Ana səhifə

MÜHARİBƏ TANRISI- SSRİ-ni Əfqanıstan bataqlığına salan adam...

    Tarix: 14-06-2017 08:53   
  MÜHARİBƏ TANRISI- SSRİ-ni Əfqanıstan bataqlığına salan adam...

Zbiqnev Bjezinskinin portret cizgiləri




DOSYE: Zbiqnev Bjezinski. ABŞ xarici siyasətinin baş memarı. Tam məxfi Amerika əks-kəşfiyyatçısı. Polşa Baş Ordu Qərargahının anti-Rusiya yönlü “Prometey” (1926-1940) əməliyyatını qısa fasilədən sonra yenidən canlandırıb gündəmə gətirən “boz kardinal”.

UŞAQLIQ ARZUSU: Polşa prezidenti olmaq.


DOĞUM TARİXİ: Xarkov şəhəri, 28 mart 1928-ci il. İl ilə ayın eyni 28 rəqəmində birləşməyi faktı məşhur Xarkov münəccimlərinin diqqətindən yayınmayıb o vaxt. Münəccimlər bu uşağa xüsusi diqqət edib gizli ulduz xəritəsini hazırlayıblar. Valideynlərinin qulağına nəsə pıçıldayıblar. Gələcəkdə bu uşağa böyük qələbə vəd ediblər.


AİLƏSİ: Həyat yoldaşı Emiliya Beneş o zaman Çexoslovakiya adlanan dövlətin prezidenti Eduard Beneşin qızıdır. Heykəltəraşdır. Ancaq oğlu Mark anasının deyil, atasının yolunu davam etdirib öz həyatında. İndi o, Kiyevdəki ABŞ səfirliyində yüksək vəzifə sahibi kimi tanınır. Atasının arzularını reallaşdırır bu ünvanda.


QORXULU YUXULARI: Qorxulu röyalarında həmişə eyni mənzərəyə diksinib-rus hərbi tankları Riqa ilə Tallini bircə həmlə ilə qəsb edib Baltik sahillərinə çıxırlar.


MÜHARİBƏ TANRISI: Ən azı iki müharibənin müəllifi kimi tanınır dünya siyasətçiləri arasında. Sovetləri Əfqanıstan avantürasına öz dezinformasiyaları ilə məhz o təhrik edib. Bjezinski həm də 1980-89-cu illərdəki dağıdıcı İran-İraq müharibəsinin müəllifidir. İraqın “İstehbarat Əskəriyyə” hərbi kəşfiyyatı o zamankı Bağdadda Pentaqon Hərbi Kəşfiyyatı (Defense Intelligence Agency) ilə eyni binanı bölüşüblər. Aralarında qarşılıqlı əməkdaşlıq barədə rəsmi razılaşma da olub. Amerika kosmik peykləri o vaxt cəbhə boyu gördüklərini anında Səddam Hüseyn generallarının tüklü qulaqlarına çatdırırmış və sair və ilaxır...


GİZLƏTDİKLƏRİ: Üzdə həmişə öz polyak mənşəyindən danışan Bjezinski bir başqa-yəhudi kökləri barədə həmişə susmağa üstünlük verib. Məhz bu xətlə siyasi olimpin zirvələrinə sahiblənib.


PUTİNƏ MÜNASİBƏTİ: “2011-ci ildəki prezident inauqurasiyasına baxıb gördüm ki, Rusiya prezidenti bu günə deyil, keçmişə bağlıdır. Tarixin əsiridir. Mussolinini yada salır. İndiki Rusiya nə SSRİ-dir, nə də ki, Çar Rusiyası. Zəifdir bir sözlə”.


