Nə Komi susmaq səlahiyyətindən, nə də Tramp Komini dinləmələrdən çəkindirmək səlahiyyətindən. Trampın motivləri aydındır. Çünki o, bunu etsəydi, onun üzərinə daha çox düşülərdi və qalmaqal daha da böyüyərdi. Amma qalmaqal onsuz da böyüyür. Artıq adda-budda da olsa, impiçment, yəni, prezidentin öz vəzifəsindən kənarlaşdırmaq söhbəti hallandırılmağa başlayır.

-Bunu real hesab edirsizmi?

-Düşünmürəm ki, bu, yaxın zamanda aktual ola biləcək bir məsələdir. ABŞ-da hüquqi baxımdan bunun üçün bütün mexanizmlər var. Konkret halda, siyasi və hüquqi əsaslar da görünür – tənqidçilərinin fikrinə görə, prezident səlahiyyət həddini tez-tez aşır, yersiz bəyanatlar verərək siyasi və beynəlxalq vəziyyəti gərginləşdirir ki, bu da ABŞ-ın milli maraqlarına ciddi xələl gətirir, ölkənin təsir dairəsini məhdudlaşdırır. Amma ortada ciddi faktlar da olmalıdır. Biz bilmirik ki, bu faktlar nə dərəcədə inandırıcı və ciddi sübutlara söykənən faktlardır. Hər halda, düşünürəm ki, qapalı dinləmələrdən sonra məsələyə xeyli aydınlıq gətiriləcək. İstənilən dinamika istisna olunmur. Yəni, istisna olunmur ki, impiçment məsələsi çox ciddi şəkildə gündəmə gələ bilər.

-ABŞ-ın birdən-birə İrana münasibəti dəyişdi. Prezident Obama hakimiyyətinin son aylarında İranla ABŞ-ı sanki barışdırdı, donuş nöqtəsi yaratdı. Lakin Tramp gəldi və hər şey tərsinə döndü. Niyə belə? Məgər ABŞ-da strateji hədəflərdən bir dövlət ardıcıllğı, gələnək yoxdur? Hər şeyi fərdlər həll edir?

-Barak Obama dönəmində İrana yönəlik siyasətin dəyişməsi özü bir göstəricidir ki, İrana qarşı münasibət ona qədər fərqli olub. İraq, Əfqanıstan müharibəsi dönəmində gözləntilərdən biri də bu idi ki, ABŞ İrana qarşı ən azı hava zərbələri əməliyyatına başlaya bilər. Belə real bir təhlükə var idi. Tərəflər bir-birini hədələməklə, bir-birinə qarşı sərt ittihamlar yağdırmaqla məşğul idi. Amma bütün bunlar hərbi qarşıdurma həddinə çatmadı. Barak Obama hakimiyyətə gələndən sonra isə Amerikanın xarici siyasətində əsaslı dəyişikliklər oldu. Bunlardan biri də ƏIfaqanıstandan, İraqdan Amerika qoşunlarını çıxarmaq və bu kontekstdə İranla münasibətləri loyallaşdırmaq idi. Əslində Barak Obama xeyli dərəcədə buna nail oldu da. Düzdü, İraqda, Əfqanıstanda o dövrəcən, 2001-ci 11 sentyabr terrorundan sonra başlayan müharibələr öz fəsadlarını artıq hər mənada vermişdi. Bu gün Yaxın Şərqdə, bu bölgədə baş verənlər də məhz həmin hərbi müdaxilənin fəsadlarıdır. Düzdür, bundan bir qədər uzağa gedən səbəblər də var. Sovet-əfqan müharibəsi, Əl Qaidənin yaradılması, ümumiyyətlə, SSRİ-yə qarşı terrorçu qüvvələrdən istifadə olunması. Bu, son nəticədə öz fəsadlarını göstərməli idi ki, bu da 11 sentyabrda özünü göstərdi. Bundan sonra da Amerika xarici siyasəti Əfqanıstana, sonra da İraqa hırbi müdaxilə həyata keçirdi. Bu gün bölgədə baş verənlərin başlıca səbəbləri ordan qaynaqlanır. Ondan sonra da artıq düzəni pozulmuş bölgənin başqa bir səbəbdən problemləri artmağa başladı. Bu da Obama administrasiyasının birqütblü siyasət həyata keçirmək strategiyasından imtina edərək, çoxqütblü xarici siyasət doktrinasına keçməsi oldu ki, onun da nəticəsi ABŞ-ın özünə qapanması, gücünü daha çox öz daxili problemlərinə yönəltməsi idi. İraq, əfqan problemi, yaradılmış bu problemlər qanı axan yara kimi qaldı. Ardınca isə ərəb baharı... Həmin o ərəb baharı Liviya xaric, Şimali Afrikanın ərəb ölkələrində nisbətən ağrısız keçdi. Amma Suriyada bu proses başlayanda Suriya hakimiyyətinin özünün tutduğu destruktiv mövqeyə görə - öz xalqı ilə danışığa getmək əvəzinə, xalqı top-tüfənglə qarşıladı - düzgün hesablamadılar ki, burda hansı müdaxilələr ola bilər. Suriya prosesləri başlayanda isə məlum oldu ki, burda gözlənilənlərdən daha çox maraqlar varmış. Məhz əhalinin Əsəd rejiminə etiraz edən hissəsinin çəkisini, o etirazların davamlılığını nəzərə alaraq, Suriyada marağı olan bütün xarici qüvvələr ora müdaxilə etməyə başladılar. Amma o da məlum oldu ki, Liviyadan, Tunisdən fərqli olaraq, burda dediyim kimi, maraqlar həddindən artıq çox imiş. Bu maraqların toqquşması da ona gətirib çıxardı ki, Suriya de facto dövlət kimi mövcudluğunu itirdi və Suriya hökumətinə qarşı döyüşən Azad Suriya Ordusunu isə terrorçu ordu əvəzlədi. Nəticə olaraq, Suriyada yeni təhlükəli bir fenomen meydana çıxdı. Bu İŞİD adlı terrorçu ordu idi.


