Ana səhifə

“Rusiyaya yaxınlığı ilə seçilən hakimiyyətdaxili şəbəkənin son referendumla bağlı tamam başqa planları var idi”

    Tarix: 10-07-2017 09:29   
“Rusiyaya yaxınlığı ilə seçilən hakimiyyətdaxili şəbəkənin son referendumla bağlı tamam başqa planları var idi”


“Rusiyaya yaxınlığı ilə seçilən hakimiyyətdaxili şəbəkənin son referendumla bağlı tamam başqa planları var idi”

"Belə bir anormal vəziyyət yaranıb ki, Azərbaycanın puluyla Ermənistan silahlandırılır. Bir daha deyirəm, Azərbaycanın milyardlarla ölçülən vəsaiti hesabına Rusiyanın silah zavodları dayanmır və bunun müqabilində Ermənistana pulsuz silah verilir".



Ötən həftənin siyasi olayları ilə bağlı AzadlıqRadiosu-nun suallarını siyasi icmalçı Eldar Namazov cavablandırır.

- Eldar bəy, yola saldığımız həftə Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində 2 yaşlı uşaq daxil olmaqla iki dinc sakini öldürmələri və Rusiya-Azərbaycan münasibətlərində gərginliyin yaşanması ilə yadda qaldı. Baş verən hadisələr mənbəyini hansı siyasi istiqamətdən götürür?

"Çar Rusiyası ərazisində ilk dəfə ermənilər terror üsullarını öz siyasi partiyalarının nizamnaməsinə daxil ediblər".
- Əvvəla, atəşkəs daimi pozulur. Bu baxımdan hələ 6 ay öncə müharibə ehtimalının 90 faiz olduğunu bildirmişdim və açıqlamam bəzi dostlarımızı təəccübləndirmişdi. Məsələ ondadır ki, 2016-cı ilin aprel döyüşlərindən sonra danışıqlar imkanı pəncərəsi bağlandı, Ermənistan öz seçimini Rusiyanın xarici işlər naziri Lavrovun təklifini rədd etməklə ortaya qoydu. O cümlədən, Rusiya özü də Qərbi şantaj etdi ki, Azərbaycanla mərhələli planı həyata keçirməyə başlasa, o zaman rus qoşunları sülhməqamlı qüvvələr kimi Dağlıq Qarabağa daxil olacaq. Bununla da, Qərbin təzyiqi azalacaq. Aparılan siyasətin arxasında bir məqsəd vardı - Ermənistan işğal etdiyi əraziləri boşaltmaqdan imtina etsin. Rusiya da bu gedişatda Ermənistana yeni silah partiyaları verdi, iki dövlətin ordularının birgə hissələrini yaratdılar, Naxçıvanla sərhəddə olan dördüncü erməni korpusu vahid hərbi hissəyə çevrildi. Bütün bunlara ümumi yanaşdıqda mən müharibənin qaçılmaz olduğunu bildirmişdim. Ona görə ki, Azərbaycanın seçimi qalmayıb.

Buna da bax: Hərbi atteşe: 'Bütün Amerika onların ailəsi ilə birlikdə hüzn içindədir'

Alxanlı sakinləri kəndin necə atəşə tutulduğunu danışırlar2


"Azərbaycanın milyardlarla ölçülən vəsaiti hesabına Rusiyanın silah zavodları dayanmır və bunun müqabilində Ermənistana pulsuz silah verilir".
- Niyə belə düşünürsünüz?

- Bilirsiniz, ya 20-30 illik vəziyyətin dondurulmuş şəkildə qalması ilə razılaşmalıyıq, ya da təzyiqləri gücləndirməliyik. Buna görə də ermənilər təxribatlara əl atacaqlar, onda da müharibə ehtimalı çox yüksək olur.

- Siz iyulun 4-də baş verənləri əsas götürürsünüz?



- Konkret olaraq, iyulun 4-dən sonra baş verənlərin ayrıca izahı var. Söhbət ondan gedir ki, Ermənistanın tarix boyu dinc əhaliyə qarşı terror üsullarını tətbiq etməsi siyasi mədəniyyətinin bir hissəsidir. Çar Rusiyası ərazisində ilk dəfə ermənilər terror üsullarını öz siyasi partiyalarının nizamnaməsinə daxil ediblər, XIX əsrin sonları, XX əsrin əvvəllərində Daşnak və Qnçak partiyalarının tarixinə baxdıqda bu aydın görünür. Türkiyə və Cənubi Qafqazda ardıcıl olaraq terror törədilirdi. Hətta XX əsrin 60-80-cı illərində Türkiyə diplomatlarına qarşı keçirilən sui-qəsdlər bu prosesin tərkib hissəsiydi. Eyni zamanda, ötən əsrin 80-ci illərinin əvvəllərində Bakıda, Moskvada terror hadisələri törətmişdilər, münaqişə yeni başlayanda isə Azərbaycanın müxtəlif yerlərində oxşar hərəkətlərdən istifadə edirdilər, Xocalı faciəsini misal gətirmək olar və onlar dinc əhalini qorxutduqlarını gizlətmirdilər də. İndi də bu xətti davam etdirirlər, çünki Azərbaycan ordusu son dövrlərdə kifayət qədər güclənib, orduya gücləri çatmadığından bunun heyfini dinc əhalidən çıxırlar. Ona görə Alxanlı kəndində baş verən hadisə təsadüfü deyil.



