Ana səhifə

Bakıda psixoloqun müəmmalı ölümü - qətl, yoxsa intihar...

    Tarix: 27-01-2017 09:37   
 Bakıda psixoloqun müəmmalı ölümü - qətl, yoxsa intihar...
Tanınmış psixoloq Dəyanət Rzayevin ölümü ətrafında mübahisələr başlayıb; onun kəmərlə özünü asması bəziləri tərəfindən olaya başqa rəng verilməsinə səbəb olub; psixoterapevtin son vaxtlar dərin depressiya keçirdiyi deyilir
Xəbər verdiyimiz kimi, psixoterapevt Dəyanət Rzayev intihar edib. Onun cəsədi yanvarın 25-də axşam saatlarında Bakının Yasamal rayonunda (Murtuza Muxtarov 185 ünvanında) yerləşən evində aşkarlanıb.

Ailə üzvlərinin bildirdiyinə görə, D.Rzayevin cəsədini anası Şərqiyyə Rzayeva aşkarlayıb. Belə ki, oğlunun davamlı telefon zənglərinə cavab verməməsindən narahat olan ana onun evinə gedib və meyitini aşkarlayıb. D.Rzayev özünü kəmərlə boğaraq intihar edib. O, intihardan öncə yazdığı məktubunda hadisədə heç kimin günahı olmadığını, bunun “özünün şəxsi qərarı olduğunu” qeyd edib.

Tək yaşadığı evdə intihar edən Dəyanət Rzayevin 2 azyaşlı övladı var və həyat yoldaşı ilə boşanıb. Mərhum dünən günorta saatlarında Biləcəri qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində mərhumun yaxınları, həmkarları və digər ictimaiyyət nümayəndələri iştirak ediblər. Musavat.com-un hadisə yerində olan əməkdaşının bildirdiyinə görə, yaxınları bu haqda heç nə danışmaq istəməyiblər.

Gülər Əhmədova: “Dəyanətin ətrafındakı hər kəs günahkardır”



Olay mediada yayılan andan etibarən sosial şəbəkədə də reaksiyalar səngimədi. Reaksiya müəlliflərindən biri də sabiq deputat, eyni zamanda hazırda psixoloqluqla məşğul olan Gülər Əhmədova oldu. Gülər xanım D.Rzayevin dostu olaraq öncə bu hadisə barədə şərh yazanlara etiraz etdi: “Yoldaşlar, ay yoldaşlar... Bu gün də hamınız psixoloq olmaq qərarına gəldiniz?? Yaxşı elədiniz... Olun. Amma unutmayın ki, heç kim heç nədən sığortalanmayıb. Gözləmədiyiniz vaxtda özünüz və ya yaxınınız intihar edər, yaxşı düşməz. Dəyanət Rzayev çox savadlı, fundamental təhsilli psixoloq idi. 6 aylıq kurs keçib, psixoloq olmamışdı. Ən gözəl sürücülər qəza törədir, ən yaxşı müəllimin uşağı avara ola bilir. Ən yaxşı kardioloji mərkəz açmış Neftçılər xəstəxanasının baş həkimi ürək qüsurundan həyatını dəyişdi, çünki əməliyyatdan çəkinirdi. Dəyanətin ətrafında olan hər kəs günahkardır, çünki hamı onu daha güclü hesab edirdi. Hamı düşünürdü ki, ona məsləhət vermək olmaz, dərdinə şərik lazım deyil. Çünki o, psixoloqdur. Hamının Axilles dabanı var. Hamının qırılma nöqtəsi var. Hamının sevgiyə, mərhəmətə ehtiyacı var. Əzizlərinizi bu gün sevin, bu gün zəng vurun, bu gün axtarın. Dəyanəti rahat buraxın. O artıq bizlik deyil, Yaradanının yanındadır. Allah ona rəhmət və mərhəmət etsin”.

Həyat yoldaşı “Xaricə getmək istəyirdi” deyir, Elmir Əkbər intihar versiyasını inkar edir

Mərhumun həyat yoldaşı Nüşabə xanım qafqazinfo.az saytına açıqlamasında Rzayevin sıxıntılarının olduğunu bildirib: “O qədər problemləri var idi ki, ölkədən qaçıb getmək istəyirdi. Son vaxtlar elə hey xaricə getmək istədiyini deyirdi”.



Tanınmış psixoloqun intihar hadisəsi cəmiyyətdə böyük rezonans doğurub. Çox adam psixoloqun intihar etməsini normal qəbul edə bilmir. Hətta ölüm hadisəsini müxtəlif formada şərh edənlər var. Tanınmış psixoterapevt Elmir Əkbər modern.az-a açıqlamasında deyib ki, bu hadisədə intihardan söhbət belə gedə bilməz: “Birmənalı olaraq, burada heç bir intihardan söhbət gedə bilməz. Çünki Dəyanətin həyatının mənası var idi, nə üçün yaşadığını bilirdi. Yüz faiz əminəm ki, bu hadisədə özünəqəsddən söhbət gedə bilməz. Gah dedilər ki, özünü binadan atıb, gah da dedilər ki, özünü kəmərlə asıb. Belə təəssürat yaratdılar ki, ilk olaraq onun ölümü haqqında nə deməyin lazım olduğunu dəqiq bilmirdilər. Əvvəl dedilər ki, özünü atıb, sonra isə qeyd etdilər ki, yox, kəməri ilə özünü asıb. Dərindən analiz edən insanlar üçün bu versiyalar təbii ki, gülüncdür. Yaxşı ki, yazıq Dəyanətin üstünə benzin töküb yandırandan sonra ”o özünü yandırdı deməyiblər".

