Ana səhifə

Alimlər internetin yeni növünü yaradırlar

    Tarix: 16-06-2017 12:16   
  Alimlər internetin yeni növünü yaradırlar
“The Guardian” yazır ki, alimlər tamamilə yeni tipli internetin yaradılmasına doğru nəhəng addım atıblar.

Qlobal kvant interneti adlanacaq yeni sistemin əsasını yerüstü stansiyalara min kilometrlik məsafədən “işıq zərrəcikləri” tuşlayan süni peyk təşkil edəcək.

Bu sistem atoma daxil daha kiçik elementlərin bir-birinə uzaq məsafədən, hətta planetimizin əks tərəfindən “bağlana bilmək” qabiliyyətinə əsaslanır.

Alimlər inanırlar ki, zərrəcikləri bu sayaq bir-birinə bağlamaqla şifrələnmiş informasıyanı kvant şəbəkəsi vasitəsilə bir yerdən başqa yerə ötürmək mümkün olacaq. Belə informasiyanı hazırkı internetdə olduğu kimə deşifrə və dekod etmək mümkün olmayacaq.

Çinin Hefey şəhərindəki Elm və Texnologiya Universitetinin professoru Jian-Wei Pan deyib ki, belə bir şeyi reallıqda nümayiş etdirmək onun 2003-cü ildən indiyədək ən böyük arzusu olub.

“Bir çoxları düşünürdülər ki, bu, divanə və əlçatmaz bir ideyadır” – deyib alim.

Bu elmi iş, bir-birinə kvant fizikasının qəribə qanunları ilə bağlı qoşa fotonların uzaq məsafəyə göndərilməsi sahəsində əvvəlki dünya rekordunun üstündən xətt çəkir. Kvant fizikasının “bu qəribə” xasiyyətini ilk dəfə Einstein müşahidə edib.

İndiyədək alimlər bir-birinə bağlı fotonları yalnız 105 kilometr məsafəyə ötürə bilirdilər. Bu, satellit vasitəsilə həyata keçiriləcək məsafənin onda birini təşkil edir.

Cənab Pan deyib ki, bu qlobal kvant şəbəkəsinin yaradılması sahəsində ilk, lakin böyük addımdır.

“Bundan əvvəlki metodlar 100 kilometri aşmırdı və yalnız bir şəhərin miqyasında istifadə oluna bilərdi” – deyib alim.

Belə bir eksperiment aparılması dünyanın ilk kvantla təchiz edilmiş kosmik gəmisi – Çinin Micius adlı süni peykinin orbitə çıxarılması zamanı mümkün olub. Gəmi Çin üzərində yüksəlməkdə ikən satellit bir-birinə kvant bağlantısı ilə bağlı foton cütləri yaradıb.

Bundan sonra bu fotonlar eyni vaxtda yerdəki Delinqa, Lijianq və Nyanşan stansiyalarına transmissiya edilib. Hər bir cüt yerdəki stansiyalaradək 1995 kilometrlik məsafə qət edib. Təcrübənin detalları Science jurnalında dərc edilib.

Pan deyib ki, məlumatı gizli saxlamaq üçün hazırda tətbiq olunan şifrələmə mürəkkəb riyaziyyata əsaslanır və bunu da hakerlər sındıra bilirlər.

Alimin fikrincə, əgər gələcəkdə qlobal kvant şəbəkəsi yaratmaq mümkün olsa, bu sistem fizika qanunları ilə işləyəcək və daha etibarlı şifrələmə imkanı verəcək.

“Bu, bütün bəşəriyyət üçün faydalı bir iş olacaq” – deyib alim.

Colorado ştatının Bulder şəhərindəki Milli Standartlar və Texnologiyalar İnstitunun fiziki Martin Stevens deyib ki, bu təcrübə onu valeh edib. Alim deyib ki, belə eksperimentləri hətta qapalı laboratoriyalarda da aparmaq asan iş deyildir, o ki, qaldı bir-birindən aralı yerlər arasında saatda min kilometrlərlə uçan raketdən həyata keçirilə. Belə bir şey heyrətamizdir.

2015-ci ildə Stevens kilidli fotonları optik liflərlə 105 kilometrlik məsafəyə göndərmişdi. Bu, qonşu şəhərlər arasında kvant rabitəsi üçün kifayət məsafədir. Lakin məsafə uzandıqca siqnal optik lifdə tədricən zəifləyirdi. Fotonların süni peykdən göndərilməsi isə daha əlverişlidir, çünki onda yolun böyük hissəsi fəza ilə keçilmiş olur.

Vyana Kvant Elmi Mərkəzindən Anton Zeilinger də deyib ki, söhbət ümumdünya kvant şəbəkəsinin yaradılmasında çox böyük addımdan gedir.

Alim bunu da əlavə edir ki, kvant şəbəkəsinin yaradılması zamanı böyük məsafələr əsas məsələdir. Belə məsafələri şüşə liflərlə qət etmək mümkün deyil.

Zeilinger deyir ki, təcrübənin peykdən aparılması böyük nailiyyətdir.

Zeilinger hazırda doktor Pan-la birlikdə qitələrarası kvant şəbəkəsinin yaradılması üzərində işləyir.

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net