Ana səhifə

Bakıda HƏKİM VƏHŞƏTİ: yanlış diaqnoz zaqatalalı müəllimin həyatını QARALTDI - ŞOK TƏFSİLAT

    Tarix: 02-08-2017 17:09   
Bakıda HƏKİM VƏHŞƏTİ: yanlış diaqnoz zaqatalalı müəllimin həyatını QARALTDI - ŞOK TƏFSİLAT
Zaqatala rayonu Muxax kənd sakini İradə Ramazanova həkimin yanlış diaqnoz və müalicəsi nəticəsində əlil arabasına məhkum olub.
Bu barədə Publika.az-a onun yaxınları məlumat verib. Yaxınlarının sözlərinə görə, 1960-cı il təvəllüdlü İ.Ramazanova 2010-cu ildə bel sümüyündəki ağrılara görə Zaqatala rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Xəstəxanada İ.Ramazanovanın onurğasında 5 sm-ə qədər yırtıq aşkarlanıb. İki il müalicə alsa da, heç bir nəticəsi olmayıb. Xəstəxanada bir nəfər "Uniklinika"da ortoped-cərrah Ayaz Hümbətov adlı həkimə müraciət etməyi məsləhət görüb. 2012-ci ildə həmin həkimə müraciət edib və bütün müayinələrdən keçirəndən sonra ona osteoparoz (skeletin metabolik xəstəliyi olub, sümük toxumasının zədələnməsi, sümüklərin deformasiyası və sınığı ilə nəticələnən xəstəlik) sümük xəstəliyi diaqnozunu qoyulub.
İ.Ramazanovanın yaxınları deyir ki, bu diaqnozdan sonra ona kalsium yazılıb, həkimin yazdığı dərmanın biri azı 90 manat olub. Hər həftə həkim müayinəyə çağırıb, İ.Ramazanova Zaqataladan Bakıya gəlib. Hər dəfə də bütün analizlərdən keçirilib. Müalicənin heç bir nəticəsi olmayıb. Əksinə ayağında yaranan şişlərə görə Ayaz həkimə müraciət edib. Həkim isə şişə yox, sümüyü müalicə etdiyini deyib. Ayağındakı şişlərə baxmayıb. Yaxınları deyir ki, 4 il ərzində sümüyü müalicə etidiyini desə də, İradə xanımın səhhətində müsbətə doğru heç bir dəyişiklik olmayıb. Sonda o, hərəkət qabiliyyətini itirib və əlil arabasına məhkum olub. Axırda xəstənin yaxınları çıxılmaz halda Milli Onkologiya Mərkəzinə müraciət edib. Həkim baş-boyun cərrahı Əziz Əliyev onu müayinə edib və İ.Ramazanovanın səhv müalicə edildiyini deyib.
Həkim boyundakı bir vəzin funksiyasını itirəndə kalsiumun sümüklərə çatmadığını deyib. İ.Ramazanovanın bu vəzi isə tamamilə sıradan çıxıb. Normada həmin vəzin funksiyası 60-70 olmalıdır, lakin yanlış müalicə nəticəsində 1076 olub. Həkim onlara xəstənin beyin sümüklərinin sınması prosesi başladığını deyib. Bu zaman isə xəstə iflic olub ölə bilər. Xəstə yaxınları iddia edir ki, A.Hümbətov xəstəliyin mənbəyini tapa bilməyib və bu müddət ərzində yanlış analiz və müalicələr apararaq xəstənin vəziyyətini ağırlaşdırıb.
2015-ci il dekabrın 25-də İ.Ramazanova Milli Onkologiya Mərkəzində əməliyyat edilib. Əməliyyat və sonradan tətbiq edilən müalicə tədbirləri nəticəsində qadın əlil arabasından qalxıb. Lakin ürəyin fəaliyyəti pozulub, yeni-yeni gəzməyə başlayıb və danışığında problem yaranıb. Üstəlik, ömrünün sonuna qədər o, bir neçə xəstəliyə görə müalicə almalı, həkim nəzarətində olmalıdır. Ona artıq ikinci qrup əlillik diaqnozu qoyulub.
Xəstə yaxınları deyir ki, həkimlər vaxtında müraciət edildiyi halda onun müalicə ilə sağala biləcəyini bildirib. A.Hümbətov isə 4 il boş-boşuna get-gələ salıb. İndi onlar yanlış müalicə nəticəsində ona dəyən maddi ziyanın geri qaytarılmasını tələb edir.
