Ana səhifə

Rus oliqarxın ölümündə şübhəli bilinən qadın seks agentmi olub – Britaniyadakı müəmma haqda detallar

    Tarix: 14-06-2017 20:55   
Rus oliqarxın ölümündə şübhəli bilinən qadın seks agentmi olub – Britaniyadakı müəmma haqda detallar
2012-ci ildə Londanda vəfat etmiş Aleksandr Perepeliçnıy adı bu gün oxucuların qulağında sadəcə bir milçək vızıltısıdı. Ancaq sabah bu ad ildırım gurultusuna dönüb çoxlarını - ilk növbədə Rusiyanın, Böyük Britaniyanın hakim dairələrini yerindən oynada bilər.

Aleksandr Perepeliçnını Londonda məskunlaşmış çox saylı MDB mühacirlərindən bilirsizmi nə fərqləndirir? Barəsində dişə vurulası informasiyanın olmamağı.

Bəli, Londonda MDB-dən gəlmə şübhəli, şübhəsiz adam necə deyərlər “itinətök” qədər çoxdu. Az deyil. İşləri, gücləri var. Ciblərində əl telefonları gəzdirirlər ən azı.

Ancaq bu Aleksandr Perepeliçnının nə əl telefonu vardı, nə də ki, bəlli bir iş yeri. Nə facebook səhifəsi vardı, nə tvitter akkaundu. Kimsə onu yada salıb simasını gözləri qarşısına gətirə bilmir indi. Sevdiyi restoran, yaxud bar barədə sual versəz, hamı eyni adam olub sadəcə çiyinlərini çəkəcək.
Bu şəxsin iki rəsmi pasportu olub – birində Perepeliçnıy Aleksandr Yuryeviç, digərində Perepeliçnıy Aleksandr Vladimiroviç yazılıb. Hər iki pasportda Moskvanın eyni ünvanı göstərilib amma. Bu mənzildəki telefon nömrəsinin izi ilə getsən əgər, çox gizlinlərin üstü açılar. Nömrə, Moskva oğrularının uzun zaman vahid kontakt telefonu kimi tanınıb Rusiyada. Şayiələrə görə, oğru dünyasında Perepeliçnıy bir pasportu ilə tanınırdı, FSB-də isə bir başqa pasportu ilə.



Qısası, FSB ilə oğruların “suqovşağında” qərar tutmuş bu iki pasportlu Rusiya vətəndaşı 2010-cu ilin yanvar ayında qəfildən Britaniyada peyda olur. Necə? Nə təhər? Buna indi kimsə cavab verməz.

Dumanlı Albionda qəşəng, xudmani villa sahibinə çevrilən bu müəmmalı şəxs çox da dinc durmur. İlk fürsət əlinə düşüncə Rusiyada adı qalmaqallı “Hermitaqe Capital” şirkətinin rəhbəri Bill Brauder ilə sıx əlaqələr qurur.

Bu maliyyə-yatırım şirkətinin nə olduğunu bilmək istəyirsinizsə, göz önünə bizdəki “Minaret qroup” şirkətini gətirin. Rusiyadakı “Hermitage Capital”-ın Bakı analoqu, bax, bu şirkət olub. Məqsədləri də eyni idi - özəlləşmə bazarına nəzarəti təşkil edib Azərbaycan, Rusiya təbii sərvətlərinə yiyələnmək. Bizdə bu iş tapşırılmışdı Viktor Kojeni adlı bir Çexiya vətəndaşına. Rusiyada Bill Bauder isimli ABŞ biznesmeninə.

Özəlləşmə kabusu hər iki ölkədə tüğyan edərkən bu şirkətlər bir çox məxfi sövdələşmələrdə iştirak ediblər. Əllərində yaxşı kompromat olub. Ancaq 2005-ci ildə hər iki şirkətin işləri başlayır möhkəmcə axsamağa.

Aleksandr Perepeliçnıy sonralar bunu belə izah edirdi: “Bill Brauderun vergi ödəmələrini rus məmurları möhkəmcə azdırıblar. Göndəriblər İsveçrədəki bir məxfi ünvana. Hesab, Vladlen Stepanov adlı bir nəfərin adınaymış. O kim olsa yaxşıdı? 2004-2010-cu illərdə Moskva vergi müfəttişliyində işləyən Olqa Stepanovanın əri”.

