Ana səhifə

“Sabiq vergilər naziri Eldar Mahmudovla sahibkarları necə “ovlayırmışlar?..”

    Tarix: 15-01-2018 09:03   
“Sabiq vergilər naziri Eldar Mahmudovla sahibkarları necə “ovlayırmışlar?..”


Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov mübhəminə Fazil Məmmədovun da adı əlavə olunub. Hər 2 nazirin işdən qovulmasında əsas səbəb kimi ölkədən bir neçə milyardın çıxarılaraq xaricdəki bank hesablarına, ayrı-ayrı biznes lahiyələrinə, əmlak, yaxta və çoxsaylı qızıl-zinət əşyalarının alınmasına sərf etmələri haqda məlumatlar var. Eldar Mahmudovla Fazil Məmmədovun adının qoşa çəkilməsi də təsadüfi deyil.

Hələ vəzifədə olduqları illərdə bu iki nazirin əlaqəli çalışmaları, aralarında çoxsaylı bağların olması haqda məlumatlar vardı. Diqqətçəkən məqamlardan biri də bu nazirlərin işdən çıxarılmasının da təxminən eyni ssenari üzrə gerçəkləşməsidir. 2015-ci ildə Eldar Mahmudovun vəzifəsindən çıxarılması böyük əksəriyyət üçün günəşli havada ildırım çaxması effektini vermişdi. Ardınca Milli Təhlükəsizlik Nazirliyində başlanan qəfil yoxlamalar Eldar Mahmudovun başının dəstəsi ilə sahibkarlara divan tutması, əmlaklarını, bizneslərini, pul-paralarını əllərindən alması haqda yayılan məlumatları təsdiqləmiş oldu. MTN generalları da daxil olmaqla Mahmudovun 20-dən artıq komanda üzvü həbsə alındı. Həmin günlərdə MTN-in əsas giriş qapısında polis postu belə qoyulmuşdu. Mətbuatda “MTN işi” adını alan bu əməliyyatdan az sonra Eldar Mahmudovun Fazil Məmmədovla əlaqələri üzə çıxdı. Həmin günlərdə xəbərlər yayılmışdı ki, “MTN işi” Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə yanaşı Vergilər Nazirliyinə də sıçrayacaq. Az keçmədi bu xəbərlər qismən təsdiqləndi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində kütləvi həbslər baş tutdu, naziriliyin rəhbər şəxsləri və tebeliçiyindəki qurumların bir çoxunun rəisləri həbsə alındılar. Vergilər Nazirliyində isə həbslər bu şəkildə aparılmadı, kütləvilik olmadı.



Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi Vidadi Məmmədov vəzifəsindən azad olundu, ardınca Vergilər Nazirliyində ümimi xarakterli araşdırmalar aparıldı. V.Məmmədov istintaqa cəlb edildi, evlərində aparılan axtarış zamanı qiyməti yüz minlərlə dollarla ölçülən ləl-cəvahirat aşkarlansa da, o, həbsə alınmadı. Bilindi ki, Vidadi Məmmədov ilə Eldar Mahmudov əvvəl “OBXSS”də bir yerdə işləyiblər. Eldar Mahmudov nazir postuna əyləşəndən sonra öz kadrlarını müxtəlif strukturlara yerləşdirməyə başlayıb. 2007-ci ildə Vidadi Məmmədov Vergilər Nazirliyinə gətirilib və 2012-ci ildə Eldar Mahmudovun əli ilə general rütbəsi alıb. Vidadi Məmmədov Vergilər Nazirliyində uzun illərdən bəri Eldar Mahmudovun adamı kimi fəaliyyət göstərib. Belə məlumatlar vardı ki, iri vergi ödəyicisi olan iş adamlarının dosyelərini də Vidadi Məmmədov MTN-ə ötürüb. Təsadüfi deyil ki, MTN-də əməliyyat baş tutduğu saatlarda Vergilər Nazirliyində də işçiləri bir-bir yoxlamaqla nazirliyin binasından çölə buraxmışdılar. Üzərilərində fleş-kart və digər daşıyıcılar olan işçilərdən alınmışdı.