İŞİD klassik terror təşkilatı deyil, məhz terrorçu ordudur. Hansı ki, qarşısına öz dövlətini qurmağı və o dövləti bir neçə dövlətin ərazisində genişləndirməyi nəzərdə tutur. Bundan başqa, həmin ekstremist qüvvənin ifrat məzhəbçi ideologiya ilə silahlanması əslində adi bir ekstremist təşkilat olduğunu göstərir. İŞİD-in islam dininə heç bir aidiyyatı yoxdur. Bu, sadəcə ekstremizmin və terrorçuluğun yeni, daha miqyaslı bir formasıdır. Amma bunun üçün ideoloji baza lazımdır. Bu baza üçün sponsorlarının verdiyi həmin o radikal islam deyilən ideologiyadan yararlanır. Həmin ideologiyadan yararlanan terrorçu qruplaşmaların da sayı yetərincədir. Maraqlar toqquşur, ziddiyyətlər artır. Nəticədə böyük və qlobal siyasət baxımından həlledici bir bölgə, Yaxın Şərq bölgəsi odun-alovun içindədir. Bu isə artıq bütün dünya üçün son dərəcə təhlükəli tendensiyadır.

-İrana dəyişən münasibət özünü ərəb koalisiyasında da göstərdi. Tranp Səudiyyə Ərəbistanına getdi, oradan ayrılan kimi Ərəb dünyasında qəribə olaylar baş verdi. Bir koalisiya quruldu, Qətər oraya qatılmadı, təkləndi, sonra Türkiyə proseslərə qarışdı... Ardınca İranda partlayışlar, terror oldu, İran bunu Səudiyyədən gördü, İŞİD dedi, mən etdim... Yəni, regionda bir qarğaşa yaranmaqdadır. Buna münasibətiniz və bu proses Ərəb koalisiyasının İranla savaşa başlamasına gətirəcəkmi?


- Tramp administrasiyasının bu istiqamətdə apardığı siyasət kor-təbii siyasətdir və belə siyasət bu gün Vaşinqtonun özündə də çox ciddi tənqidlərə məruz qalır. Amma əgər bu, düşünülmüş siyasətdirsə, o zaman çox dağıdıcı bir avantürist tendensiya kimi dəyərləndirilməlidir. İstər Əfqanıstanda, istər Suriyada bütövlükdə, istərsə də İraqın bir hissəsində olsun, həmin o terrorçu qüvvələrin qruplaşmalarının toqquşan maraqlarının şahidi oluruq ki, bu müharibədə də əhali getdikcə daha amansız zorakılıqlara, təzyiqə, istismara və nəhayət, fiziki məhvə məruz qalır. Bu amillər də özlüyündə radikallığı artırır. Deməli, burda qapalı çevrə prinsipi alınır. Nəticədə də Yaxın Şərq bölgəsi bütövlükdə terrorçu fəaliyyət məkanına çevrilə bilər ki, bu da əhali arasında itkiləri, sosial problemləri, humanitar fəlakətin miqyasını daha da artıracaq. Söhbət artıq qlobal təhlükəsizliyə daha ciddi təhdiddən gedəcək. Bu baxımdan Tramp administrasiyasının bölgədə Səudiyyə Ərəbistanını özünə müttəfiq seçərək, İrana qarşı sərt ittihamlar irəli sürməsi, onun Türkiyə ilə ciddi ziddiyyətlər ortaya qoyması ABŞ-ın bölgədəki NATO üzrə əsas müttəfiqi olan Türkiyəni başqa istiqamətə yönəldir. Bölgənin vəziyyətinin təhlili, xüsusən son günlərdə İrana qarşı terror aktlarının törədilməsi, Yaxın Şərq bölgəsinin çox təhlükəli bir mərhələ qarşısında olduğunu deməyə əsas verir. Artıq elə bir durum yaranıb ki, orda faktiki olaraq vəziyyəti yalnız silah, ordu gücünə dəyişmək mümkündür.

