Ana səhifə

AzTV sədri gənc qızı öldürüb doğramaqda ittiham olunur

    Tarix: 18-05-2018 21:51   



Arif Alışanov

Arif Alışanovun təkcə bir kənddə 300 min manatlıq ferması, 600 min manatlıq torpağı olduğu deyilir

"Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) sədri Arif Alışanovun bacısı oğlu Dəyanət Cəfərov və sürücüsü Hacı Babayev mayın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verib. Onlar A.Alışanov və qızını, həmçinin onların özünü öldürməyə cəhd ittihamı ilə həbs olunmuş Şücayət Əkbərov, Zöhrab Şirinov, Qoçəli Cəbiyev və Aqşin Hüseynovun məhkəməsində dindiriliblər.

Hakim Əfqan Hacıyev sədrliyilə keçirilən məhkəmədə Aqşin Hüseynovla digər üç təqsirləndirilən arasında qalmaqal olub. Aqşin Hüseynov istisna olmaqla, o birilər ittihamın yalan olduğunu, A.Alışanovun onları şərlədiyini bildirir. Aqşin isə özünü qismən təqsirli bilir.

O, məhkəmədə deyib ki, digər üç nəfər ifadəsini dəyişməsi üçün ona təzyiq edir:

"Qohumlarımın üstünə adam göndərirlər".

A.Alışanovun bacısı oğlu Dəyanət Cəfərov ifadəsində bildirib ki, dayısı ilə üç-dörd il əvvəl təsərrüfat qurmaq üçün Şamaxıda torpaq sahələri almağa başlayıblar.

Bu məqsədlə də Şamaxıda Şücayətə müraciət ediblər. Şücayət onlar üçün torpaq sahələri tapıb, bunlar da pulunu veriblər:

"Biz ancaq pul verirdik, torpaq sahibləri ilə özü danışırdı. Torpağın qiymətini, sahəsini bu deyirdi".

Onun sözlərinə görə, dayısı Şücayətlə həm onun yanında, həm də, o, olmayanda görüşüb. "Sizin yanınızda Arif Alışanov ona nə qədər pul verib?" sualına "Təxminən 2-3 milyon" cavabını verib.

İttihama görə, Arif Alışanov Şamaxı səfərlərinin birindən qayıdanda təqsirləndirilən şəxslər ona və yaxınlarına sui-qəsd təşkil edib. Məqsəd isə alınan torpaqlar və başqa əmlakları ələ keçirmək olub. İttihamda 5,6 milyonluq əmlakdan söhbət gedir.

D.Cəfərovun sözlərinə görə, Şücayət əvvəlcədən böyük plan qurub, həyat yoldaşından sənəd üzərində boşanıb, Arif Alışanov üçün alınan əmlakların da bir hissəsi onun həyat yoldaşının adına keçirilib.

D.Cəfərov etiraf edib ki, onların razılığı ilə əmlaklar Şücayətin həyat yoldaşı Səlimə Sadıqovanın adına alınıb:

"Biz istintaqda bildik ki, bunlar rəsmi boşanıblar. Bir evdə qalırdılar. Boşanma söhbəti də yalandır. Əmlakları ələ keçirmək üçün kağız üzərində boşanıblar. Bu işləri planlı şəkildə düzüb-qoşublar. Texnikaların çoxu da Şücayətin arvadının adına alınıb. Traktorları Gəncədən alıb gətirmişdi. Etibarnamə vermişdim Şücayətə, özü gedib gətirirdi. Sənədləşmə işlərində vaxt bəhanələr gətirirdi, yubadırdı".

