Ana səhifə

Rəhim Qazıyev - “Heç üzümə ölüm hökmü oxunanda belə şok keçirməmişdim”

    Tarix: 29-12-2017 21:49   
Rəhim Qazıyev - “Heç üzümə ölüm hökmü oxunanda belə şok keçirməmişdim”
Dekabrın 25-də həbs olunan keçmiş müdafiə naziri Rəhim Qazıyev bu gün həbsdən buraxılıb. Onun buraxılması haqda qərar Bakı Apellyasiya Məhkəməsində verilib. Sabiq nazirin apellyasiya şikayətinə baxan məhkəmə həbs xəzasını 100 manat cərimə ilə əvəz edib. Onun həbsdə qaldığı beş günün hər birinə görə 20 manat hesablanaraq, keçmiş nazir cərimə cəzasını da ödəmiş sayılıb.
Rəhim Qazıyev “Azadliq.info”ya açıqlamasında bildirib ki, dekabrın 25-də metroya tərəf gedərkən qəfildən iki nəfər mülki geyimli şəxs onun qoluna girərək, maşına əyləşdirib, birbaşa Nərimanov rayonu, 17-ci polis bölməsinə aparıb. Orada heç bir təzyiqlə üzləşmədiyini, əksinə, rəisdən tutmuş, sıravi əməkdaşlara qədər hamının onunla xoş rəftar etdiyini deyən keçmiş naziri təəccübləndirən bu olub ki, gecə səhərə qədər onun haqqında tərifli sözlər deyənlər ertəsi gün gəlib məhkəmədə yalan ifadə verərək, üzünə dayanıblar.
“Hətta üzümə ölüm hökmünü oxuyanda belə, bu cür şok keçirməmişdim. Səhərə kimi bölmədə şənimə tərif yağdırıb, “biz səninlə üzbəüz oturmağa görə fəxr edirik” deyən adamlar səhər gəlib üzümə durdu. Metroya tərəf gedirdim, təxminən 30 metr qalmış ayaq səsləri hiss elədim. Heç dönməmiş iki nəfər mülki geyimli qollarıma girdi. Dedilər ki, bizimlə getməlisən. Dedim gedirəm, amma qollarımı buraxın. Mən Şvartseneger deyiləm ki, məni belə aparasız, çıxarın əllərinizi. Əllərini qollarımdan çıxartdılar, məni “Prado” markalı maşına mindirdilər. Məni 17-ci bölməyə gətirdilər. Bölmənin rəisinin yanına apardılar. Onun sanki çoxdan gözlədiyi əziz qonağı gəlmişdi. Məni gülər üzlə, mehriban qarşıladı. Axşam 6-7 oldu, soruşdum ki, niyə buraxmırsız. Dedilər ki, “Rəhim müəllim narahat olmayın”. Dedim ki, namaz qılmalıyam. Şərait yaratdılar, əl-üzümü yudum, dətəmaz aldım, namazımı qıldım. Getdilər, böyük bir bazarlıq elədilər. Zarafatyana onlara dedim ki, “poqon”la şörək yemək olmaz. Nə isə, yemək də verdilər…”, – deyə Rəhim Qazıyev başına gələnləri danışıb.
Onun sözlərinə görə, dekabrın 25-dən 26-na keçən gecə səhərə qədər bölmədə söhbət ediblər: “Mənə suallar verirdilər – 90-cı illərdə baş verənlərdən, rus qoşunlarının çıxmasından, Ağdərə əməliyyatından… Mən də bunlara danışırdım. Biri mənə deyirdi ki, “Rəhim müəllim, gözlərimə inana bilmirəm ki, sizinlə üzbəüz oturmuşam”. Səhəri gün saat 11 olardı, məni məhkəməyə apardılar. Bir nəfər gəlib böyrümdə oturdu, dedi ki, dövlət hesabına təyin olunmuş vəkiləm. Dedim, mənə lazım deyil. Hakim özünü elə aparırdı ki, sanki bazardadı. Mənimlə bölmədə söhbətləşən oğlanlardan biri gəldi, rütbəsi mayordu. Dedi ki, “ərazidə xidmətdə idik, bir nəfər ağsaqqal adamın telefonla danışa-danışa ağza gətirilməsi mümkün olmayan nalayiq ifadələr işlətdiyini eşitdik. Adamlar da ətrafına yığışmışdı. Biz də gəlib dedik ki, ay vətəndaş belə olmaz axı. Bizə qulaq asmadı. Bir də müraciət elədik, dedik ki, bizimlə getməlisən”. O biri polis də eyni şeyi danışdı. Cibimdəki Quranı çıxartdım ki, əl bassınlar. Eləmədilər. İki nəfər də hal şahidi gətirdilər. Dedim, heç olmasa, başqa bir şey fikirləşərdiniz də…”
R.Qazıyev bildirib ki, məhkəmədə hakimdən sonuncu telefonla danışdığı adamın şağrılıb dindirilməsini və onunla söhbətdə söyüş söyüb-söymədiyinin araşdırılmasını istəyib. Amma hakim deyib ki, lazım deyil: “Sifarişlə qərar çıxaran hakimlər nə qədər desən var. Amma insanda gərək etika da olsun axı. Məsələn, apellyasiya məhkəməsində də hakim bəraət vermədi, istədiyi qərarı elan elədi. Amma davranışı normal idi. Nərimanov rayon məhkəməsinin hakimi kimi birisini mən görməmişdim…”
R.Qazıyevin vəkili Zibeydə Sadıqova apellyasiya şikayətində ona bəraət verilməsini istəmişdi. Amma məhkəmə bəraət verməyib, sadəcə, həbs cəzasını cərimə ilə əvəz edib. Ona görə də R.Qazıyevin başına gələnlərlə əlaqədar Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndəriləcək.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 30.2. maddəsi bir sıra şəxslərə, o cümlədən 65 yaşına çatmış kişilərə inzibati həbs cəzası verilməsini qadağan edir. Amma Nərimanov Rayon Məhkəməsi qanunun bu tələbini nəzərə almamışdı.

azadliq.infoшаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net