Ana səhifə

Gözdən əlillər seçkiqabağı üsyan edir: "A.Fərzəliyev İlham Əliyevlə qohumluq əlaqələrindən istifadə edərək..." - Video

    Tarix: 05-03-2018 08:42   
 


Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Abidin Fərzəliyevlə 1-ci müavini Şahmar İbadovun gözdən əlillər üçün tikilən mənzillərlə bağlı korrupsiya qalmaqalı böyüyür.
Anaxeber.Az-ın reportyor.info-ya istinadən verdiyi məlumatda bildirilir ki, gözdən əlillər üçün Nərimanov rayonu, Faiq Yusifov küçəsi 40 ünvanında inşa olunan 12 mərtəbəli binanın mənzilləri heç bir əlilliyi olmayan 160-a yaxın insana satılıb.
Bu da mənzil növbəsində olan gözdən əlillərin ayağa qalxmasına səbəb olub. Evləri başqalarına satılmış insanların etiraz səsini ucaltmasına baxmayaraq, dövlət məmurlarrı onları saymırlar.
A.Fərzəliyev prezident İlham Əliyevlə qohumluq əlaqələrindən istifadə edərək dövlət başçısının siyasətinə zidd gedir.
Onun müavini Ş.İbadov da siyasi rəhbərliyin nüfuzuna arxalanaraq insanların haqlı tələblərinə məhəl qoymurlar.
II qrup əlil Rəşad Səlimlinin anası Yeganə Səlimova video müraciətində növbəti dəfə bildirib ki, prokurorluq korrupsiya cinayətini araşdırmalıdır:
“Mən İlham Əliyevə müraciət edirəm. Siz 4-cü dəfə prezident seçilmək istəyirsiniz. Deyirsiniz ki, dövlət orqanları vətəndaşlara xidmət etməlidir. Mən 20-ci dəfə müraciət edirəm.
Belə özbaşına dövlət olarmı? Hanı bu ölkənin demokratik qanunları, dəyərləri? Zakir Qaralova dəfələrlə sənədlər, faktlar göndərmişik.
Bu məmurlar ölkəni hara aparırlar? Bəs biz kimə üz tutaq, hansı orqan qalıb, desinlər ora yazaq.
Nərimanov rayon prokuroru deyir ki, icra başçısına tapşıracam sizi qəbul eləsin. Başa düşə bilmirəm, prokuror cinayəti araşdırır, yoxsa icra başçısı ilə təmas qurur?
Mən Azərbaycan reallığını bilirəm, amma qanuni və haqlı mübarizəmi davam etdirəcəyəm. Bu cinayət araşdırılmalıdır. Məni Zakir Qaralovun qəbul eləməsini gözləyirəm”.
Y.Səlimova bildirib ki, konkret olaraq Nərimanov RİH-də q-ci müavin postunu tutan Şahmar İbadov cəzalanmalıdır:
”Hətta sonuncu dəfə jurnalistlərə bildirib ki, biz onları mənzil növbəsindən çıxarmışıq. Siz kimsiniz ki, belə qərar verirsiniz? Bu mənzillər gözdən əlillər üçün tikilib, dövlət maliyyə ayırıb. Şahmar İbadov kimilər isə dövlətin bizə ayırdığı malı qəsb eləyib. Ona elə gəlir ki, axıra qədər bu cür qanunsuzluğa yol verərək yaşaya biləcək, vəzifəsində qalacaq. Ancaq yaxın keçmişdə vəzifəsindən qovulan nazirlərin, məmurların aqibətini da yaxşı xatırlasın.
Bizim yeganə tələbimiz budur ki, mənzillər əsl sahiblərinə verilsin, korrupsiya faktı araşdırılsın.
Mən və övladım kefimizdən qəbullara getmirik, mətbuta müsahibə vermirik. Bu pislikləri Allah götürməz”.
Anaxeber.Az-ın verdiyi məlumatda bildirilir ki, icra başçısının və müavinin müxtəlif ərazilərdə firmaları, villaları, obyektləri var.
Şahmar İbadovun Həsən Əliyev küçəsində villası var, Ukraynanın cənubunda taxta-şalban biznesi var. Ordan taxta-şalban materialları gətirib öz tikintilərindən istifadə edir.
Ona görə onun üçün əlil anası faktoru yoxdur. Bu yaxınlarda oğlu Elmir İbadov da maşınla bir nəfəri öldürdü. Amma azadlıqda gəzir. Yəni, hüquq-mühafizə orqanları da onları müdafiə edir.
Həmin binanın aşağı 4 mərtəbəsi gözdən əlillər üçün, qalan 8 mərtəbəsinin isə müəyyən güzəştlərlə Nərimanov rayonunun ərazisindəki yataqxanada qeydiyyatda olan və sosial vəziyyətləri çətin olan ailələr üçün nəzərdə tutulub.
Bu bina barəsində deyilənləri Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 2015-ci ilin payızında televiziyada səslənən müsahibələrinin birində təsdiqləyib.
Nazir deyib ki, bu evlərin bir qismi gözdən əlillərə, qalan hissəsi isə prezidentin göstərişi ilə başqa adamlara veriləcək. Gözdən əlillər isə faktiki evsiz qalıblar.
Şikayətçilər A.Fərzəliyevə orden verən Rusiya prezidenti Putinə də məktub yazmışdılar. Sitat: “Bu cinayətkar dövlət məmurlarının korrupsiya və dələduzluq halları tərəfimizdən aşkarlanarkən öz əməllərini ört-basdır etmək, pullarımıza tam sahib olmaq məqsədilə bizim adımız hazırladıqları bütün sənədləri ləğv ediblər.
Bu korrupsionerlər ev vermək üçün bizlərlə birbaşa pul əlaqəsində olan və özlərinin etibarlı adamı Nəsibov Məzahir Dursun oğlunu müvəqqəti sığınacaq üçün Almaniya dövlətinə göndərmişlər (məqsəd: şahidi yox etmək), bizlərə qarşı şər-böhtan kampaniyasına başlamış, bizi bu çirkin məqsədə qulluq edən yüksək səviyyəli dövlət və hüquq-mühafizə orqanlarının məmurlarının hücumlarına məruz qoymuşlar.
Bunların da nəticəsində banklardan kredit götürüb, qohum-əqrabadan borc pul alıb ev sahibi olmaq istərkən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin və Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevin mütəşəkkül korrupsiya və dələduzluq əməllərinin qurbanına çevrilmiş bizim ailələr acınacaqlı və ağır şəraitlərdə, qohum-əqraba yanında və kirayələrdə yaşayırlar.
 Acınacaqlı həyat tərzi ilə sağalmaz xəstəliklərə tutulmuşuq, intihar vəziyyətlərinə çatdırılmışıq, XXI əsrdə hüquqsuz və müdafiəsiz insanlara çevrilmişik”.
Anaxeber.Azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net