Ana səhifə

Son bir ayda üçüncü Putin-Ərdoğan görüşü - səbəb?

    Tarix: 13-12-2017 08:55   
  Son bir ayda üçüncü Putin-Ərdoğan görüşü - səbəb?


Rusiya və Türkiyə arasındakı intensiv danışıqların pərdəarxası; Qarabağla bağlı bədbin proqnoz; politoloq: “Görünür, yenə toqquşma olmalıdır ki...”

Rusiya prezidenti Vladimir Putin Misir və Suriyanın ardınca Türkiyəyə səfər edib. Putin Suriyanın Xmeymim bazasında yerləşən Rusiya hərbi bazasına baş çəkib. Rusiya liderinin Suriyada özünü bu ölkənin prezidenti, yaxud qalib rəhbər kimi nümayiş etdirməsi nəzərlərdən qaçmayıb.

Ötən gün qoşunların Suriyadan çıxarılmasını və qələbəni təntənəli şəkildə elan etmək üçün Xmeymin aviabazasına gedən Rusiya prezidenti Vladimir Putinin səfəri ilə bağlı videokadrlarda maraqlı detal diqqəti cəlb edib. Virtualaz.org xəbər verir ki, rus generallardan biri Suriya diktatoru Bəşər Əsədin qolundan tutaraq ləngidib və onun Putinlə yanaşı qırmızı xalı üzərində yeriməsinə mane olub. Kadrlara əsasən, Putinin təyyarəsi aviabazada yerə enəndə onu Rusiya qoşun qruplaşmasının komandanı qarşılayır və raport verir. Daha sonra Putin onu Xmeymin aviabazasında gözləyən Bəşər Əsədlə və rus hərbçiləri ilə görüşür, ardınca hərbçilərin qarşısında çıxış etmək üçün qırmızı xalı üzərində tribunaya tərəf gedir. Bu vaxt Bəşər Əsəd də onunla yanaşı getmək istəyir, ancaq rus generallarından biri onun qolundan tutaraq saxlayır, işarə verir ki, Putindən arxada qalmaq lazımdır. Yazıda qeyd olunduğu kimi, bu, Suriyada “xozeyinin” hazırda kim olduğunu göstərən simvolik kadrlardır.

Qeyd edək ki, Putin rus ordusunun bir qismini Suriyadan çıxarmağa qərar verib. Rusiyanın bu ölkədəki hərbi bazasında Putini Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu, Moskvanın Suriyadakı hərbi komandanlığının rəisi general-polkovnik Sergey Surovikin, BMT-nin Suriyada tanıdığı hökumətin başçısı Bəşər Əsəd qarşılayıb.

Misirin paytaxtı Qahirədə isə Putini Misir prezidenti Əbdülfəttah Sisi qəbul edib. Görüşdən sonra hər iki lider Misirin qərbində inşa edilən Daba nüvə stansiyasının fəaliyyətə başlaması ilə bağlı müqavilə imzalayıb.

Bu arada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada nizamlanma prosesini müzakirə etmək üçün rusiyalı həmkarı ilə Soçidə görüşmək niyyətində olduğunu bildirib. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə keçirdiyi birgə mətbuat konfransında bəyan edib. “Bölgədəki mühüm məsələləri müzakirə etdik. Bu gün Suriya ilə bağlı məsələyə, son görüşümüzdə qəbul edilən qərarlara toxunduq və Soçidə daha bir görüşün keçirilməsinə dair razılığa gəldik. Əsas məsələlərdən biri Qüdslə bağlı vəziyyətdir. ABŞ müsəlmanları, xristianları və hətta yəhudiləri də məyus edən qərar qəbul edib. İsrail bunu Fələstinə təzyiq etmək imkanı kimi görür” deyə, Ərdoğan qeyd edib. O həmçinin bir həftə ərzində Rusiyadan “S-400” zenit-raket komplekslərinin tədarükü ilə bağlı məsələnin həll olunacağını vurğulayıb.

Rusiya prezidenti Vladimir Putin, Suriyada müxalifətçilər ilə rejim qüvvələrini bir araya gətirəcək Milli Konqresə terror təşkilatı PKK-nın Suriya qolu PYD-nin qoşulmasını istəməyən Ankaraya “O zaman Konqresə PYD-dən kənar kürdlər qatılır” formulu təklif edib. Xəbərə görə, Ankara bu təklifə isti yanaşıb.

Ərdoğan və Putin arasında təkcə son aylarda sayca üçüncü olan bu görüşün ardınca daha bir görüşə ehtiyac duyulması çox ciddi mətləblərdən xəbər verir. Düzdür, Rusiya və Türkiyə arasındakı S-400 anlaşmasının NATO-da doğurduğu sərt reaksiyanın qarşılığında bu iki ölkənin məsləhətləşmələri anlaşılandır. Lakin o da istisna deyil ki, Suriya prezidenti B.Əsədi qəbulolunmaz sayan Ərdoğan iqtidarı ilə Dəməşq hakimiyyətinin legitimliyini qəbul edən və onun arxasında dayanan Putin arasındakı təmaslarda Suriyanın taleyi ilə bağlı məsələlər də ciddi müzakirə mövzudur.

