Ana səhifə

Türkiyə “Qarabağ oyunu”na qoşulur - kritik gözlənti

    Tarix: 13-11-2017 09:22   

Türkiyə “Qarabağ oyunu”na qoşulur - kritik gözlənti


Bakı-Ankara-Moskva formatına doğru mühüm addım; Bu gün cəmi ayyarımlıq fasilədən sonra Ərdoğan yenidən Putinlə bir araya gələcək; ekspertlərdən Soçi görüşü ilə bağlı nikbin təxminlər: “Türkiyə lideri Kreml başçısını yola gətirməyə çalışacaq...”

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfərə gedir. Qardaş ölkənin rəhbəri Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Rəsmi məlumata görə, iki lider əsasən terrorla mübarizə və Suriyadakı vəziyyəti, hərbi-texniki əməkdaşlıq və iqtisadi-ticari əlaqələrin inkişafı məsələlərini müzakirə edəcəklər. Regional xarakterli digər məsələlərə, o cümlədən Dağlıq Qarabağ probleminə toxunulacağı da gözlənilir.

Yada salaq ki, Türkiyə prezidenti oktyabrın 31-də Bakı səfərindən qayıdarkən jurnalistlərə bildirmişdi ki, yaxın zamanda Putinlə görüşəcək və onunla Qarabağ mövzusunu da müzakirə etmək niyyətindədir. Ərdoğan onu da əminliklə demişdi ki, “əgər Putin həqiqətən Qarabağ məsələsi ilə məşğul olsa, o zaman problem asanca çözülər”. Sitat: “Türkiyə Qarabağ münaqişəsinin ədalətli həlli üçün Azərbaycanla həmrəy hərəkət etməkdə davam edəcək. Mən bu haqda Rusiya prezidenti Putinlə görüşdə də danışacağam. Onun münasibəti çox əhəmiyyətlidir. Əgər Putin həqiqətən bu məsələyə fokuslansa, problem asan həll ediləcək”.

Bu açıqlama Soçi görüşünə Azərbaycan maraqları baxımından məxsusi çalar qatır, onun əhəmiyyətini artırır. Görüşlə bağlı gözləntiləri önəmli edən daha bir neçə məqam var. Məsələ ondadır ki, Soçi təması Ərdoğanın Bakı ziyarətindən, Putinin isə Tehranda Azərbaycan və İran prezidentləri ilə üçlü görüşündən, habelə Rusiyadan yan keçən Bakı-Tiflis-Qars dəmir yolunun açılışından az sonraya təsadüf edir. Başqa bir maraqlı ştrix isə Putinin Ərdoğandan iki gün sonra Ermənistan prezidenti Serj Sərkisyanla planlaşdırılan görüşüdür.

Xatırladaq ki, Ərdoğan və Putin sonuncu dəfə bu il sentyabrın 27-də Ankarada görüşüblər. Yəni, arada cəmi ayyarımlıq interval var ki, bu da iki liderlərin belə qısa zamanda növbəti görüşünü labüd edən səbəb(lər)in aktuallığına, gözləntilərin isə ciddiliyinə dəlalət edir.



Siyasi şərhçilərin bugünkü görüşlə bağlı şərh və ehtimalları müəyyən qənaətlərə yol açır. Məsələn, Ərdoğanın Qarabağla bağlı optimizmini alqışlayan politoloq Qabil Hüseynliyə görə, Türkiyə lideri görüşdə həm Dağlıq Qarabağ problemi, həm də türkmən qazının TANAP layihəsinə qoşulması ilə bağlı Putini yola gətirməyə çalışacaq: “Türkiyə prezidenti müəyyən faktorları Putinin qarşısına qoymaqla, Ermənistanın bölgədəki iqtisadi layihələrdən kənarda qalmasını xatırlatmaqla, bölgədə əmin-amanlığın yaranması, sabitliyin bərqərar olması, iqtisadi inkişafın təmin olunması üçün məhz münaqişənin həllinin zəruriliyini vurğulamaqla ola bilsin, Putini yola gətirməyə çalışacaq”, - deyə o qeyd edib.

“Düzdür, Türkiyə prezidenti ilə Putinin münasibətləri normaldır. Amma mən Putinin xarakterini və Rusiya dövlətinin indiki şəraitdə yeritdiyi xarici siyasət xəttini nəzərə alaraq, bu məsələyə ehtiyatla yanaşıram. Putin Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlünə birmənalı münasibət bəsləmir. Həmçinin, beynəlxalq aləmdə Qarabağa postsovet məkanındakı bütün münaqişələrdən fərqli fikrin formalaşmasında Rusiyanın və onun milliyyətcə erməni olan XİN başçısı Lavrovun mövqeyi şəksizdir. O səbəbdən Azərbaycanın ərazi bütövlüyünün təmin olunması şərtinin Ərdoğan tərəfindən irəli sürüləcəyi təqdirdə Rusiyanın də əks tələblər irəli sürəcəyi birmənalıdır. Ərdoğan proseslərə müəyyən stimullaşdırcı fon verə bilər. İstənilən halda, Ərdoğanın işə girişməsi həm Ermənistanın belini qıran, həm də Rusiyanı xeyli dərəcədə yumşalda biləcək amildir” - politoloq bildirib.