Belə xəbərlər də vardı ki, Vidadi Məmmədovun nazirlik içərisindəki şəbəkəsinə Nəriman Məcidov rəhbərlik edir. Belə ki, V.Məmmədovun kadrı Elmir Şirinov sərəncama göndərilməsindən sonra nazirlikdə onları təmsil edən Vergi cinayətlərinin ibtidai araşdırılması departamentinin şöbə müdiri vəzifəsində olan Nəriman Məcidov qalıb. V.Məmmədovun yetişdirdiyi kadrlardan olan N.Məcidov bundan öncə də Elmir Şirinova bağlı çalışıb. Nazirlik içərisində onun adı V.Məmmədova bağlı Elmir Şirinov qruplaşmasında çəkilib. Mühim işlər üzrə böyük müstəntiq olaraq V.Məmmədova ən çox pul qazandıran şəxs ünvanına sahib olub. Heç bir qanunsuz əməli olmayan sahibkarlar müxtəlif bəhanələrlə istintaqa cəlb olunaraq Vergilər Nazirliyində geniş yayılan “dinmə ver” rüşvət qoparma əməliyyatına cəlb olunublar. Həmin vaxt istintaq Vidadi Məmmədovla bağlı araşdırmalarla məhdudlaşsa da, 2017-ci ilin dekabrında “MTN işi”nin uzantısı Vergilər Nazirliyində rəhbərliyin dəyişikliyi ilə davam etdi.



Fazil Məmmədov postunu itirəndən sonra onun çoxsaylı müşavirlərinin də kresloları yelləncəyə dönmüşdü. 1 ay sonra, 2018-ci ilin yanvarın ilk ongünlüyündə Fazil Məmmədovun kadrlarının ilk partiyası - 64 “açar” fiqur postlarını itirdilər. Təbii ki, Fazil Məmmədovla bağlı məsələ də hələ ki, ilkin mərhələdədir və gözləmək olar ki, tezliklə bu qurumda da səs-küylü həbslərin və qalmaqallı məhkəmə proseslərin şahidi olacağıq. Ölkədə sahibkarlığın onurğa sütununun qırılmasında MTN və Vergilər Nazirliyi əlaqəli işlədiyi də faktiki sübuta yetirilib. Fazil Məmmədovun Vergilər Nazirliyində yaratdığı şəbəkənin ifşa edilməsi prosesi artıq başlanıb. Onların Eldar Mahmudovun çetesinin məşhur üzvləri - generallar Akif Çovdarovun, Elçin Quliyevin, Sübahir Qurbanovun, Teymur Quliyevin, Natavan Mirvətovanın və qurumun vəzifəli şəxsləri Fizuli Əliyevin, Zaur Məmmədovun, Natiq Alıyevin, Fərhad Atayevin, Anar Şirəliyevin, Eşqin Əliyevin, Elşad Əzizov kimi qandallanacağı da gözlənilir. Eynilə Fazil Məmmədovun da ətrafında Eldar Mahmudovdan heç nə ilə fərqlənməyən şəbəkə olub və şəbəkənin də əsas məqsədi sahibkarların müflisləşdirilməsi hesabına milyardlar əldə edib ölkədən çıxarmaqdan ibarət olub. Artıq Vergilər Nazirliyində də MTN-də olduğu kimi total cinayətlərin baş verdiyi barədə hüquq-mühafizə orqanlarının rəsmi məlumatları eşidilir.

Xatırladaq ki, Fazil Məmmədov işdən qəfil çıxarılandan sonra onun ölkədən 4 milyard 500 milyon manat pul çıxarması haqda iddialar yayılıb. Sonrakı məlumatlarda Fazil Məmmədovun ölkədən “qara pul” transferlərində Vergilər Nazirliyinin təhlükəsizlik xidməti rəisi işləmiş Samir Qurbanovun, qardaşı “ATA-Holdinq”in Müşahidə Şurasının üzvü Qafar Qurbanovun və digər qardaşı Rəfael Qurbanovun əlaqələrindən istifadə etdiyi deyilirdi. Bildirilirdi ki, Q.Qurbanov vergilər naziri Fazil Məmmədovun ən yaxın və inanılmış adamlarından biridir. Onun xaricdəki biznesinin idarəçiliyi ilə məşğul olur. “ATA Holdinq”in Müşahidə Şurasının üzvüdür. Həmçinin qeyd olunurdu ki, Fazil Məmmədov Rafael Qurbanovun təşkilatçılıq imkanlarından və əlaqələrindən ölkə xaricində işlərini aşırmaq üçün istifadə edib.

Odur ki, Eldar Mahmudovla Fazil Məmmədovun eyni məhkəmə zalında müttəhimlər kürsünü bölüşəcəklər də istisna deyil. Hələlik isə Eldar Mahmudov mübhəminə Fazil Məmmədovun adı da qarışıb. Qeyri-müəyyənliyin yaxın aylar ərzində çözüləcəyi də gözlənilir.

E.HÜSEYNOV,
“Yeni Müsavat”
шаблоны для dle 11.2

Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net