ANTİ-RUSİYA OVQATI: Atası Tadeuş Bjezinski Polşa kəşfiyyatının məxfi əməkdaşı olub bir vaxt SSRİ ərazisində. Diplomat adı altında gizlənib. SSRİ-yə qarşı keçirilən “Prometey 1" məxfi əməliyyatında çox vacib halqa sayılıb. Oğlu Zbiqnev 10 yaşınadək SSRİ ərazisindəki bir çox Polşa diplomatik missiyalarında yaşayıb. Casusluğun nə olduğunu öz gözləri ilə görüb. Stalin dövrünün bütün ətrini-qoxusunu çəkib canına. Hələ uşaq ikən Rusiyaya qarşı patoloji nifrət hiss edib öz daxilində. Uşaqlıqdan çox diqqətli olub. Görün bir nələrə fikir verib: ”Ən zəhləm getmiş mənzərə çiçək güldanına amansızcasına sancılmış saralmış, çeynənmiş siqaret kötüyüdür. O, məhəbbətin sonundan, əsəbilikdən, uğursuzluqdan xəbər verir. Bu mənzərə ilə rastlaşdınızsa, belə yerlərdə çox qalmayın. Çiçək güldanına siqaret kötüyü basmaq rusların adətidir. İlk dəfə bu mənzərəyə hələ uşaq ikən Rusiyada rastladım. Çox-çox sonralar, 1987-89-cu illərdə ABŞ Senatındakı Kəşfiyyat üzrə Məsləhətləşmə Şurası üzvü ikən bir kərə bu mənzərəni binanın dəhlizlərində gördüm. Bildim Ağ Evdə, Senatda, Pentaqonda Rusiya casusları nə qədər çoxdur".


***


1979-cu ildə bu mənzərəni Senat dəhlizlərində görən Zbiqnev Bjezinski özünü vurur tülkülüyə. Əmr verir xəfiyyələrə dövlət idarələrindəki bütün yekə güldanları güdsünlər. Siqaret kötüklərini güldanlara sancanları nəzarətə götürsünlər. Siyahını əldə edincə Bjezinski keçir əməliyyatın ikinci hissəsinə. Deşifrə edilmiş bu agentlərə ilk dezinformasiyalarını ötürərək rəsmi Moskvanı barmağına dolayır. Sonralar fransız jurnalı “Nuvel Observator”a 1998-ci ildə verdiyi müsahibədə o, bu oyunbazlığını görün necə xatırlayır: “3 iyul 1979-cu il tarixdə biz Ağ Evdə qərar qəbul etdik ki, əfqan mücahidlərinin silah, sursat ilə təchizatını öz boynumuza götürək. Mən səy göstərdim ki, bu məxfi informasiya maneəsiz olaraq Kreml rəhbərlərinə gedib çatsın”.


Zbiqnev Bjezinski portretinin bu ilk ştrixlərinə xüsusi diqqət edin. Əslində o kəşfiyyatçı deyil, çox mahir, zərgər dəqiqliyi ilə işləyən əks-kəşfiyyatçıdır. Casusların iyini burnuna çəkir əvvəlcə. Sonra bolluca “dezo” ötürür ünvanlarına.


Senatdakı sovet casusların əsəbləri o vaxtdan başlayaraq dartılır tarıma. Güldanlara sancılan siqaret kötüklərinin sayı xeyli artır. Nəticə özünü çox gözlətmir.

“Dezo”lara aldanan Kreml rəhbərliyi Əfqanistana ordu yeridib orda düşür əsl tələyə. Şad xəbəri eşidincə Bjezinski prezident Jimmi Karterə görün bir nə yazır: “SSRi-yə təzə müharibə hədiyyə etdik. İnşallah, bu, rusların Vyetnam savaşı olacaq. Yedikləri burunlarından gələcək, görərsiz”.


Sonralar Ağ Ev rəsmiləri bir ağızdan etiraf edəcək ki, bu təxribatı şəxsən Zbiqnev Bjezinski özü hazırlayaraq, necə deyərlər, “nəlbəkidə” sadəlövh ruslara ötürüb.


ÖNCƏGÖRƏNLİYİ: “Yeni informasiya inqilabına, texnotron zamana SSRİ keçid edə bilmədi. Bilgisayarlar, fakslar, nanotexnologiyalar, kserekslər, üfüqlərdə parlayan internet şəbəkəsi SSRİ-ni məğlub etdi”.


