Ana səhifə

Qarabağ əlili: Polis şöbəsində məni öz əsamla döydülər

    Tarix: 22-05-2018 19:22   

 



“Yol hərəkəti qaydalarını pozan polisə etiraz etdiyim üçün başıma bunları gətirdilər”

“Onurğam müharibədən zədəlidir, şurupla, boltla birləşdirilib. Polis şöbəsində o qədər təpik vurublar ki mənə... Bədənimin ağrısından yata bilmirəm. Şöbədən buraxılandan sonra evə gəldim, dayanmadan qusurdum, başıma gələnlərlə bağlı dövlət qurumlarına şikayət teleqramları vurandan sonra ailəm məni xəstəxanaya yerləşdirdi. Cərrahiyyə şöbəsindəyəm, arayış vermirlər ki, ekspertizadan keçim, xəsarətlərim, bədənimdəki, üzümdəki qançırlar qeydə alınsın. Vaxtı uzadırlar ki, izlər itsin. Hiss edirəm ki, beynim silkələnib, dayanmadan qusuram”.

Polis yol qaydasını pozdu, etiraz etdim...

Şamaxı sakini, 1-ci qrup müharibə əlili, hərbi qulluqçu Namiq Zərbəliyev Meydan TV-yə danışır ki, bu il mayın 14-də Şamaxının mərkəzi küçəsində qəza şəraiti yaradan polis işçisinə etiraz etdiyi üçün onu Şamaxı Rayon Polis Şöbəsinə apararaq döyüblər. İki gün orada saxladıqdan sonra məhkəməyə aparıblar. Hakim barəsində Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə cinayət işi başlanması üçün qərar çıxararaq Şamaxı Rayon Prokurorluğuna göndərib. Namiz Zərbəliyev məhkəmənin bu qərarını qərəzli hesab edir. Deyir, yol qaydalarını pozan bir polisə etiraz etməsi ona baha oturub:

“Günorta saat 3 olardı, maşına benzin vurmaq üçün yanacaqdoldurma məntəqəsinə gedirdim. Gördüm ki, məndən qabaqda gedən “Niva” markalı maşın səki ilə addımlayan bir qızı təqib edir, gah arxaya sürür, gah irəli... Yolda qəza vəziyyəti yaratmışdı, az qaldı qarşıdakı maşınla toqquşum. Şüşəni aşağı salıb “Niva”nın sürücüsünə acıqlandım, sonra da sürüb yanacaqdoldurma məntəqəsinə getdim. Geri qayıdanda yenə həmin “Niva” ilə qarşılaşdım. Sürücü mənə əli ilə maşını saxlamağımı işarə etdi. Saxladım, o da düşdü, mən də... Gördüm ki, polis geyimindədir. Çatan kimi məni söyməyə başladı, təbii ki, mən də cavabsız qoymadım. Dedim, əynindəki uniformaya arxayın olub yol qaydalarını pozursan, başqalarını təhlükəyə atırsan. Dedi, vaxtım yoxdur, bir azdan gələrsən şöbəyə, danışarıq”.

O qədər döydülər ki...

Namiq Zərbəliyev deyir, maşını birbaşa Şamaxı Rayon Polis Şöbəsinə sürüb ki, rəisə polisin hərəkətlərindən şikayət etsin. Ancaq hər şey əksinə olub. Şamaxı Rayon Polis Şöbəsinin polisləri onu iki gün şöbədə saxlayıblar:

“Yol polis şöbəsinin rəisinin otağındaydım, baş verənləri danışırdım, o da dinləyirdi. Bu vaxt bir polis işçisi qapını açıb dedi ki, dur gəl bura... Rəis həmin polis işçisinə acıqlandı, dedi: “Bu, nə ədəbsizlikdir, görürsən ki, vətəndaş mənimlə danışır, sözünü bitirər, gələr”. Rəislə danışıb şöbədən çıxmaq istəyəndə polis işçiləri qarşımı kəsdilər, məni çəkib İctimai Təhlükəsizlik Bölməsinə saldılar. Hərə bir tərəfdən dartışdırmağa başladı, elə-hey deyirdilər: “Qudurmusan, paqona söyürsən?” O qədər döydülər ki, sifətim qan içindəydi. Əlimdə əsa vardı, əlimdən alıb elə onunla başıma, kürəyimə, ayaqlarıma vururdular”.