Image result for Elnur Rüstəmov

Psixoloq Elnur Rüstəmov isə fərqli düşünür: “Dəyanət tez-tez stress keçirirdi. Özünə qapanıb, telefonu söndürüb, evdə otururdu. İşə 2 dəfə gedirdi, 5 dəfə getmirdi. Daha əvvəl də intihara cəhd etmişdi”.

Prokurorluq qətl versiyasını təkzib edir




Yanvarın 25-də paytaxtın Yasamal rayonu ərazisində Dəyanət Rzayevin yaşadığı mənzildə asılmış vəziyyətdə meyitinin aşkar olunması barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğunun və polis idarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinin və meyitin müayinəsi aparılıb.

Musavat.com xəbər verir ki, bu barədə Respublika Prokurorluğu mətbuat xidməti saytımızın sorğusuna hazırladığı cavabda bildirib. Cavabda eyni zamanda bildirilib: “Meyitin xarici müayinəsi zamanı boynundakı stranqulyasiya şırımından başqa bədəni üzərində zorakılıq əlamətləri, hər hansı xəsarət izi aşkar edilməyib. Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmış, D.Rzayevin ölümünün səbəbinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir”.

Züleyxa Bayramova: “3 gün əvvəl dedi ki, elə ölmək istəyirəm ki...”




Psixoloqun yaxınları isə onun ölümündən öncə belə bir istəkdə olması barədə eyham vurduğunu deyirlər. Bunu Dəyanət Rzayevin yaxın dostu, telejurnalist Zülfiyyə Bayramova musavat.com-a açıqlamasında bildirib. Müsahibimizin sözlərinə görə, hadisədən 3 gün əvvəl D.Rzayev ona zəng edib və israrla görüşmək istədiyini deyib: “Bir xeyli söhbət etdi. Zarafatlaşdıq, danışdıq. Orda mənə zarafatyana dedi ki, elə ölmək istəyirəm. Bəlkə də axmağam. Onun qədər ağıllı ola bilmədim. Sözünü qəribçiliyə saldım. Zarafatla dedim ki, ”nə ölmək-ölmək salmısan, kvartalın axırıdır". O məqamda gerçək fikrini tutsaydım, bəlkə də hər şey başqa cür olardı. Onun əynində qırmızı, mənim əynimdə sarı gödəkçə vardı. Hətta zarafatlaşdıq ki, dəli qırmızı, gic sarı. Əhvalı çox yaxşı görünürdü".

Müsahibimiz xatırlatdı ki, mərhum onunla iki dəfə sağollaşıb. Öncə binanın içində qucaqlaşıblar, bir az aralanan kimi isə psixoloq ona “Zulya, sən kişi adamsan” deyib təkrar qucaqlayıb: “Mən nə bilim ki, o, mənə vida edirdi? İndi o saniyələr yadıma düşəndə ikiqat əzab çəkirəm. O, mənimlə sağollaşmağa gəlmişdi”.

Z.Bayramova eyni zamanda dedi ki, D.Rzayevin hər hansı maddi problemləri olmayıb. Müsahibimizin sözlərinə görə, ona dərs demək üçün bir neçə yerdən təklif də gəlibmiş. Amma o, indiki durumundan və qazancından məmnun imiş: “Onun mənəvi dəstəyə ehtiyacı vardı. Əsas problemi də mənəvi idi. Yorulmuşdu, dolmuşdu. O gündən sonra da ondan xəbər ala bilmədik. Ta ki, dünənə qədər”.

Orxan Nəcəfli: “Ən çox intihar edən peşə sahibləri həkimlərdi”


“Kim psixiatırdırsa, o demək deyil ki, heç vaxt psixi xəstəliyə tutulmayacaq. Həyat göstərir ki, insanların 1%-ində şizofreniya xəstəliyi var. Psixiatrların da 1%-i eyni xəstəlikdən əziyyət çəkir”.

Bu sözləri psixoloq Dəyanət Rzayevin intihar etməsi ilə bağlı respublikanın baş psixiatrı, professor, Azərbaycan Psixoatriya Assosiasiyasının prezidenti Nadir İsmayılov lent.az ttp://lent.az/-a açıqlamasında söyləyib.