ÜÇ TƏRƏFLİ KOMİSSİYA: O, “ABŞ+Avropa+Yaponiya” məxfi ittifaqının mənafelərini güdüb həmişə. ABŞ maraqlarına deyil, transmilli, qlobalist güclərin maraqlarına xidmət edib.


MÖCÜZƏLƏRİ: Amerikanı dəniz səyyahı Kristofor Kolumb açıbsa, Avrasiya qitəsini dünya siyasi xəritəsinə məhz Zbiqnev Bjezinski həkk edib.

O, Avrasiyanı dünyanın mərkəzi nöqtəsi-yəni “Hartland” sayırdı. Hesab edirdi bu qitənin bir açarı Polşa ilə Ukraynadadır, bir başqa açarı Əfqanistanda, əsas açarı isə... məhz Azərbaycandadır.


Məhz buna görə 90-cı illərdə ABŞ dövləti Bjezinskini Bakı-Tiflis-Ceyhan neft kəməri üzrə öz xüsusi nümayəndəsi elan edir. Mətbuata verdiyi bir müsahibəsində o bu barədə belə deyib: “SSRİ çökdükdən sonra Avrasiya ərazisində Rusiya tərəfindən nəzarətsiz qalmış nəhəng təbii sərvətlər mövcuddur. Bu ”qara dəlikləri" biz mütləq, hökmən öz xeyrimizə işlətməli idik. Qəribədir, mən eyni vaxtda həm də “BP-Amoka”nun məsləhətçisi idim, həm də “Feedom Hause”un. Avrasiya ölkələrinin maddi sərvətlərini dəyərləndirmək, razılaşın, bir başqa məsələdir, insan azadlığı şkalasını bu ölkələrdə təyin etmək isə bir başqa məsələ. Nə isə...mən bu müşkülü birtəhər həll etməyi bacardım".




Bakıya-Avrasiya qitəsinin kilid şəhərinə, daha dəqiq desək paytaxtına 90-cı illərdə Bjezinski bir dəfə deyil, üç dəfə səfər edib. Heydər Əliyevin ABŞ-a səfərini şəxsən özü hazırlayıb. Sonralar Bakıda çap edilmiş “Dünyanı heyrətləndirən insan” kitabında Bjezinski o vaxtkı xatirələrini bu cür xatırlayır: “Heydər Əliyev barədə hələ ”Soyuq müharibə" illərindən xeyli informasiyaya malikdim. SSRİ-nin bu aparıcı siyasi fiquru çox ağır çəkiliydi. Deyirdilər o, hətta bir gün Sovet Kommunist Partiyasının birinci katibi seçiləcək.


Əliyevlə canlı təmasım ölkəniz müstəqillik əldə etdikdən sonra baş tutdu. O vaxt Moskva Bakıya təzyiq edirdi neft kəmərini Rusiya ərazisindən keçirsin. Biz Əliyev ilə birgə buna qarşı idik. Bakıya bir dəfə öz həyat yoldaşımla getmişdim. Görüş zamanı Heydər Əliyev həyat yoldaşımın diqqətini özünə cəlb etməyi bacardı. Bunu özüm üçün xüsusi barometr sayıram".




Yadda saxlayın-Bjezinskinin həyat yoldaşı Emiliya Beneş heykəltəraş kimi çox məşhurdur. Heykəltəraşların baxışı, zövqü isə razılaşın, sadə olmur. Belələri ancaq xüsusi insanlara, xüsusi sifət cizgilərinə diqqət ayırırlar adətən. Emiliyanın Heydər Əliyevə marağı, simpatiyası, bizcə, göydəndüşmə olmayıb. Görünür, bir heykəltəraş kimi o bu danışıqları qulağı ilə deyil, gözləri ilə eşidib sanki. Daxilində Heydər Əliyevin bir heykəlini yaradıb.


2003-cü ilin 6 noyabr tarixində, İlham Əliyevin prezident seçilməsindən az sonra Bjezinski növbəti dəfə Azərbaycana-Avrasiya qitəsinin düz göbəyinə, paytaxtına səfər edir. Öz siyasi dəstəyini yeni prezidentə sərgiləməkdən çəkinmir.