-Bu məqamda Tramp administrasiyasının avantürist siyasətinin başlıca fəsadı nədən ibarət oldu?

-Birincisi, Tramp administrasiyasının Səudiyyə Ərəbistanına kart-blanş verməsi. Məsələn, dedilər ki, orda bir müsəlman NATO-su və ya yeni hərbi güc mərkəzi yaradılır. Bu, faktiki olaraq onu göstərdi ki, Səudiyyə Ərəbistanından və onun müttəfiqlərindən İrana qarşı hərbi güc kimi istifadə etməyə hazırlaşırlar. Ardınca Səudiyyə Ərəbistan İrana loyallıq göstərən Qətəri cəzalandırır. Amma məlum oldu ki, bölgədə İrana loyal olan körfəz dövlətləri arasında Qətər tək deyil. Orda Oman da var, Küveyt də var. Beləliklə, nəticədə şərti olaraq müsəlman NATO-su adlandırılan hərbi bolkdan Pakistan da uzaqlaşdı. Bölgədə ciddi bir disbalans yarandı. Səudiyyə Ərəbistan ABŞ-ın dəstəyindən ruhlanaraq İrana qarşı sərt bəyanat verdi. Düşünürəm ki, İŞİD də bundan istifadə edərək, İranda terror aktları törətdi. İstənilən halda İŞİD anlayırdı ki, bu terror aktının səbəbkarı kimi Tehran Əl Riyadı görəcək. Belə də oldu. Tehran Əl Riyadı terrordan ona qarşı istifadə etməkdə suçladı. Bu da onsuz da Yəmən və digər başqa məsələlər görə bölgənin iki böyük dövləti arasındakı münasibətləri son gərginlik həddinə çatdırdı. Amma görünən həm də budur ki, bölgədə yeni bir müharibənin baş verməsinin qarşısını almaqda maraqlı dövlətlər də var. Xoşbəxtlikdən bu gün bu dövlətlər həqiqətən var. Türkiyə, İranın özü də hərbi əməliyyatlarda maraqlı deyil. Təbii ki, Səudiyyə blokundan uzaqlaşan Pakistan da.

-İrandakı son terror aktından sonra İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin prezident Ərdoğanla görüşü nədən xəbər verir sizcə?


-Təkcə o görüş yox, bağlı qapılar arxasında müzakirələr, Türkiyə Böyük Millət Məclisinin Qətərdə Türkiyə hərbi bazasının yerləşdirilməsinə dair qərarı göstərir ki, bölgədə yeni bir ittifaq formalaşır. Hər halda, bunun lkin əlamətləri artıq özünü göstərməkdədir. Ən azı Türkiyə ilə İranın bir çox məsələlərdə maraqları üst-üstə düşür. Ona görə ki, ilk növbədə bölgədə onsuz da çox həssas durumda olan sabitliyi qorumaq lazımdır. Destabilizasiyaya məruz qalmamış faktiki iki dövlət qalıb. – İran və Türkiyə. Bunların ikisinin bir yerdə əhalisi 150 milyondan yuxarıdır. Bu iki dövlətdən hətta biri açıq hərbi münaqişəyə cəlb olunarsa, bu, hər mənada qlobal fəlakətə səbəb ola bilər. Ola bilsin, belə bir fəlakəti törətmək istəyənlər var. Amma artıq dünya əvvəlki dünya deyil. Siyasət də sürətlə dəyişməkdədir. Sonuncu NATO sammitinin ardınca Almaniya kansleri Angela Merkel çox sərt bir bəyanat verdi. Bu günə qədər hətta nəzəri cəhətdən də hesab etmək mümkün deyildi ki, ABŞ-ın Avropadakı ən yaxın müttəfiqi olan NATO dövləti belə sərt bəyanat versin. Bu bəyanata alman cəmiyyətində olan reaksiya – Merkel isə dedi ki, son iki-üç gündə anladım ki, heç kimə ümid olmamalıyıq, Avropa Birliyi öz taleyini özü həll etməlidir – Almaniyada aparılan rəy sorğularının nəticələri ictimai dəstəyin nəzərə çarpacaq dərəcədə Merkelin xeyrinə artmasında özünü göstərdi. Deməli, işartıları artıq görünməyə başlayan bütün bu addımların reallaşacağı təqdirdə, biz İkinci Dünya Müharibəsindən sonrakı 70 il ərzində qlobal sabitliyə və qlobal təhlükəsizliyə töhfələr vermiş, təminatçı olmuş geosiyasi konstruksiyanın dağılmasını görəcəyik.

-Bəs bunun nəticəsində nələr baş verə bilər? Geosiyasi vəziyyət hara gedəcək?

(Davamı növbəti sayımızda)


Sevinc TELMANQIZI

10.06.201708:45 88

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net