Ana səhifə

Cümhuriyyətin 100 illiyi ilə bağlı böyük əfv

    Tarix: 25-05-2018 09:07   


Dövlət başçısı 634 nəfəri azadlığa qovuşdurdu; həbsdən buraxılanlar arasında siyasi məhbus siyahısında adı olanlar və 38 nəfər xarici ölkə vətəndaşı da var

Mayın 24-də prezident İlham Əliyev  Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, 28 May Respublika Günü ilə bağlı genişmiqyaslı əfv sərəncamı imzalayıb. 634 məhbusun adının olduğu bu əfv müstəqillik illərində indiyə qədər verilən ən böyük əfv oldu.

Siyahıda adı siyasi məhbus siyahısında olan 12 nəfərin, habelə 38 nəfər xarici ölkə vətəndaşının adı da yer aldı. Siyasi məhbus olduğu iddia edilən və azadlığa buraxılan şəxslər aşağıdakılardır:

Abdullayev Valeh (2012 “Eurovision” işi)

Babayev Nadir (Tale Bağırzadə və Nardaran işi )

Qasımov Əliağa (Nardaran)

Cabbarov Hilal (Nardaran)

Qurbanov Ələkbər (Nardaran)

Şahbazov Fail (Nardaran)

Şahbazov Natiq (Nardaran)

Quliyev Məhəmməd (Nardaran)

Kərimov David (Hicab məhbusu)

Rzayev Elşad (Hicab məhbusu)

Fərəcov Elnur (Neftçala, AXCP üzvü)

Şəkərov Saday (yazıçı).

Sərəncamla azadlığa buraxılan məhbuslar mayın 25-də - bu gün həbsxana divarları ilə vidalaşacaqlar. Ölkə başçısının imzaladığı sərəncam ictimaiyyət tərəfindən müsbət qarşılanıb.

Doğrudur, yerli hüquq müdafiə təşkilatlarının və beynəlxalq aləmin diqqət mərkəzində olan bəzi siyasi məhbuslar azad olunmadı. Lakin onların da qarşıdakı aylarda qəbul olunacaq “Amnistiya aktı” ilə azadlığa çıxacaqlarına dair informasiyalar var.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa əfv sərəncam müsbət qarşıladı: “Hesab edirəm ki, siyasi kateqoriyadan olanların əfvə salınması daha doğru olardı. Amma görünür, onlar ya ərizə verməyiblər, ya da hər hansı bir müraciət etməyiblər. Müraciət olmadan əfv gerçəkləşdirmək mümkün deyil. Problemin kökü budur. Yəqin ki, müraciət etsələr, onlar da əfvə düşərdilər. Müraciət olunmayıbsa, əfvə salınma kimi qayda nəzərdə tutulmayıb. Hər halda, müsbət bir qərardır. 634 şəxs azadlığa çıxır. Bu sərəncamın 28 may ərəfəsində verilməsi çox yaxşı bir haldır. O birilər gərək müraciət edərdilər, əgər ediblərsə, əfv olunmayıblarsa, bu başqa məsələdir.

Fazil Mustafa ile ilgili görsel sonucu

Fazil Mustafa:  “Görünür, onlar ya ərizə verməyiblər, ya da hər hansı bir müraciət etməyiblər”

Bu sərəncamın Azərbaycan-Avropa əlaqələrini daha da gərginləşdirəcəyi barədə deyilənlərə gəlincə, deyə bilərəm ki, onsuz da əlaqələr gərginləşib. AŞ-də ermənilərin xeyrinə çalışan böyük qüvvələr Azərbaycan əleyhinə qərar çıxarıblar. Bundan sonra Azərbaycan Avropa Şurasının hər hansı bir qərarını ciddiyə almaya bilər. Çünki elə bir bəhanə ilə ölkəmiz əleyhinə elə bir addım atdılar ki, bunun heç bir əsası yox idi. Ermənistanla bağlı verdikləri qərar bu ölkəni istənilən dövlətin ərazisini işğal etməyə sövq edir. Bu cür ləyaqətsiz yanaşma ola bilməz”.

Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev sərəncamı alqışladı: “Azərbaycanda müstəqillik əldə olunandan bu günə qədər belə genişmiqyaslı əfv olmamışdı. Bu sərəncam deyərdim ki, amnistiyaya bərabərdir. Sərəncam hazırlanarkən Əfv Komissiyası çox məhsuldar işlədi, müraciətlər hərtərəfli araşdırıldı, KİV-də mütəmadi məlumatlar verildi. Bu da komissiyanın səmərəli fəaliyyət göstərdiyini təsdiq etdi. Əvvəlki əfvlərdən bu əfv bəzi xüsusiyyətlərinə görə fərqləndi. Ən əsası odur ki, yüzlərlə ailə bu gün sevinc içərisindədir. Cümhuriyyətimizin yüz illiyi ərəfəsində cənab prezident onların sevinclərinə sevinc qatdı. Yüzlərlə məhbusa həyatlarını yenidən qurmaq üçün şans tanındı. Ümid edirəm ki, bu şansdan həmin şəxslər faydalanacaqlar, özləri, yaxınları və ölkə üçün çalışacaqlar. Cənab prezident bu sərəncamı imzalamaqla bir daha andiçmə mərasimində dediyi ”Mən hər bir Azərbaycan vətəndaşının prezidentiyəm" sözlərini təsdiq etdi. Ölkə başçısı hər bir vətəndaşa bu cür münasibətlə yanaşır. 2003-cü ildən bu günə qədər təxminən 34 əfv sərəncamı olub. Bu əfvlərlə 4 minə yaxın şəxs azad olunub ki, bu da çox böyük bir rəqəmdir. Belə mərhəmətli yanaşma ancaq alqışlanmalıdır".

