Ana səhifə

Narkoloji Mərkəzin baş həkimi həbs edildi

    Tarix: 07-03-2018 16:57   


Narkoloji Mərkəzin baş həkimi həbs edildi

Rüşvət almaqda təqsirləndirilən Bakı şəhər Respublika Narkoloji Mərkəzin baş həkimi Hüseyn Həsənov və onun işçisi Mətanət Şamçiyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

A24.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs 4 il müddətinə azadlıqdan məhrum edilib. Onların barəsində Cinayət Məcəlləsini 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunaraq, cəzaları 1 il sınaq müddəti olmaqla şərti hesab edilib.

Həbsdə olan Hüseyn Həsənovun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror protestində təqsirləndirilən Hüseyn Həsənovun həbs edilməsini istəyib.

Bakı Apelyasiya Məhkəməsinin hakimi Faiq Qasımovun sədrlik etdiyi kollegiyada prokurorun protestinə baxılıb. Hakim heyətinin qərarı ilə prokurorun protesti təmin edilib.

Qərara görə, Hüseyn Həsənovun barəsində təyin edilmiş Cinayət Məcəlləsinin 70-ci maddəsi hökmdən xaric edilib.

Hüseyn Həsənovun barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalından həbs edilib.

Mətanət Şamçiyeva ilə bağlı hissədə hökm qüvvədə saxlanılıb.

Bu qərardan Hüseyn Həsənov kasasiya şikayəti verib. Onun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Şikayət hakim Tahir Kazımovun icraatına verilib.

Yaxın günlərdə kasasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclasının vaxtı müəyyən ediləcək.

İttihama görə, bir müddət əvvəl vətəndaşlardan qeydiyyatda olub-olmamaları barədə arayış verilməsi üçün pul istənilməsi barədə Bakı şəhər sakinindən 161 nömrəli “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Səhiyyə Nazirliyi tərəfindən araşdırılıb.

İstintaq-əməliyyat tədbirləri nəticəsində Baş Səhiyyə İdarəsi Şəhər Narkoloji Dispanserinin baş həkimi Hüseyn Həsənov saxlanılıb.

Onun 2017-ci ilin yanvar-fevral aylarında tibb qeydiyyatçısı işləyən Mətanət Şamçiyevanın vasitəsi ilə narkoloji xəstəliklə əlaqədar arayış verilməsi müqabilində ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə olmaqla, ümumilikdə 3190 manat rüşvət tələb etməsi müəyyən edilib.

Hüseyn Həsənov və Mətanət Şamçiyeva Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham ediliblər.

Hüseyn Həsənov həbs edilsə də, Mətanət Şamçiyevanın barəsində başqa yerə getməmək qətimkan tədbiri istintaq dövründə seçilib.

Axar.az

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net