Ana səhifə

ABŞ-ın tanıdığı müxalifət - 2018-ə İqbal Ağazadə eksperimenti nəyi dəyişəcək? - Özəl şərh

    Tarix: 05-02-2018 08:29   
ABŞ-ın tanıdığı müxalifət - 2018-ə İqbal Ağazadə eksperimenti nəyi dəyişəcək? - Özəl şərh


2013 seçkilərində müxalifət bir çətir altına toplanaraq Rüstəm İbrahimbəyov eksperimentini nəzərdən keçirdi.
Gərgin və qızğın keçən seçki prosesində ehtiyat namizəd olaraq Mehman Əliyev və Cəmil Həsənli müzakirə olunurdu.
Müxalifət ilk dəfə vahid namizəd axtarışına çıxarkən real bir nəticəyə gəlməyi bacarmışdı.
İbrahimbəyovun gözlənilən addımı - Bakıya gəlməməsi müxalifəti tarixçi-alim C.Həsənlinin üzərində dayanmağa sövq elədi.
İnsafən, o dövr üçün pis də alınmadı və Milli Şura sədri efirdə mümkün olduğundan artığını elədi.
Sadəcə, seçkidən sonra sönməkdə olan MŞ ulduzu getdikcə közərməyə başladı. Müsavat, KXCP və s. müxalif təşkilatları qurumu tərk elədilər. Nəticə etiibarı ilə MŞ AXCP-nin avanqardı və çiyinləri üzərində dayandı.

AnaXeber.Az-ın Analitik Mərkəzi yazır ki, 2018-ci il seçkiləri 5 il əvvəldən son dərəcə xeyli fərqlənir.
İlk növbədə müxalifətin blok və ya birlik şəklində seçkidə iştirakı haqda müzakirələr seyrəkdir. İkincisi, vahid namizəd mövzusundan real təkliflər nəzərə çarpmır.
Digər bir tərəfdən isə müxalifətin seçkidə vahid namizədlə iştirakı məlum sualı doğurur - kim olsun?!
Belə bir mürəkkəb və ümidsiz şəraitdə müxalifətin yeni reseptlərə ehtiyacı yaranır. Elə olmalıdır ki, demokratik düşərgənin YAP-ın namizədi İlham Əliyevə qarşı çıxardığı alternativ novatorluğu, fərqli yanaşması və şablondan kənar, qaragüruh müxalifətçilikdən uzaqlığı ilə seçilsin.

Eyni zamanda müxalifətin onun ətrafında sıx birləşməsində konflikt ocaqları yaranmasın, yekdilliklə onun namizədliyi həzm edilsin, yenilikçiliyi, ortaya qoyduğu platforması, xalqa mesajları, sosial-iqtisadi proqramları, xarici siyasət və Qarabağ məsələsində öz metodları ənənəvi müxalifətin şüarlarından fərqlənə bilsin.
Həmçinin, həmin namizəd intriqaçı olmamalıdır, müxalifət içində ədabazlıq etməməlidir, hamını mehriban şəkildə bir araya toparlamalıdır, avantürist fikirlər səsləndirməməlidir, köhnə ədavətlər yada düşməməli, 90-ların siyasətindəki səhvlər onun boynuna biçilməməli, radikallığı ilə ziyalılığı çulğalaşmalıdır - bax, sonuncu faktor həddindən artıq olduqca mühümdür.

Bəzi analitiklər, veteran jurnalistlər, o cümlədən sosial şəbəkələrdə müxalifətin vahid namizədi kim olsun sualı ətrafında müzakirələr açanlar belə hesab edirlər ki, yuxarıda sadalanan kriteriyalara, meyarlara hazırki siyasi situasiyada Ümid Partiyasının sədri, keçmiş millət vəkili İqbal Ağazadə, istiqlalçı keçmiş deputat, xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyası sədri Sabir Rüstəmxanlı uyğun gəlirlər.
Hər iki partiya liderinin keçdiyi yol, cəmiyyətdə tutduqları mövqe, parlament fəaliyyəti, Milli Məclisin iclaslarında sərt, açıq mətnlə çıxışları, xalqın gözündə intriqadan uzaq, qalmaqallar bataqlığında çarpışmayan reputasiyaları müxalifətin 2018 seçkilərində vahid namizəd kimi bu iki siyasətçi üstündə dayanmağı diktə edir.
Xüsusi ilə İ.Ağazadənin son illərdəki siyasi fəaliyyəti, onun parlamentdəki radikal çıxışları, sonuncu seçkidə uduzdurularaq yerinə ruspərəst, “5-ci kolon”a yaxın bir partiya sədrinə mandat verilməsi hakimiyyətin ona bir müxalifətçi kimi verdiyi qiymət idi.