***


Onun “Böyük şahmat taxtası” kitabı hələ uzun illər bir çox dünya liderlərinin masaüstü kitabı olaraq qalacaq. Bjezinski Azərbaycanı, Bakını həmişə bir növ “Hartland”, yəni dünyanın, Avrasiyanın mərkəzi hesab edib. Vəfatından azca öncə erməni politoloqu Eduard Abramyana verdiyi son müsahibəsini də xüsusi olaraq bunları təsdiqləyib. Sonra zəif baş barmaqlarını uzadıb Brüsseldəki NATO qərargahı istiqamətinə. Divardakı bir şəkili ətrafındakılara, xüsusən erməni Eduard Abramyana göstərib. Rəssam Salvador Dali fırçasından çıxmış bu tablo Brüsseldəki NATO qərargahının əsas baş divarını bəzəyir. Şəkildə bir uşaq dünya xəritəsinə barmaq uzadaraq orda paytaxtımız Bakını, Xəzər hövzəsini göstərir.




BJEZİNSKİ İLƏ ŞAHMAT OYUNUM: Bjezinski dünyaya, o cümlədən Azərbaycana, Salvador Dali kimi, təkcə yerdən deyil, göydən də baxmağı bacarıb. Bilib ki, dünyanı tən ortadan bölən meridian xətt - adına “Haushoffer qövsü” deyilən yarıq, Rusiya-Azərbaycan-İranın həm hava, həm quru ərazisini birləşdirir. Bircə saatlığa bu dəhlizi qapat, vəssalam, Şərqdən-Qərbə, Qərbdən-Şərqə gedən bütün aviasiya trafiki anında pozulacaq. İndi NATO təyyarələri bu xəttin ancaq Azərbaycan hissəsindən ötüb öz uzaq hədəflərinə - Əfqanıstana yetişə bilirlər. Amma bir gün Azərbaycan bu dəliyi bağlasa, görün, nə baş verər bütün dünyada? Ara qızışar, məzhəb itər. NATO qalar yana-yana. Şərqdən Qərbə, Qərbdən Şərqə bircə addım belə ata bilməz. Dünyada, bir görün, nə qədər silkələnmələr baş tutar?

Bjezinskinin Azərbaycana marağı inanın məhz bu sirri-xuda ilə əlaqəli olub. O, bu qövsü görüb. Mənasını dəyərləndirib. Azərbaycanı bu sirli coğrafiyanın “kilid ölkəsi” adlandırıb.

2010-cu ilin yanvarında mən bu “Haushoffer qovsü” mövzusunu uzun fasilədən sonra yenidən dünya mətbuatına gətirib, strateji araşdırma mərkəzlərini əməlli-başlı silkələdim. “Reqnum” informasiya mərkəzinin saytında çap etdiyim “Haushoffer qövsü” məqaləmlə gündəmi ələ aldım. Məqaləm bir çox dərgilərdə, saytlarda təkrar-təkrar çap edilərək dünya ictimaiyyətinin, xüsusən Rusiya, Kreml analitiklərinin, hərbçilərinin marağına səbəb oldu. Zarafat etməyin, bu qeopolitik xəritə Bakı- Ceyhandan sonra Azərbaycanın dünyaya təqdim etdiyi növbəti yeni geopolitik layihə idi. Bu hər iki fərqli layihədə Azərbaycan əsas kilid ölkə, Avrasiyanın açarıdır.


Qısası, siyasətin şahmat taxtası üzərində bir gün mən də öz at gedişimi etmişəm. Diksindirmişəm bu vaxt qocaman Bjezinskini, yaxud...nə isə... heç milçək olub yanından ötməmişəm? Hə... bunlar başqa məsələdir. Əsas odur ki, bir gün biz də Bjezinskinin şahmat taxtası üzərində öz at gedişimizi etmişik.


İndi biz bu böyük siyasətin böyük şahmat ustasını itirdik. Mən bir dəfə bu şahmat taxtası üzərində öz gedişimi edib ləzzətini duymuşam. Bjezinskidən sonra da biz bu şahmat oyununda öz müstəqil növbəti gedişlərimizi edəcəyik.


HƏMİD HERİSÇİ

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net