D.Cəfərov onlara qarşı sui-qəsd hazırlandığı iddia olunan hadisə barədə də danışıb:

"Dayım o qəzadan 5-10 dəqiqə əvvəl düşüb Şücayətin maşınına minmişdi. Bizim maşını Hacı sürürdü. "Pereval"la gedirdik, 30-40 sürətlə, bir tərəf 500 metrlik dərə idi. Qəfildən bir maşın bizə çırpıldı. Birinci zərbədə maşını saxladı. Zöhrabla göz-gözə gəldim, maşını o sürürdü. O vaxt Şücayətin rəngi ağappaq idi. Qoymadı "QAİ" çağıraq. Zöhrabı maşından mən çıxartdım, xəstəxanaya apardıq. Onda dedim ki, bu, adi qəzaya oxşamır".

D.Cəfərovun sözlərinə görə, dayısı təkcə Şamaxının Çuxuryurd kəndindəki bir fermaya 300 min, onunla üzbəüzdə torpaq sahəsinə 600 min pul vermişdi.

Təqsirləndirilən Şücayət Əkbərov D.Cəfərovun söylədiklərinin yalan - nağıl olduğunu bildirib.

Arif Alışanovun sürücüsü Hacı Babayev də Şamaxıda torpaqların alınması, avtomobil qəzası barədə danışıb:

"Hadisə zamanı biz qabaqda gedirdik, səs gəldi, saniyə keçmədi, maşını ortadan vurdu, iki qapısı sıradan çıxdı, özü də gedib açdı".

Sürücü də zərərçəkmiş qismində tanınıb. Hacı Babayevdən niyə zərərçəkmiş olduğu soruşulanda o belə cavab verib:

"Kişinin pulu gedib".

Ş.Əkbərov bu zərərçəkmişin də yalan danışdığını bildirib. Hətta Hacı Babayevi Arif Alışanovla birlikdə Şamaxıya gətirdiyi gənc qızlardan birini öldürüb doğramaqda ittiham edib:

"Ariflə ikiniz bir yerdə öldürdünüz, nə tez yadından çıxdı?"

Hacı Babayev Şücayətin yalan danışdığını, böhtan atdığını bildirib. Tərəflər arasında mübahisə yaranıb, onlar bir-birinin ünvanına təhqirlər səsləndiriblər.
Məhkəmə mayın 23-də davam edəcək.

İttihamda yazılıb ki, təqsirləndirilən şəxslər AzTV sədrinin həyatına bir neçə dəfə sui-qəsd cəhdi ediblər. İddia olunur ki, Şücayət Əkbərov tanışları Musabi Namazov, Qoçəli Cəbiyevə bu haqda danışıb, Qoçəlinin vasitəsilə Zöhrab Şirinovu tapıb, onunla razılığa gəlib. Q.Cəbiyevlə M.Namazova söz verilib ki, onlar bu işin əvəzində 600 min manat pul qazanacaqlar. Arif Alışanov ailə üzvləri ilə birlikdə Şamaxının Mədrəsə qəsəbəsindəki evinə gedəndə onu, qızı Nigarı və sürücüsünü öldürmək planlaşdırılıb. İş materiallarında yazılıb ki, sonradan Müsabi Namazov bu cinayətdən könüllü olaraq imtina edib. Ona görə də bu işi başqa bir adama həvalə etmək qərarına gəliblər. Qoçalı Cəbiyev tanışı Zöhrab Şirinovu tapıb, ona bu işin müqabilində 100 min manat vəd olunub. Bu dəfə plan hazırlanıb ki, Arif Alışanov bacısı oğlu Dəyanət Cəfərovla birlikdə maşınla Çuxuryurd- Şamaxı şosesində olanda onları yüksək sürətlə vurub dərəyə salsınlar. Plan baş tutmasa da, Şücayət Əkbərov vəd etdiyi 100 min manatın bir hissəsini Zöhrab Şirinova verib.

Təqsirləndirilən şəxslər ittihamı qəbul etmir, iş materiallarında yazılanların şər-böhtan olduğunu deyirlər. Şücayət Əkbərov bildirib ki, o, Arif Alışanovun bir çox qanunsuz əməllərini, gənc qızı qətlə yetirdyini bildiyinə görə AzTV sədri onu bu yolla uzaqlaşdırmaq istəyir.

Meydan TV
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net