Ana səhifə

“Xalqının boğazından kəsib Londonda mülk alanlar” barədə qanun qüvvəyə mindi

    Tarix: 04-02-2018 18:49   
  “Xalqının boğazından kəsib Londonda mülk alanlar” barədə qanun qüvvəyə mindi
“The Times” qəzetinin daha bir məqaləsi öz ölkəsinin sərvətlərini mənimsəyərək Britaniyada gizlədən keçmiş sovet vətəndaşlarına həsr olunub: “Surreyin yaşıl təpəcikləri boyunca səpələnmiş malikanələrdə və Londonun mərkəzindəki lüks mənzillərdə onlarca oliqarx ələ keçirdiyi sərvətin kefini çəkir…”

“Onların uşaqları ən bahalı məktəblərə gedir, arvadları dizayner paltarlarını geyinir və ən yaxşı avtomobilləri sürürlər. Onlar reputasiyalarını yüksəltmək üçün universitetlərə və başqa mötəbər təsisatlara investisiya yatırırlar…”- deyilir yazıda.

Məqalədə deyilir ki, “bunlardan bəziləri prezident Putin rejiminin səxavətindən piylənən ruslardır. Digərləri isə Yaxın Şərq diktatorlarına və ya Nigeriya narkotik qaçaqmalçılarına bağlı biznesmenlərdir. Bir çox hallarda onların sərvəti rüşvət və korrupsiyadan gəlir”.

Qəzet yazır: Britaniya, ələlxüsus da onun mülk bazarı uzun müddətdir ki, çirkli yollarla qazanılmış sərvət üçün etibarlı saxlanc sayılıb.

Transparency International təşkilatı iddia edir ki, Britaniyada, çox güman qanunsuz əldə edilmiş pullarla alınmış 4, 4 milyard funt sterliqnlik mülk var. Milli Cinayətkarlıqla Mübarizə Agentliyi isə 2015-ci ildə bəyan edib ki, çirkli pulların yuyulıması məqsədilə ilə alınmış mülklər ev qiymətlərini yüksəldib.

Məqalədə deyilir ki, Britaniya qanunsuz əldə edilmiş mülklərin nəinki birbaşa canilərdən, hətta korrupsiyada şübhəli bilinən siyasətçi və biznesmenlərdən də müsadirə etmək məsələsində çox zəifdir.

Lakin indi kampaniyaçılar ümid edirlər ki, tətbiq olunacaq yeni qaydalar belə mülklərin daha asanlıqla müsadirə edilməsinə yol açacaq.

Məsələ burasındadır ki, Britaniya qanununa “İzaholunmaz Sərvət Haqqında Qaydalar” (Unexplained wealth orders – UWOs) əlavəsi bu həftə qüvvəyə minir. Bu qanunvericilik aktı ağır cinayətlərdə və ya korrupsiyada şübhəli bilinən şəxslərdən 50 min funt sterlinqdən baha mülkləri aldıqları pulun mənbəyini izah etməyi tələb edir.

Qanun dəyişikliyi ilk dəfə olaraq “siyasi əhəmiyyətli şəxslərin” mülklərini də müsadirə etmək ixtiyarı verir. Həm də söhbət məhz qeyri-Avropa İttifaqı ölkələrindən olan şəxslərdən gedir.

Hazırda Britaniyanın hüquq-mühafizə orqanları iki sınaq müsadirəsi üzərində işləyir və bu iş davam etdiriləcək. Bu qanun əsasən rusları hədəflərsə də, başqa ölkələrin vətəndaşlarına da tətbiq ediləcək.

Yeni qanuna görə Britaniya Ali Məhkəməsi şübhəlinin kriminal olması barədə ağlabatan nəticəyə gələrsə, onda dərhal müsadirə orderi veriləcək. Bundan sonra hüquq-mühafizə orqanları mülkün qanunsuz yolla əldə edildiyini sübut etməlidir və ən çətini də budur.

“The Times” yazır ki, hətta köhnə qanunla da bəzi keçmiş sovet oliqarxlarının mülkləri müsadirə olunub. Bunların arasında milyardlarla dolları mənimsəməkdə ittiham edilən Qazaxıstan biznesmeni Muxtar Ablyazov da var. Onun malikanəsi 25 milyon funt sterlinqə satılıb.

O 2012-ci ildə məhkəmə qərarını pozmaqda təqsirli bilinib. Biznesmen Britaniyadan qaçdıqdan sonra onun hovuzlu-fəvvarəli malikanəsi müsadirə olunaraq satılıb.

2016-cı ildə Britaniya hüquq-mühafizə orqanları Londonun bahalı Mayfair məhəlləsində rusiyalı bankirə məxsus 1, 5 milyon funt sterlinqlik mənzili, habelə onun 230 min funt sterliqnlik iki bank hesabını müsadirə edib.

Britaniya Ali Məhkəməsi Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) keçmiş direktorlarından biri olan Yelena Kotovaya özünün cinayətkar yolla əldə edilmiş aktivlərini təslim etmək göstərişi verib. O diplomatik pasportla AYİB-də Rusiyanı təmsil edirdi.

Xanım Kotova bankda işlədiyi vaxtlarda Londonda yaşayırdı, hazırda Moskvada yaşayır. Polis xəbərdarlıq edib ki, Kotova bir də Londona gəlsə, rüşvət və korrupsiya ittihamlarına əsasən həbs ediləcək.

Bir çox başqa ruslar da Britaniya Ali Məhkəməsi ilə çəkişməli olublar. Bunların arasında oliqarx Sergey Puqaçov da var. Ali Məhkəmə ötən oktyabrda onun beş saxta fondda milyonlarla funt sterlıinq gizlətdiyini aşkar edib. “The Financial Times” qəzeti yazırdı ki, bu fondlara Londonun Battersea və Chelsea rayonlarındakı mülklər də daxil idi.

Tətbiqinin çətin olmasına baxmayaraq hüquq-mühafizə rəsmiləri yeni qanunvericiliyi çox faydalı alət sayırlar: “Bu qanun sadəcə olaraq bəzi adamlardan pulu haradan aldığını izah etməyi tələb edir”.

Transparency International təşkilatının baş vəkili Rachel Davies Teka deyir ki, hələlik asanlıqla müsadirə oluna biləcək çox sayda mülk var, amma “ölkəmizin qlobal korrupsiyada iştirak edən bir ölkə olduğunu unutmaq olmaz”.

Bir də unutmaq olmaz ki, Londonda mülklərin alınmasına xərclənən pullar başqa ölkələrdə xalqların səhiyyə və təhsil kimi sahələrinin boğazından kəsilib, Teka deyib.

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net