Ana səhifə

”Gelandewagen” qəzasına gedən yol

    Tarix: 22-12-2017 08:57   
”Gelandewagen” qəzasına gedən yol



2018-ci ildə Əli Həsənovun “Qaçqınkom” sədrliyinin 20 ili tamam olur. Gələn il 70 yaş, yubiley ili, həm də komitə sədrliyinin 20 ili tamam olur, yəni növbəti yubiley. Ardıcıl iki yubileyi korlamağa heç kimin əli gəlməz. Həm də bu ölkədə adamın bir vəzifədə on illərlə qalması ənənə halını alıb. Eyni vəzifədə 20 illiyini qeyd edən xeyli nazir var. Əli Həsənov da onlardan biri. 20 illiyin astanasında heç bir güc ona bu zövqü yaşamağa mane ola bilməz, heç belə bir istək də yoxdur. O, başında durduğu komitədə yubiley yaşını və sədr kimi yubileyini qeyd etməlidir. Sonra daha bir yubiley gəlir, nə qədər ağrılı olsa da, 2019-cu ildə bu Komitənin 30 illik yubileyidir həm də.

Bu Komitə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1989-cu il 19 sentyabr tarixli Fərmanı ilə “Daimi yaşayış yerlərini tərk etməyə məcbur olmuş şəxslərlə iş üzrə Azərbaycan SSR Dövlət Komitəsi” kimi yaradılıb.

1992-ci ildə Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” qanununun qəbul edilməsi ilə əlaqədar Komitənin adının adıçəkilən qanunun tələblərinə uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 5 yanvar tarixli 396 nömrəli Fərmanı ilə “Daimi yaşayış yerlərini tərk etməyə məcbur olmuş şəxslərlə iş üzrə Azərbaycan SSR Dövlət Komitəsi”nin adı dəyişdirilərək “Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi” adlandırılıb.

Bu komitə ölkənin ən korrupsioner qurumlarından biri sayılır. Ölkə mətbuatında bununla bağlı yetərincə məlumatlar gedib. Dondurulmuş maaşların mənimsənilməsindən tutmuş, çörəkpulu və məcburi köçkünlər üçün müxtəlif istiqamətlərə ayrılmış vəsaitlərin talanmasına qədər. Üstəlik, ünsiyyətdə olduğunuz hər bir məcburi köçkün bu baxımdan sizin informasiya bazanızı yetərincə zənginləşdirə bilər.



İndi isə biz iqtisadçıların toplayıb bir yerə yığdığı bəzi rəqəmləri diqqətinizə çatdırmaq istərdik. Onları bir yerə toplamaqla komitə sədrinin nəvəsinin var-yatırı ilə bağlı son çağlar yayılan söz-söhbətə bir qədər də işıq salmaq istədik. İstədik ki, kimsə yenidən “sən bilərsən, bu pullar hardandır” sualıyla vaxtınızı almasın. Komitə sədrinin nəvəsi Nail Allahverdiyevin maşın kolleksiyasının bəzilərinə niyə çox görünməsinə cavab da tapmaq olar. Son 19 ildə babanın əlindən gəlib keçən, rəsmiyyətə düşən pullara baxın, eyni zamanda qeyri-rəsmi dövriyyənin də olduğunu unutmayın.
Gərək ki, bununla bağlı Komitədən reaksiya olmadı. İndiyədək tikilib qaçqınlara paylanan, yaxud hazır binalarda dövlətin vəsaiti hesabına alınıb məcburi köçkünlərə verilən mənzillərin sayına baxsaq, yetərincə böyük məbləğin dövr elədiyini görə bilərik.

“2001-2016-cı illər ərzində qaçqın və məcburi köçkünlər üçün respublikanın 30-dan artıq şəhər və rayonunda Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 3,2 milyon kvadrat metr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik 95 müasir qəsəbə salınmışdır” -bunu özləri yazır. Yetərincə böyük məbləğ alınır…

“Qaçqınkom”-un büdcədə payı

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin büdcədə həmişə böyük payı olub. Bu pay ildən-ilə artıb. Eyni zamanda komitə uzun illər beynəlxalq humanitar təşkilatlardan da böyük məbləğdə yardım alıb. Beynəlxalq humanitar təşkilatların xəttilə ərzaq yardımı dayandırıldıqda isə Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti 2002-ci ilin may ayından ilin sonunadək hər ay Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xüsusi hesabına 2 milyard 516 milyon manat vəsait köçürüb.

Bundan əlavə, Prezidentin Ehtiyat Fondundan da, demək olar, hər il bu və ya başqa məqsədlər üçün Komitənin hesabına milyon manatlarla vəsait köçürülüb.

“Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün son 21 ildə 6,2 milyard manat vəsait sərf edilmişdir. Həmin vəsaitin 2,8 milyard manat büdcə vəsaiti, 2,0 milyardı Dövlət Neft Fondunun, 1,4 milyardı isə beynəlxalq maliyyə qurumları və ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların vəsaitidir”. Bu məlumatlar Komitənin saytından götürülüb.



2004-2008-ci illərdə Komitənin gördüyü işlərlə bağlı statistik məlumatların diqqəti çəkən bir hissəsilə tanış olun:

“…Komitə tərəfindən müxtəlif rayonlar üzrə 575 məskunlaşma obyektlərinə 322 ədəd müxtəlif markalı güc transformatorları, 371 ədəd su nasosları, 15500 metr kabel, 337500 metr elektrik naqili verilmiş və quraşdırılaraq istismara verilmişdir”.