Ölkədə kifayət qədər səs-küyə səbəb olan bu intihar hadisəsini professor sıradan qarşılayır: “Axı niyə ajitoj yaradırlar, başa düşmürəm. Psixoloq da bir insandır. İnsanın da depressiyaya düşmək ehtimalları var. Depressiya həddi ciddiləşəndə insanda intihara meyliliyik daha da artır. Yəqin ki, Dəyanət bəy də son zamanlar depressiya keçirirmiş, nəsə həyatı problemi olub. O, problemin həlli qarşısında aciz qalıb”.



Psixiatr Orxan Fərəcli isə “Yeni Müsavat”a açıqlamasında bildirib ki, həmkarının intiharı onun depressiv durumu ilə bağlı olub. Uzun müddət depressiyadan əziyyət çəkən D.Rzayevin halının bəzən yaxşılaşması, bəzənsə pisləşməsi müşahidə olunurmuş: “Mənim onunla çox uzun müddət əlaqəm yox idi. Eşitdiyimə görə, ailəsində ayrılıq olmuşdu. Bəzən aylarla itirdi. Dostları, yaxınları ilə əlaqələrini kəsirdi. Onun intiharı bizim aramızda şok effekti yaratdı. Baxmayaraq ki, ən çox intihar edən məslək yiyələri məhz həkimlərdir. O statistikanın mənbəyini indi dəqiq deyə bilməyəcəm. Amma insan psixologiyası həssasdır. Bu cür nəticələr verə bilər. Bəzi insanlara qəribə təsir bağışlayır ki, nə əcəb Dəyanət Rzayev kömək istəməyib. Bu ölkədə 380 psixiatr və ondan iki dəfə artıq psixoloq var. Amma bu, bizim ölkədə bu peşənin sahibləri sırasında ilk intihar hadisəsidir. Məncə, burda məslək faktoru yox, fərdi keyfiyyətlər önəm daşıyır”.

Ölümündən öncə intihar barədə müsahibə verib: “İntiharın səbəbkarı monopolistlər, oliqarxlardır”

“Yeni Müsavat” xatırladır ki, psixoloq bir müddət öncə “Kanal 13" televiziyasına intihardan çıxış yolu haqda danışıbmış. O bildirib ki, Azərbaycanda intiharları daha çox kişilər edir, bunun da səbəbi sosial qayğılardır. Eyni zamanda bakupost.az-a müsahibəsində isə insanların maddi vəziyyətinin aşağı olmasında məmurları ittiham edib: ”Yeni ailə qurmuş, yaxud azyaşlı uşaqları olan kişi bu bahaçılıqda gedib ac körpə uşağının gözünə baxa bilmir. 50 manat pensiya alan xəstə anası olan gənclər var, onlar nə etsinlər? Çıxış yolu kimi özlərini öldürməkdə görürlər. Mən deməzdim ki, bu, etirazdır. Bir tərəfdən etirazdır, həm də günahkarlıq hissidir. Öz valideyninin, uşağının qabağında günahkarlıq hissi... Bu da, bilirsiniz, nədən irəli gəlir? Həmin o korrupsionerlərin, oliqarxların, monopolistlərin milləti yeyib talamasından. İntiharların səbəbi onlardır. Pulları yatırırlar ya villalara, ya da xarici banklara. Zavod açmırlar, bir iş yeri yaratmırlar ki, camaat da özünə çörək pulu qazansın. Dövlətə də gəlir gətirsinlər. Əlləri də hər yerdən üzülən camaat çarə kimi ölümü seçir".



İntihar edən psixoloqlar - hamısı ölmədən öncə məktub yazıb və depressiyadan əziyyət çəkib
Amma tarix bu günə qədər bir çox psixoloqun intihar faktı ilə tanış olub. Onlardan biri 2016-cı il aprelin 14-də baş verib. İstanbulda tanınmış psixoloq Tülay Gülən “Mədəniyyət evi”nin ikinci mərtəbəsindən özünü ataraq intihar edib. Bundan başqa, Türkiyənin Mersin vilayətində Ailə və Sosial Siyasətlər Nazirliyinin rayon müdirliyində psixoloq işləyən 45 yaşlı Hasan Cevdet evinin eyvanında özünü asaraq canına qəsd edib. Onun intihar səbəbləri bilinmir.
Xərçəng xəstəliyindən əziyyət çəkən rusiyalı professor Mixail Kondratyev də intihar edənlərdəndir. O, Moskva şəhər Psixologiya-Pedaqogika Universitetinin sosial psixologiya fakültəsinin 59 yaşlı dekanı olub. İntihardan əvvəl məktub yazan professor məktubunda ölümünə görə heç kimi gunahlandırmamağı, xəstəliyi ilə apardığı mübarizədən yorulduğunu bildirib.

Yunus Emre Dövlət Xəstəxanasında psixiatr olaraq çalışan həkim Mustafa Ünalmış da ötən ilin yayında intihar edib. O, tapança ilə qarnına atəş açaraq intihar edib. Evində tapılan son məktubda isə aşağıdakıları yazıb: “Mənim ölümümə görə heç kim məsuliyyət daşımır”.

Sevinc TELMANQIZI
Fotolar: Məhəmməd TÜRKMƏN

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov       Təsisçi: Əhmədov Şahin
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 (050) 614 94 33       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net