Onlar bu məqsədlə əvvəl "Uniklinika" rəhbərliyinə müraciət ünvanlayıblar. Klinikada yanlış müalicə nəticəsində xəstənin çəkdiyi xərci tələb ediblər. Xəstə yaxınlarının sözlərinə görə, təkcə analizlərə 4 min manat xərcləri çıxıb. Ümumilikdə isə bu müddətdə müalicəyə 10 min manatdan çox xərc çəkiblər. Bu xərclər üçün kreditə girib. İ.Ramazanova əvvəl müəllim işləyib, lakin xəstəliyi onu işindən məhrum edib. İkinci qrup əlildir və bu pulla da müalicə xərcini qarşılamaqda çətinlik çəkir. Tək qadındır, ancaq qardaşı imkan daxilində kömək edə bilir. "Uniklinika"nın rəhbəri Əli Qurbanov əvvəl ödəniş etməklə razılaşıb, sonradan isə bundan imtina edib. Çəkilən xərci ödəyə bilməyəcəklərini, Ayaz həkimə müraciət etməyi məsləhət görüb.
Daha sonra xəstə yaxınları Ayaz Hümbətova müraciət ediblər. O diaqnostik səhv olduğunu etiraf edib. A.Hümbətov isə onlara yalnız 150 manat verə biləcəyini və özəl klinikada işlədiyindən Səhiyyə Nazirliyinin onu işdən çıxarıb, töhmət verə bilməyəcəyini deyib.
Məsələ ilə bağlı biz də "Uniklinika"nın rəhbəri Əli Qurbanova müraciət etdik. Xəstə yaxınlarının iddiasına cavab olaraq Ə.Qurbanov istədikləri vəsaitin ödənilməsinin mümkün olmadığını dedi: “Xəstə 2012-2015-ci illərdə bizim klinikada Ayaz həkimə müraciət edib. Bu müddət ərzində o müxtəlif analiz və rentgen müayinələrdən keçib. Bu müayinələrə görə laboratoriya, rentgenoloqa maaşlar verilib. Analizlərə görə xərc çəkilib. İndi bu pulu necə qaytara bilərəm? Ona görə də çəkilən xərcin ödənişini Ayaz həkimdən tələb etmələrini məsləhət gördüm”.
Xəstəyə yanlış diaqnozu qoyub müalicə edən A.Hümbətovun klinikada müaqvilə əsasında çalışmasını və buna görə klinikanın da məsuliyyət daşımasına gəldikdə, Ə.Qurbanov xəstədə problemin yanlış diaqnoz və müalicədən yaranmasının tam təsdiqini tapmadığını bildirdi: “Həmin xanım bir neçə il bizdə müalicə olunub. Bizdəki müayinələrdə onda problem aşkarlanmayıbsa, demək problem olmayıb. Ola bilər ki, xəstəlik bizim klinikada müalicədən sonra yaranıb. Ayaz həkimin yanlış müalicəsi, yaxud sonradan yaranması təsdiq edilməlidir. Bundan sonra xəstə məhkəməyə müraciət edib haqlarını tələb edə bilər”.

Bakıda HƏKİM VƏHŞƏTİ: yanlış diaqnoz zaqatalalı müəllimin həyatını QARALTDI - ŞOK TƏFSİLAT
Travmatoloq Ortoped Ayaz Hümbətov isə Publika.az-a açıqlamasında İ.Ramazanovanın yaxınlarının iddiasını qəbul etmədiyini dedi: “O xanım 2012-ci ildə müraciət edib, müayinə nəticəsində osteoparoz diaqnozu qoyulub. Ona uyğun da müalicə aparılıb. Müəyyən dövrdən sonra həmin qadında onkoloji xəstəlik meydana çıxıb. Sonradan isə onkoloji xəstəliyə uyğun müalicə qəbul edib və əməliyyat olub. Məndən başqa ona diaqnoz qoyan daha 4 həkim olub, hamısının rəyi də eyni olub. Osteoparoza görə uyğun müalicə qəbul edib. O, klinikaya müraciət edəndə ödənişi mənə yox kassaya edib. Tələb etdiyi vəsaitlə bağlı klinikaya müraciət edə bilər”.
Gülxar

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net