Rəqəmlərlə sizi yormadan diqqəti yuxarıdakı abzasa yönəltmək istəyirik, transformatorlarla bağlı hissəyə. Yaşadığım kənddə əvvəlcə bir transformator olub, sonra bir neçəsi də quraşdırılıb. Son illərə qədər o transformatorlar işlək durumda olub. Onların, təbii ki, qulluq göstərilməklə və hər hansı qəzadan sonra müəyyən detalını dəyişməklə 30-40 il işlədiyini bu sahədə çalışanlar da təsdiqləyir. Bu ilin avqust ayında saytlardan birinə müsahibəsində iqtisadçı Nazim Bəydəmirli demişdi: “…Şınıx bölgəsində olan transformatorlar 60-70-ci illərdə quraşdırılanlardır. Bir xəttin üzərində 5-6 kənd yerləşir. Bir yerdə qəza olanda 5-6 kənd işıqsız qalır”.

Ancaq bu “Qaçqınkom” sanki “birdəfəlik” transformatorlarla işləyib.

Transformatorların satış qiyməti

Adının çəkilməsini istəməyən “Azərişıq” mütəxəssislərindən biri transformatorların satış qiymətinin aşağıdakı kimi olduğunu dedi:

40 – 2500

63 – 2900

100 – 3500

160 – 4200

200 – 5300

400 – 7100

630 – 9600

1000 – 13700



2001-ci ildən 2017-ci ilə qədər məcburi köçkünlərin yaşadıqları ərazidə 830 transformator quraşdırılıb. Ortalama qiyməti 3500 manatdan götürsək, bu, 2 milyon 905 min manat edir. Ancaq şübhə yoxdur ki, qaçqınlar üçün qoyulan transformatorların gücü az olsa da, qiyməti və gücü rəsmi sənədlərdə daha yüksək göstərilib. Çox təəssüf ki, “Qaçqınkom” quraşdırdığı transformatorları “müxtəlif güc” adıyla ümumiləşdirib. Bu səbəbdən həmin transformatorların hansı gücdə olduğunu bilmək və bu transformatorlara çəkilən xərci hesablamaq mümkün deyil.

“2001-2015-ci illər ərzində qaçqın və məcburi köçkünlər üçün respublikanın 30-dan artıq şəhər və rayonunda Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 2,9 milyon kvadrat metr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik 94 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksi salınmışdır…” Bəs hər cür şəraiti olan müasir qəsəbələrdə və mənzillərdə soba yanacağına ehtiyac nədən doğub?

9 ildə soba yanacağına 50 milyon manat

Daha bir rəqəm məcburi köçkünlərə verilən soba yanacağına ayrılan vəsaitlərlə bağlıdır. Maraqlıdır ki, hər il məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması, onların qazla təmin olunmasıyla bağlı informasiyalar yayılır, hesabat yığıncaqlarında bu rəqəmlər dövlətin, şəxsən prezident İlham Əliyevin uğuru kimi “Qaçqınkom” sədrinin dilindən səsləndirilir, elə Nazirlər Kabinetinin yığıncaqlarında da İlham Əliyev bu tipli rəqəmləri az sadalamayıb. Qaçqınların hər cür şəraiti olan, qazla və istilik sistemi ilə təchiz edilən binalara yerləşdirildiyi vurğulanır. Eyni zamanda hər il soba yanacağı üçün vəsait ayrılıb və bu, ağ neft şəklində məcburi köçkün ailələrinə “paylanıb”. Yeri gəlmişkən vurğulayaq ki, ağ neftin 1 litri həyətlərdə 1,5 manata satılır. Məsələn, 2009-2015-ci illərdə, bu illər həm də qaçqınların mənzil şəraitinin yaxşılaşdırıldığı, uğurlu inkişaf illəri sayılır, məcburi köçkün ailələrinə yanvar-fevral və oktyabr-dekabr aylarında hər ailəyə 40 litr ağ neft verildiyi yazılır. Füzuli, Ağdam və Cəbrayıldan olan məcburi köçkünlərlə söhbətlərdə onlar qaçqınçılığın ilk illərində neft aldıqlarını təsdiqləyiblər, ancaq bu ağ neft yox, adi “salyarka” – dizel yanacağı olub. Son illərdəsə, ümumiyyətlə, bu yanacaq da verilmir. Sənədlərdəsə 2009-2015-ci illərdə məcburi köçkünlərə 50 milyon manata yaxın vəsaitə ağ neft alınıb verildiyi bildirilir.



Düzdür, “Qaçqınkom”un statistikasında azalma müşahidə olunur. 2009-cu ildə yanacaq üçün ayrılmış 7,9 milyon manat vəsaitin 7,2 milyon manatının 80 min ailəyə sərf olunduğu yazılır. 2014-cü ildə yanacaq alınmasına 5,4 milyon manat ayrılıb və 42 min məcburi köçkün ailəsinə, hər ailəyə 40 litr olmaqla, ağ neft paylanıb. 2015-ci ildə bu məbləğ 5 milyon manat, ailə sayısa 41 min olub.

Maraqlıdır, belə çıxır ki, məcburi köçkünlər bu yanacağı “hər cür şəraiti olan, qazla və istiliklə təchiz edilən” çoxmərtəbəli mənzillərində yandırıblar…

Bu rəqəmlər həm də 2 nəfərin ölümündə, 2 nəfərin ağır yaralanmasında suçlu olan biri haqqında hakimin nədən 6 il həbs cəzası kəsməsinə də işıq sala bilər…

Özünüzü qəzalardan qoruyun, istilik sistemi olan mənzillərinizdə də ağ neft yandırmağın təhlükəli olduğunu unutmayın; yardım olaraq ağ neft almısınızsa…

Rövşən Hacıbəyli

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net