Qolumdakı qandalları şöbədə işləyən oğlum açdırdı

Namiq Zərbəliyevin öz oğlu da həmin polis şöbəsinin post-patrul xidmətində çalışır. Şikayətçi deyir, oğlu şöbəyə gəlib onu qolları arxasına qandallanmış vəziyyətdə döyülən görəndə etirazını bildirib, yalnız bundan sonra qollarındakı qandalı açıblar və onu döyməyiblər: 

“Oğlum Ağsu polisində işləyirdi, bir müddət əvvəl Şamaxı polisinə göndərilib. Burda da incidirlər, qərəzçilik edirlər onunla... Məni qandaldan o açdırdı. İki gün şöbədə saxlanıldım. Başıma dəyən zərbələrdən qusurdum, üstümə iki dəfə təcili yardım gəldi, iynə, dərman elədi... Üç dəfə məhkəməyə apardılar ki, cərimələtdirsinlər, hər dəfə də məhkəmənin qapısından geri qaytarırdılar. Daxili işlər nazirinə, Baş prokurora şikayət edəcəyimi deməyim rəisi qəzəbləndirdi, mənə daha ağır cəza verdirmək istədi. Onun təqdimatı əsasında barəmdə Cinayət Məcəlləsinin 315-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) ilə cinayət işi başlanması üçün qərar çıxarıb Şamaxı Prokurorluğuna göndərdi. Guya polis işçilərini döymüşəm. Məni şərlədilər”.

Tez-tez qusuram, başımda ağrılar var

Namiq Zərbəliyevlə bağlı məhkəmə qərarı çıxarılıb rayon prokurorluğuna göndəriləndən sonra, o, mayın 17-də şöbədən buraxılıb. Elə həmin gün başına gələnlərlə bağlı prezidentə, Baş prokurora, daxili işlər nazirinə teleqramlar vurub. Səhhəti daha da pisləşdiyi üçün Şamaxı rayon xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib:

“Heç nə yeyə bilmirəm, tez-tez qusuram, başımda güclü ağrılar var, bədənimdə döyülmənin sızıltılarını hələ də hiss edirəm. Prokurordan arayış istəyirəm ki, məni ekspertizaya göndərsinlər, günü günə satır. Gözləyirlər ki, döyülmənin izləri getsin, sonra ekspertizaya göndərsinlər”.

Namiq Zərbəliyev deyir, qeyri-iş günləri olduğu üçün xəstəxanada həkim heyəti də yoxdur ki, normal tibbi yardım alsın.

Şamaxı rayon Polis Şöbəsindən Meydan TV-yə bildirilib ki, mayın 14-də saat 16 radələrində Namiq Zərbəliyev sərxoş vəziyyətdə polis şöbəsinin binasına daxil olaraq polis əməkdaşlarını küçə söyüşləri ilə təhqir edib, ölkə başçısının ünvanına söyüb, onu sakitləşdirmək istəyən polis əməkdaşlarının üstünə cumaraq onlara xəsarət yetirib. Onun hərəkətləri protokollaşdırılıb və Şamaxı Rayon Məhkəməsinə təqdim olunub. Məhkəmə vətəndaş barəsində Cinayət Məcəlləsinin 315-ci maddəsilə cinayət işinin icraatına başlanmasına dair qərar çıxarıb.

Şöbədən Qarabağ əlilinin döyülməsi ilə bağlı iddiaya cavab verməyiblər.

MEYDAN TV
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net