Ana səhifə

Milyonlarla vəsait susmağa və yalana necə xərclənir? - 143 ilde gələn son...

    Tarix: 23-07-2018 00:01   
 

Qolu-qıçı sındırılmış birini düşünün. Düşünün ki, sınıq-salxaq vəziyyətə salınıb. Dili var, ağzı var, danışmağa da qoymurlar, sözü var, taqəti yox, yaza bilmir...
Anaxeber.Az təsvir edir ki, Azərbaycan Milli Mətbuatı 143 illiyini belə qarşıladı. Qolu-qıçı şikəst edilmiş bir orqanizmin müvazinətini təsvir etməyə nə hacət?!
Çünki əl-ayağı sağ olmuş müstəqil medianın son azadlıq qalaları çökdürülüb, fərqli fikirli yazarların çap olunmağa yerləri qalmayıb, jurnalistika bir qarın çörək yuvasına çevrilib.
22 iyul haqda ümidverici TƏK nüans var: heç vaxt onu tamamilə məhv edə bilməyəcəklər - HƏQİQƏTİN yazılmasını...
Saytlar bloklana, qəzetləri bağlana, kimisi həbs edilə, kimisi yaltaqlanmağa, kimisini ölkədən getməyə, kimisi çörəklə imtahana çəkil bilər.
Amma HƏQİQƏTİN yazılmasını heç zaman boğmaq olmayacaq. HƏMİŞƏ nəfəsliklər, TƏK-TƏK adamlar meydana çıxacaqlar.
Onlar yazacaqlar, taqətdən düşmüş vəziyyətdə də olsa yazacaqlar, çap olunmasa, divarlara, feysbuka, bloqlara yazacaqlar.
Onsuz da son illərdə mediada yazılanlara yox, feysbukda, ayrı-ayrı jurnalistlərin  saytlarında tək gücü ilə yazdıqlarına reaksiyalar verilir. Deməli, HƏQİQƏT az yerdə yazılsa da, çox yerdə yayılır.
İndi ənənəvi mediaya ehtiyac da azalıb, vatsap, feysbuk, yutub var, məmurlar onlarla hesablaşmalı olurlar.
Ona görə məmurlar Azərbaycanda Şimali Koreya mətbuatı yarada bilməyəcəklər. Çox gecdir - yeni nəfəsliklər açılır...
***
Rokfellerin əbədiyaşar sözüdür: Siz mənə bir vicdansız mətbuat verin, mən bəşəriyyəti məhvərindən oynadım.
Azərbaycanda ənənəvi müstəqil və tənqidçi media, peşəkar və vicdanlı mətbuat məhvərindən qopmaqdadır.
İstərsə peşəkarlıq, istərsə yaradıcılıq, istərsə prinsiplər, istərsə də iqtisadi baxımdan media öz dizləri üstə çökərək qürub çağını yaşamaqdadır.
O millət, o məmləkət xoşbəxt və azaddır ki, onların mətbuatı azad və xoşbəxt olsun - M.Ə.Rəsulzadənin sözləridir.
Yəqin ki, nə Zərdabi, nə Rəsulzadə, nə Mirzə Cəlil Azərbaycan jurnalistikasının, publisistikasının bu halını vaxtında təsəvvür edə bilməzdilər.
Evini satıb "Əkinçi" qəzeti çıxaran və bununla Milli Mətbuatın memarı olan Zərdabi bilsəydi ki, indi qəzetlər satılmır, köşklərdə peçenyelər təklif olunur, evini satıb qəzet çıxarmaq istəyən yoxdur, əksinə qələmini evə dəyişənlər var.
Heç bir telekanal və ya qəzet birbaşa hadisə yerindən informasiya toplamaq, yayımlamaq hüququna malik deyil. Jurnalistlərin üzünə müəssisə və idarələrin, orqan və təşkilatların qapısı çoxdan bağlanıb.
Oralarda nələrin baş verdiyindən, işçilərin hansı şəraitdə çalışdığından, nə kimi hüquqlara malik olduqlarından tam məlumatsızlıqdır.
Qəzetlərin, saytların yazdıqları, harınlamış məmurların qulağında milçək vızıltısı effektindən savayı heç nəyə yaramır.