ÆlimÉmmÉd Nuriyev ile ilgili görsel sonucu

Əliməmməd Nuriyev: “Ölkə başçısı hər bir vətəndaşa bu cür münasibətlə yanaşır”

Ə.Nuriyev sərəncamın ardından siyasilərin bəzilərinin adlarının siyahıda olmaması ilə bağlı açılan müzakirələrə də mövqe bildirdi: “Hər zaman belə sərəncamlardan sonra bu tipli müzakirələr olur. Bəziləri fikirləşir ki, bu sərəncam sifarişdir və olmalıdır. Unutmaq olmaz ki, bu əfv bir hüquqdur. Bunları etmək prezidentin vəzifəsi deyil. Amma cənab prezident bunu edir. Çünki o, hər bir vətəndaşına bu haqqı tanıdır ki, yeni bir şanslar verilsin. Belə fikirlərin meydana çıxması da normaldır. Hər kəs bilir ki, bizdə fərqli fikirlər mövcuddur. Hər kəs öz fikrini ifadə edə bilir. Niyə insanlar arasında ayrı-seçkilik qoyulmalıdır? 634 nəfər azdır? Bu şəxslər azad olunmamalıdır? Hər kəs bu sərəncamla bağlı fikirlər söyləyərkən çox diqqətli olmalıdır. Azadlığa çıxan hər kəsin  haqlarına hörmət etmək lazımdır. Hansısa bir təzyiqlərlə qərar qəbul olunmur. Qərarlar xalqın maraqları yönündə qəbul olunur. Heç kəs bu qərarların qəbulu üçün təzyiq metodu seçməməlidir. Təəssüflər olsun ki, ölkə daxilində və xaricində hələ də əməkdaşlığın necə qurulması barədə fəlsəfədən xəbərsiz insanlar var. İnanıram ki, həbsdə qalan digər şəxslər fəal və ya qeyri-fəal olmalarından asılı olmayaraq, tezliklə azadlığa çıxacaqlar. Bu sərəncamla azadlığa çıxan hər bir şəxsi təbrik edirəm. Onlara uğurlar arzulayıram. Digər məhbuslara da azadlıq arzulayıram”.

RÉÅad MÉcid ile ilgili görsel sonucu

Rəşad Məcid: “Bu, amnistiya səviyyəsində olan bir aktdır”

Əfv Komissiyasının digər üzvü Rəşad Məcid “Yeni Müsavat”a açıqlamasında sərəncamı yüksək dəyərləndirdi: “Əfv Komissiyası fevral ayından başlayaraq, çox məhsuldar, gərgin işlədi, 1500-ə yaxın sənədə baxıldı. 13 iclas keçirildi və hər birisi də çoxsaylı müzakirələr, fikir müxtəlifliyi şəraitində oldu. Nəticədə komissiya sədrinin də belə bir fikri oldu ki, bu, amnistiya səviyyəsində olan bir aktdır. Sərəncamın 634 nəfər məhbusa şamil olunması böyük bir hadisədir. Azərbaycan prezidenti tərəfindən imzalanan bu sərəncam böyük bir humanist qərardır, Cümhuriyyətin yüz illiyi qarşısında bu qədər insanı sevindirmək ölkə başçısı tərəfindən böyük bir savabın göstəricisidir. Amnistiya məsələsi tamam fərqli bir məsələdir. Bu akt hazırlanıb parlamentə təqdim olunur. Sadəcə, əfv 634 məhbusa şamil olunduğu üçün amnistiya səviyyəsində qərar adlandırmaq olar. İndiyə qədər verilən sərəncamlarda bu qədər məhbus adının olduğu əfv olmayıb. Biz kimlər ki, əfv üçün fərdi şəkildə müraciət etmişdi, onların məsələlərinə komissiyada baxdıq. Müraciət etməyənlər də var idi. Müxtəlif təşkilat onların adlarını verir. Amma bu, Əfv Komissiyasından yuxarı səviyyədə həll olunur. Ona bir söz deyə bilmərəm. İstənilən bir halda bu sərəncamı alqışlamaq lazımdır. Bütün məhbusların azadlığa çıxmasını arzulayıram”.

SÉadÉt BÉnÉniyarlı ile ilgili görsel sonucu

Səadət Bənəniyarlı: “Həbsdə qalan siyasi məhbusların azadlığa buraxılması çox yaxşı olar”

Hüquq müdafiəçisi Səadət Bənəniyarlı əfv sərəncamının pozitiv olduğunu qeyd etdi: “634 nəfərin birbaşa əfv olunması çox müsbət bir hadisədir. Çox istərdim ki, 634 deyil, daha çox olardı. Bu gün cəmiyyətin diqqətində olan məhbusların adlarının bu sərəncamda olmasını çox istərdim. Qarşıdan Cümhuriyyətimizin yaranmasının yüz illik yubileyi gəlir. Bu sərəncamı qənaətbəxş sayıram. Kimlərə görəsə bu əfvin  yaxşı olmadığını deyə bilmərəm. Vaxtından əvvəl azad olunma kimi imkanlar var. Bundan sonra amnistiya da verilə bilər. Hər halda, həbsdə qalan siyasi məhbusların azadlığa buraxılması çox yaxşı olar”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”


шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net