Ana səhifə

"Artan xətt üzrə gedən inflyasiya vətəndaşların gəlirlərini də dəyərsizləşdirir"

    Tarix: 01-08-2017 09:02   
"Artan xətt üzrə gedən inflyasiya vətəndaşların gəlirlərini də dəyərsizləşdirir"
Ekspertlər iqtisadiyyatdakı pozitiv və neqativ tendensiyaları şərh edir

İlin 7 ayı geridə qaldı. Ötən bu zaman iqtisadi proseslər baxımından da zəngin oldu. İlin əvvəlində manat rekord həddə zəifləsə də, sonrakı müddətdə sabitliyini bərpa etdi və bu sabitlik davam edir. Lakin Mərkəzi Bankın yürütdüyü bu siyasət də qurbansız ötüşmədi.


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədova görə, bu müddətdə ən yadda qalan məqam manatın sabitliyinin bərpa olunmasıdır: “Son vaxt Mərkəzi Bankın yürütdüyü siyasət, pul-kredit siyasətinə nəzarətin müəyyən qədər gücləndirilməsi, real sektorun inkişafına mane olsa da, pul qıtlığı yaransa da, Azərbaycanda manatın məzənnəsini qoruyub saxlamaq mümkün oldu. Bu, Mərkəzi Bankın apardığı siyasət idi ki, inflyasiyanı birrəqəmli səviyyəyə çatdırsın. Düzdür, bu, gələcəkdə real sektorun inkişafında bəzi problem yarada bilər. Çünki pul qıtlığı biznesin inkişafına mənfi təsir edir.


Banklarla bağlı vəziyyətdə elə bir ciddi irəliləyiş olmadı. İki devalvasiyadan sonra bank sistemi çox ciddi böhranla üzləşdi. Xüsusilə Beynəlxalq Bankda baş verən hadisə, bu bankın borclarının dövlət büdcəsi tərəfindən ödənilməsi Azərbaycan iqtisadiyyatına mənfi təsir göstərdi. Hazırda bank sistemində sağlamlaşdırma prosesinin getdiyi deyilsə də, bunun perspektivini görmürəm. Çünki bu, o zaman mümkün olacaq ki, insanlar banklara etibar etsin, bank sistemi ilə real sektor arasında anlaşma mümkün olsun".




Deputatın sözlərinə görə, ümumi götürəndə son 7 ayda iqtisadiyyatda baş verən təlatümlər, dünyadakı iqtisadi böhran, neftin qiymətinin kəskin aşağı düşməsi Azərbaycana da təsirini göstərir: “Düzdür, Azərbaycanda cənab prezidentin yürütdüyü siyasət nəticəsində kənd təsərrüfatında inkişaf, idxalda azalma, ixracda artım qeydə alınıb. Bu 7 ayda ilk dəfə olaraq, xarici ticarətdə müsbət saldo müəyyən oldu. Düzdür, bu dövrdə qeyri-neft sektorunda müəyyən sənaye parklarının, iri fermer təsərrüfatlarının yaranmasına start verildi. Əlbəttə, bu da 2018-2019-cu illərdə öz bəhrəsini verəcək. Bu işlərə artıq start verilib. Gələcəkdə bunun necə davam etməsi mexanizmin necə qurulmasından asılı olacaq. Kənd təsərrüfatında müəyyən neqativ proseslər də getməyə başladı. Son zamanlar suvarma sistemində problemlərim olması ilə bağlı şikayətlər oldu. Ancaq bu sahədə müsbət addımlar da atılıb. Biz idxala baxanda görürük ki, kənd təsərrüfatı məhsullarında idxalın əvəzlənməsi sürətlənib, ixrac artıb. Bu sahədəki addımlar davam etdirilməlidir”.