Perepeliçnıy, elə həmin 2010-cu ildə Bill Bauderin gözünü bir çox başqa maliyyə cinayətlərinə də açır. Sübut edir ki, fondun vəkili Sergey Maqnitskiy hələ 2006-cı ildə bu cinayətlərin izinə düşüb. Nəticədə “Butırka” qazamatına salınaraq orda amansızcasına qətlə yetirilib.



Perepeliçnıyın vəfatından az əvvəl İsveçrə hökuməti bu şəxslərin adına olan bütün bank hesablarına həbs qoyur. Perepeliçnıy ilə əlaqəyə girib onu dindirmək istəyir...

Ölümündən üç gün əvvəl Perepeliçnıy qatara bilet alıb, Parisə gedibmiş. “Four Seasons Hotel George V” kimi bahalı ünvanda lüks nömrələr kirayə etsə də, şəhərin kənarındakı üç ulduzlu kasıb oteldə gecələyirmiş.

Ukraynalı fotomodel Elmira Medinskaya ilə bu oteldə davamlı görüşən Aleksandr üç gün sonra “Eurostar” qatarında Londona qayıdır. Dönüşünün səhəri günü, idman etdiyi zaman qəfil yıxılıb ölür. Polis, əvvəlcə çox da maraqlanmır bu müəmmalı ölümlə. Virtualaz.org saytı bu haqda maraqlı məqalə dərc edib.



Sayt bildirir ki, 2015-cü ildə bu müəmmalı ölüm, siyasi sifariş əsasında yenidən araşdırılmağa başlandı. Perepeliçniyin mədəsində olduqca nadir zəhərin izlərini aşkarlanır. Zəhərli maddələr üzrə nüfuzlu alim, professor Monik Simmondsun rəhbərliyi altında aparılan təhqiqatlardan məlum olur - biznesmen Asiyada bitən olduqca nadir, yüksək zəhərli bitki - “Gelsemium elegans”ın zəhərindən ölüb. Bu zəhər iysizdir, dadsızdır. Cüzi dozası bəsdi insanı o dünyaya göndərməyə.

***

Virtaulaz.org-un məlumatına görə, ABŞ-ın nüfuzlu “BuzzFeed” saytına verdiyi son açıqlamasında həmin Medinska Parisdə Perepeliçniylə görüşdüyünü təsdiq edib. Məlum olub ki, o, Parisə noyabrın 6-da gedib. İki gün sonra biznesmenlə görüşüb. Həmin qalan iki gündə Elmira Parisdə kimlərlə görüşüb? Bu, qaranlıq qalır. Modelyer deyib ki, Perepeliçniy ona Parisi göstərmək üçün dəvət etmişdi: “Mən onun çox gərgin olduğunu gördüm. Hansısa sirli telefon zənglərinə cavab vermək üçün küçəyə çıxırdı. Əsəbi görünürdü. Əlləri əsirdi. Şərab dolu qədəh daim əlindəydi. Çox içirdi. Yadımdadı, qəfil elə hirsləndi ki, köynəyinə şərab töküldü”.

Bu “qaratoxmaq qadının”, üzr istəyirəm, fotomodelin saytdakı sonrakı ifadələri də çox mətləblərdən xəbər verir: “Mən onun nə işlə məşğul olduğunu bilmirdim. Google-də adını yazanda ölümündən təəccüblənmədim. Rusları Londonda bu cür öldürürlər. O, Rusiya haqda informasiyaları İsveçrəyə verib, buna görə isə onu öldürə bilərdilər”.

***

Perepeliçniyin Rusiya dövləti tərəfindən qətlə yetirilməsi barədə olduqca məxfi hesabat ABŞ Milli Kəşfiyyat Agentliyi direktorunun Katibliyi tərəfindən ötən il tərtib edilib. “BuzzFeed”-in yazdığına görə ABŞ kəşfiyyatı indi bu qətli yenidən gündəmə çıxarır. Məqsəd nədi?
Heç nə. Kremli narahat etmək. Bəzi yüksək vəzifəli şəxslərin kürkünə birə salmaq.

Həmid HERİSÇİ

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net