Təsadüfi deyil ki, ABŞ Dövlət Departamenti də parlamentdə yeganə müxalifət kimi Ümid Partiyasını tanımışdı.

AnaXeber.Az-ın Analitik Mərkəzi yazır ki, İ.Ağazadənin də millət vəkili olduğu dövrdə vaxtaşırı Qərb səfirliklərində keçirdiyi görüşlər, iqtidarın ona təzyiqlərinə baxmayaraq amerikalı diplomatlarla müzakirələri göstərirdi ki, real şərtlər daxilində mümkün olduğundan artığını etməyə can atır.
Eləcə də müxalifət düşərgəsində ənənəvilikdən kənar olması, çıxışlarında hər qaragüruhdan, şüarçılıq, bayraqçılıqdan uzaq, konkret proqramlar, real platforma, təkliflərlə çıxış edən biri kimi yadda qalması, zaman-zaman müxalifətin hansı səbəblərdə zəifləməsini etiraf etməsi İ.Ağazadənin siyasətdə səmimiyyətini ortaya qoyur.
Və ən nəhayət, 90-cı illərdə Xalq Cəbhəsi iqtidarının səhvlərini, 1998-2003-də aralığında müxalifətin yanlışlarını Ümid sədrinin boynuna biçmək olmaz.
Çünki İ.Ağazadə siyasətdə gəncdir, yenidir, heç zaman müxalifətin parçalayıcı fiquru olmayıb, həmişə birlik mesajları, təşəbbüsləri ilə çıxış edib.
Azərbaycanda sorğu keçirilsə, respondentlərin böyük əksəriyyəti onu müsbət mənada xarakterizə edəcək.
Ona görə ki AXCP-Müsavat qovğasında iştirak etməyib, müxalifətin istənilən birliyindən qaçmayıb, işgəncələr görüb, həbs həyatı yaşayıb və belə bir bioqrafiyaya malik siyasətçiyə müxalifətin vahid namizədi olmaq şansı verilməlidir.

Əlbəttə, paralel olaraq S.Rüstəmxanlının da ziyalı kimi müxalifəti bir araya gətirməsi mümkündür. Xalqın yaddaşında VHP sədri birmənalı xatırlanır.
Sadəcə, Meydan hərəkatından, 90-lardan gələn bir siyasətçinin vahid namizəd olmasındansa, müasir siyasi texnologiyalara bələd olan, Qərb və Amerika seçki rəqabətinin strategiyasından xəbərdar olan İ.Ağazadəyə üstünlük verilməsi yerinə düşər.
Nəzərə almaq lazımdır ki, xalq efirdə yeni lider, yeni sima, yeni yanaşma və təkliflər görmək istəyir.

İ.Ağazadənin parlamentdəki radikal çıxışları heç də uzaq keçmişə aid deyil. O, hakimiyyətin siyasətini məhz MM-nin tribunasından açıq şəkildə tənqid edirdi.
Bu da iqtidarın heç də ürəyincə deyildi. Ümid sədri MM-də yeganə deputat idi ki, hökumətə sərt sözlər deyirdi.
2015-ci il parlament seçkilərindən sonra formalaşan yeni MM-də bu 3 ilə yaxın müddətdə bircə dəfə də radikal çıxış olmayıb.
Qarşıdakı iki ildə də olacağı gözlənilmir. Hakimiyyətə də məhz belə, sözəbaxan Milli Məclis lazım idi.

Odur ki, İ.Ağazadənin orada yeri “yox” idi. Çünki deputat kimi iqtidarı narahat edən çıxışları olurdu. Eynilə onu radikallığının arxasında savadı, təcrübəsi dayanır.
Onun 2003-cü il kimi mürəkkəb və ağır dövrdə parlamentdəki çıxışına da, 2011-ci ildə də Milli Məclisdə çıxışına baxmaq yetərlidir.
İ.Ağazadənin mövqeyində heç nə dəyişməyib və hökuməti parlament tribunasından istefaya çağırır.
Belə bir siyasətçiyə hakimiyyət mandat verərmi? - verməz! Müxalifət isə vahid namizəd mandatı verə bilər - ölkənin və demokratik düşərgənin toparlanması naminə...

шаблоны для dle 11.2

Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net