İqtisadçının fikrincə, hazırda Azərbaycanda iri sənaye müəssisələrinin yaradılmasına böyük ehtiyac var: “Çünki gələcəkdə neftin qiyməti ilə əlaqədar bu problemlər qalmaqdadır. Ola bilər ki, bu problemlər daha da dərinləşsin. Çünki Amerika şist neftini dünya bazarına çıxarmaqda daha çox maraqlıdır. Bizdə də ”Şahdəniz" qaz yatağının istifadəsinə başlanılacaq. Ona görə də, iri sənaye müəssisələrinin yaradılmasına ehtiyac var ki, Azərbaycanın dövlət büdcəsinə əlavə gəlirlər gətirsin. Hesab edirəm ki, Mərkəzi Bankın apardığı siyasət bu cür davam edərsə, manat öz məzənnəsini qoruyub saxlayacaq. Bunun da iki tərəfi var və real sektorun inkişafına müəyyən qədər problem yarada bilər. Digər tərəfdən, idxal və ixrac əməliyyatlarına indiki kimi ciddi nəzarət davam etdirilərsə, bu o qədər ciddi problem yaratmaz. Ancaq əsasən yerli istehsala diqqəti artırmaq lazımdır ki, 2018-ci ildə ÜDM-də artım hiss edək. 2017-ci ildə mən ÜDM-də ciddi artım olacağını düşünmürəm".

Image result for Natiq Cəfərli


İqtisadçı ekspert Natiq Cəfərli isə iqtisadiyyatda aparılan islahatların hələ ki ciddi bir nəticə vermədiyini bildirdi: “Ötən 7 ayda gəldiyimiz əsas nəticə ondan ibarətdir ki, ölkə iqtisadiyyatındakı fundamental problemlər davam edir. Ötən dövrdə, əsasən də bank sektorunda ciddi problemlər yaşandı. Beynəlxalq Bankın xarici kreditorlar qarşısında öhdəliklərini yerinə yetirməməsi ən ciddi hadisələrdən birinə çevrildi və dövlət məcbur olub bu öhdəlikləri öz üzərinə götürməklə büdcə üçün əlavə borc yükü gətirdi. Yanvar ayında məzənnə ilə bağlı problem yaşandı və dolların rəsmi məzənnəsi 1.93-ə qədər bahalaşdı. Sonradan Mərkəzi Bank inzibati qaydada müdaxilələr həyata keçirərək iqtisadi aktivliyin azalması və manat kütləsinin daralması hesabına məzənnəni sabitləşdirə bildi. Pozitiv adlandıra biləcəyimiz addım bundan ibarətdir ki, məzənnə bir neçə aydır ki, 1.70 civarında sabitləşib. Amma bunun fəsadları da oldu, xarici ticarət zəiflədi, iqtisadi aktivlik azaldı. İdxal 17 azalıb”.


İqtisadçının sözlərinə görə, artan xətt üzrə gedən inflyasiya vətəndaşların gəlirlərini də dəyərsizləşdirir: “Daha bir məsələ isə inflyasiya ilə bağlıdır. Manat kütləsinin azalmasına baxmayaraq, nə hökumət, nə də Mərkəzi Bank inflyasiyanın qarşını ala bilmir. Bu, insanların gəlirlərinin aşağı düşdüyü bir şəraitdə real qazancların da azalmasına səbəb olur. Dövlət qurumlarında çalışan, büdcədən maaş alan insanların əmək haqlarında nominal olaraq təxminən 7 faizə yaxın artım oldu. Amma reallıqda ikirəqəmli inflyasiya həmin artımı ”yedi", hətta onların real gəlirlərinin də azalmasına səbəb oldu. Daha bir pozitiv məsələ odur ki, ölkəyə turizm axını genişlənib. Düzdür, bu özü ilə bir çox problemlər gətirsə də, turist sayının artması ölkədə bu sektorda çalışan insanların gəlirlərinə müsbət təsir edib.


Ancaq bütün bu baş verənlərə baxmayaraq, makroiqtisadi göstəricilər, inflyasiya, qiymət artımı, iqtisadi aktivliyin zəifləməsi, bank sektorunun durumu bu 7 aya damğasını vuran iqtisadi faktorlardır. Bank sektorunun vəziyyəti və iqtisadi aktivliyin zəifləməsi bu sürətlə davam etsə, yaxın 5 ayda Azərbaycan iqtisadiyyatı daha ciddi fəsadlarla üzləşə bilər. Çünki iqtisadi aktivlik və insanların real gəlirləri artmasa, hökumətin iqtisadi artımla bağlı hədəflərinə çatmaq da mümkün olmayacaq".


Nərgiz LİFTİYEVA

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net