Ehtiyatlı nikbinlik ifadə edən digər politoloq Elçin Mirzəbəyli isə Soçi görüşünün yetərincə önəmli bir zaman kəsiyinə təsadüf etdiyini düşünür. Onun sözlərinə görə, qarşıdakı təmas Ərdoğanın Bakı-Tiflis-Qars dəmir yolu xəttinin açılışı və Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasında iştirakından, eyni zamanda Azərbaycan-Rusiya-İran liderlərinin Tehran zirvə toplantısından sonra baş tutması Qarabağ münaqişəsinin tənzimlənməsi baxımından daha çox maraq doğurur.

Analitik hesab edir ki, sözügedən görüş daha çox Türkiyə-Rusiya münasibətlərinin inkişafı və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Ankaranın iştirakının qəbul olunması baxımından önəmlidir: “Görüş regional əməkdaşlıq formatlarının genişlənməsi üçün də müəyyən imkanlar yarada bilər. Məsələn, Azərbaycan-İran-Rusiya formatı Azərbaycan-Türkiyə-Rusiya-İran formatına çevrilə bilər. Yaxud bu prosesin başlanğıcı kimi Azərbaycan-Türkiyə-Rusiya üçtərəfli formatı ideyasının gerçəkləşməsi də mümkündür. Bütün hallarda görüşün daha çox regional əməkdaşlığın, xüsusilə də Rusiya-Türkiyə münasibətlərinin inkişafına xidmət edəcəyini düşünürəm”.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov da Qarabağ məsələsinin Ankara-Moskva danışıqlarının predmetinə çevrilməsini ciddi məsələ sayır. “Çox yaxşı ki, Türkiyə-Rusiya əməkdaşlığının, gələcək strateji partnyorluğunun şərtlərindən biri Dağlıq Qarabağ mövzusudur. Bu mərhələdə müzakirələr hansısa nəticə verəcək, ya verməyəcək, demək çətindir. Amma həmişə Türkiyənin səsləndirdiyi şərtlərdən biri Dağlıq Qarabağ olacaq. Azərbaycan-Türkiyə əlaqələrində bu, böyük siyasi addımdır. Ermənilər buna görə narahatdır”, - deyə keçmiş XİN başçısı “Yeni Müsavat”a açıqlamasında qeyd edib.



“Ərdoğan-Putin görüşündə gündəmdə olacaq dördüncü mövzu Qarabağ məsələsidir”. Bu sözləri isə Axar.az-a açıqlamasında “Baku Network” Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov deyib: “Çünki Qafqazdakı vəziyyət Moskva və Ankaranı narahat edir. Türkiyə iqtisadi baxımdan problemin həllində maraqlıdır. Ərdoğan Türkiyə iqtisadiyyatının Qafqaza tam şəkildə daxil olmasını istəyir. Rusiya Azərbaycanla yaxın münasibətlərdə maraqlı olsa da, nədənsə məsələnin həllinə tələsmir. Soçidə müzakirələrin hansı istiqamətdə gedəcəyi aydındır. Çünki Qarabağla bağlı sülh prosesinin başlanğıcı bəzi rayonların geri qaytarılmasından keçir. Bunun 5 və ya 7 rayon olacağını indidən söyləmək çətindir”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, hazırkı danışıqlar prosesi gec-tez Azərbaycanın mövqeyi ilə razılaşmağı tələb edir: “Zənnimcə, Soçidə Rusiya və Türkiyə arasındakı müzakirələrdən sonra hər iki tərəf Azərbaycanla danışıqlara başlayacaq. Ancaq Rusiya Ermənistanın mövqeyini də müdafiə etməkdə israrlı görünür. Neçə rayonun hansı şəkildə boşaldılacağı önəmli deyil. Çünki bu prosesin arxasında aydın bir sülh mexanizmi var. Ərdoğan-Putin görüşü indiyə qədərki görüşlərdən çox fərqlənəcək. Çünki Qarabağa dair sülh prosesi bu görüşdən müəyyən dərəcədə asılıdır”.



Əlbəttə ki, prezidentlərin bir görüşü ilə Rusiyanın Dağlıq Qarabağ məsələsində həm də qardaş ölkənin təsiri ilə kardinal dönüş gözləmək yanlış olardı. Lakin bir məqamı qeyd eləməyə dəyər ki, Soçi görüşü Türkiyənin “Qarabağ oyunu”na qoşulması yönündə mühüm addım ola, Azərbaycanın əsas dərdini Kremlin diqqətinə daha yaxşı çatdırmaq üçün unikal fürsətlərdən birinə çevrilə bilər. Ola bilsin, görüşdən sonra bu barədə prezidentlər danışmağa həvəsli olmasınlar. Yəni, proses ilkin mərhələsində olduğu üçün hələlik konfidensial saxlanması mümkündür.

İstənilən halda son vaxtlar hansı mövzularda olur-olsun, iki lider arasında intensivləşən şəxsi təmaslar, sözsüz ki, müsbət haldır və Azərbaycanın məsələsinin Kremldə ciddiyə alınması prosesinə yalnız töhfə verə bilər. Bu mənada Ərdoğanın son Bakı səfəri zamanı söylədiyi “Azərbaycanın Qarabağ yarası bizim də yaramızdır” sözləri Soçi təması öncəsi ikiqat diqqət çəkir.

Analitik xidmət

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net