Prezidentlərin Suriya və Qüds başda olmaqla bir sıra beynəlxalq məsələləri müzakirə edəcəkləri gözlənilir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın müzakirə edəcəyi mövzularla bağlı danışarkən bunu deyib. Bildirib ki, Rusiya prezidenti Suriya səfəri barədə məlumat verəcək. Rusiya hərbçilərinin Suriyadan çıxarılmasından sonra atılacaq addımlar barədə fikir mübadiləsi aparılacaq.

“Suriyada hadisələr səngimir və rus ordusunun yalnız bir hissəsi oradan çıxır. Ümumən isə Putin çalışacaq Ərdoğanı Qərbdən qopardıb Rusiya - İran oxuna birləşdirsın”.

Politoloq Hikmət Hacızadə Putinin Qarabağ məsələsində aparıcı rol oynamaq üçün Ankaraya şans tanıyacağını güman etmir: “Ərdoğan bundan əvvəl dedi ki, Dağlıq Qarabağ münaqişəsini yalnız Rusiya və Vladimir Putin həll edə bilər. Bundan sonra nə demək olar ki?”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə “Yeni Müsavat”a dedi ki, Rusiya prezidentinin bir gündə 3 ölkəyə səfəri sıradan bir hadisə deyildi: “Kreml sahibi ilk olaraq Suriyaya getdi və terrorçulara qarşı mübarizənin uğurla tamamlandığını söylədi. Putinin tərəfdaş ölkələrə səfərə Suriyadan başlaması Ankara üçün bir qədər gözlənilməz oldu. Putinin Suriyaya səfərinin bir neçə məqsədi var idi. Birincisi, Putin Suriyaya gəlməklə beynəlxalq aləmə mesaj göndərdi ki, məhz Rusiya ordusunun səyləri nəticəsində Suriyada beynəlxalq terrorçuların kökü kəsildi. Başqa sözlə iki il əvvəl Putin Suriyadakı terrorçularla mübarizə məqsədilə hücum əmri verməsəydi, bu gün Suriya tamamən terrorçuların əlinə keçəcəkdi və indiki rejimin rəhbəri Bəşər Əsədin hakimiyyətinə son qoyulacaqdı. İkincisi, Putin türkiyəli həmkarı və dostu Rəcəb Təyyub Ərdoğana da güclü mesaj göndərdi ki, Türkiyə prezidentinin Suriya prezidenti Bəşər Əsədə qarşı siyasətini qəbul etməyəcək. Düzünə qalsa, Əsəd reallığını Ərdoğan artıq inkar edə bilmir. Türkiyənin keçmiş xarici işlər naziri Əhməd Davudoğlu yanlış olaraq söyləyirdi ki, Əsəd hakimiyyətinin ömrünə bir neçə ay qalıb. Bu proqnoz doğrulmadı və indi Ankara Əsədi qəbul etməsə belə, Suriyada mərkəzi hakimiyyətin varlığı ilə hesablaşmaq məcburiyyətindədir”. Politoloq qeyd etdi ki, Rusiya və Türkiyə Suriyada İŞİD üzərində qələbə çaldılar: “Ancaq bununla məsələ bitmir. Türkiyə PKK-nın Suriyadakı iki qolu – PYD və YPG ilə də mübarizə aparmaq məcburiyyətindədir. Digər tərəfdən, Suriyada indi yeni dövr başlayır, Bəşər Əsəd müxalifətlə dialoqa başlamalı hakimiyyətini dünənki rəqibləri ilə bölüşməlidir. Əgər Əsəd tərslik göstərsə Suriyada yenə vətəndaş müharibəsi təhlükəsi yaranacaq və Rusiya-Türkiyə birliyi çat verəcək. Ona görə də Putinlə Ərdoğan Ankaradakı danışıqlarında Suriyanın gələcəyini müəyyənləşdirməyə cəhd göstərəcəklər”. E.Şahinoğlu qeyd etdi ki, Ərdoğan-Putin görüşündə Qarabağ müzakirə olunmadı: “Bunun iki səbəbi var. Birinci səbəb odur ki, Ərdoğan Qarabağı mövzusunu daima gündəmə gətirməyə çalışsa da, Putindən maraq hiss etmir. Kreml sahibi Qarabağ mövzusunu Ərdoğanla müzakirə etməyə həvəs göstərmir. İkinci səbəb bölgədə baş verən son hadisələrdir ki, həmin olaylar ayrıca Qarabağa geniş vaxt ayırmağa şərait yaratmır. Putin və Ərdoğan Qüds ətrafında yaranan gərginliyi müzakirə etdilər. Bu saat Ərdoğan üçün əsas mövzu budur. Ona görə də Qarabağ mövzusu getdikcə arxa plana keçir. Görünür yenə toqquşma olmalıdır ki, beynəlxalq aləmin Azərbaycanın işğal altındakı torpaqlar mövzusuna marağı artsın”.

E.PAŞASOY,
musavat.comшаблоны для dle 11.2

Ən çox oxunanlar
Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net