O da bir həqiqətdir ki, əlləri hər yerdən üzülmüş vətəndaşlar, elə həmin məmurların özləri də, sonunda KİV-lərə üz tutub, dərdlərini jurnalistlərlə bölüşürlər.
Təbii ki, indi vətəndaşların dərd-sərini işıqlandırmağa qadir olan çox az sayda jurnalist qalıb.
***
Ancaq ölkənin aparıcı mediası konumuna gətirilmiş median qurumlarını təmsil edən jurnalistlərin də özlərinə məxsus “dərd-sərləri” var axı…
Mənzil almaq rəqabəti onları astagəllik etməyə, “yuxarılara” xidmət müqabilində orden-medal almaq, fəxri adlarla təltif edilmək uğrunda mübarizəyə səfərbər edib.
Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondundan maliyyə vəsaiti alma bilmənin şərtləri isə,  bu tip media orqamları rəhbərlərini öz əməkdaşlarına əməlli-başlı senzura da tətbiq ediblər.
Ölkə əhalisi isə, bu  mətbuata inanmadığından, ayrılmış vəsait hesabına nəşr olunan qəzetlər makulaturadan savayı heç nəyə yaramır.
Bu arada, hələ də mübarizə əzmini, peşə şərəfini qoruyan, həqiqətin yanında olan, siyasi konyukturadan uzaq duran azsaylı  jurnalistlərimiz, yaxşı ki var.
Bu gün 100-lərlə qəzet işıq üzü görür. Amma bu qəzetlərə heç bir təlabat yoxdur. Milyonlarla vəsait ona görə xərclənir ki, bu qəzetlər cəmiyyəti yalanla örtə bilsin.
Eyni zamanda yazı adamlarını gözükölgəli etmək üçün müxtəlif mükafatlar verir, KİVDF vasitəsilə qəzetlərə maliyyə yardımı ayırır və azad sözü ikrahedici vəziyyətə salmaq üçün bütün vasitələrdən istifadə edilir.
 Bu gün Şimali və Qərbi Avropa ölkələrini götürsək, qəzet oxuyanların sayı yenə kifayət qədər böyükdür.
Hətta elə ölkələr var ki, reklam gəlurləri o qədər böyükdür ki, qəzetin tirajı pulsuz paylanır. Norveç də neft ölkəsidir, orda hər bir ailə qəzet alır. Bizdə durum məlumdur.
Kiçik və orta sahibkarlar sinfi, demək olar ki, yoxdur. Olanlar da reklam vermir mediaya. Əksərən iqtisadiyyat inhisarda olduğu üçün, liberal, rəqabətli iqtisadiyyat olmadığından reklam bazarı da çox kiçikdir.
Hətta bu kiçik reklam bazarı da getdikcə azalır. Rəsmi statistikaya görə, 2017-ci ildə mediada reklam gəliri 58 faiz azalıb.
İnternetdə reklam 71 faizdən çox azalıb. Qəzet -jurnallarda reklam gəlirlərinin azalması 70 faizdir. Bunlar əslində dəhşətli rəqəmlərdir. Əslində ayrı-ayrı media qurumlarında bu azalma fərqlidir.
Açığını demək lazımdır ki, medianın bir hissəsi öz dövlətindən maliyyə yardımı şəklində dəstək alır və ayaqda qalır, bir hissəsi isə xarici donorlardan qrant almaqla yaşayır.
Hər iki qrup da bir-birini qınayır. Yaxşı, bəs hanı cəmiyyətimiz?! Hanı millətin mediaya maddi dəstəyi?! Deyəcəksiniz ki, millətin özünün dəstəyə ehtiyacı var. Doğrudur. Razıyıq.
Baxın, restoranlar, ticarət mərkəzləri, istirahət mərkəzləri dolub daşır. Supermarketlərdə kassaların qarşısında uzun növbələr var.
Toylarda qiymətlər lap fantastikadır. Xarici kurortlar azərbaycanca danışır. Daha da bol olsun. Deməyimiz budur ki, hər şeyə pul tapırıq, bircə qəzetə, kitaba pul tapmırıq - bayramınız mübarək, dostlar!!!
Anaxeber.Az
Turanшаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net