- Bəs atəşkəsin pozulduğu gün Rusiya Xarici İşlər Nazirliyinin bəyanatı təsadüfüdürmü?

"Alxanlı kəndində baş verən hadisə təsadüfü deyil".
- Qonşu ölkənin iyulun 4-də gətirdiyi bəhanə ciddi deyil. Bəllidir ki, Rusiya vətəndaşı olan erməni əsilli yüzlərlə adam Azərbaycanın sərhədini keçir. Əgər onlar əvvəlcədən bu barədə Azərbaycan tərəfini məlumatlandırsalar və bunu əsaslandırsalar, o zaman gələnlərin təhlükəsizliyinə təminat verilməsi barədə müəyyən tədbirlər görülər. Rusiya XİN 25 nəfər barədə Azərbaycanı məlumatlandırmayıb. Onların gəlişinin məqsədi bəlli olmayıb və təhlükəsizlikləri haqda da heç bir tədbir görülməyib. Bizim müharibə şəraitində olduğumuzu nəzərə alsaq Azərbaycan əvvəlcədən əsaslandırılmış şəkildə məlumatlandırılmalıydı. Ümumiyyətlə, bu yanaşma yalnız Rusiya deyil, başqa dövlətlərin erməni mənşəli vətəndaşlarına da aiddir və heç kim şikayət etmir. Moskvanın birdən-birə bəyanat verib Bakını ittiham etməsi təzyiq mesajı sayılmalıdır. Rusiyanın narazılığı başqa məsələlərlə bağlıdır, əsas səbəb erməni mənşəli insanların buraxılmaması deyil, bu, yalnız bəhanədir. Azərbaycanla Rusiya arasında gərginlik son dövrdə, xüsusən ötən ilin aprel döyüşlərindən sonra artan xətlə gedir. Sadəcə, Azərbaycana təzyiq göstərmək üçün erməni mənşəli vətəndaşların buraxılmamasını bəhanə etdilər.


- Siz Rusiyanın narazılıqlarının başqa məsələlərlə bağlı olduğunu dediniz. Bəziləri 2018-ci il seçkilərini əsas gətirir, bəs sizin ehtimallarınız nədən ibarətdir?

"Azərbaycanla Rusiya arasında gərginlik son dövrdə, xüsusən ötən ilin aprel döyüşlərindən sonra artan xətlə gedir".
- Bir neçə ehtimal irəli sürmək olar. Aprel döyüşlərinin ardınca Rusiya Ermənistanın şantajını nəzərə alıb danışıqlarla bağlı heç bir tədbir görmədi və gərginlik artmağa başladı. Ehtimallara gəlincə, enerji məsələlərinə dair ciddi narazılıq var, Azərbaycan qazının Avropa bazarına çıxartması üçün son tədbirlər görülür. Rusiya isə bunun baş verməməsində maraqlıdır. İkinci səbəb Azərbaycan şirkətlərinin NATO və Pentaqonun sifarişi ilə Suriyaya Bashar Assad-a qarşı olan müxalifətçilərə silah aparmasıdır. Bolqarıstan mediasında Kremlin sifarişi ilə yazılanları misal çəkmək olar. Üçüncü səbəb son dövrlərdə bəzi media orqanlarında Azərbaycan hərbi-sənaye kompleksinin Ukraynaya sifarişlər verməsidir. Bilirsiniz ki, Azərbaycan Rusiyadan 5 milyard dollara yaxın silah alıb, ancaq təəssüf ki, bu siyasətin Qarabağ məsələsinə heç bir təsiri olmadı. Rusiya silah satışından milyardlarla dollar qazanır, hərbi zavodlarının işçiləri maaş alır, amma Ermənistana pulsuz silah verirlər. Bunu ört-basdır etmək üçün ruslar Ermənistanın müxtəlif sənaye komplekslərini ələ keçiriblər. Onsuz da Ermənistanın infrastrukturu da daxil olmaqla əsas mülkiyyəti rusların əlindədir. Belə bir anormal vəziyyət yaranıb ki, Azərbaycanın puluyla Ermənistan silahlandırılır. Bir daha deyirəm, Azərbaycanın milyardlarla ölçülən vəsaiti hesabına Rusiyanın silah zavodları dayanmır və bunun müqabilində Ermənistana pulsuz silah verilir. Bunun qarşısını almaq üçün müxtəlif təkliflər var, Ukrayna mediasında məlumat yayıldı ki, Azərbaycan bu ölkənin hərbi-sənaye kompleksinə böyük sifarişlər verəcək. Rusiya və Ukraynada istehsal olunan silahlar sovet dövründən qalmış texnologiya əsasında hazırlanır. Moskvanı da Azərbaycanın Ukraynaya üz tutması narahat edir. Səbəblər çoxdur, ancaq hansının əsas rol oynadığını demək çətindir. Amma aprel döyüşlərindən sonra qarşılıqlı narazılığın inkişafı faktdır.



- Bununla belə, İlham Əliyevin həyat yoldaşı Mehriban Əliyevanı birinci vitse-prezident təyin etməsinin və hakimiyyətin 2018-ci il seçkilərində fərqli namizədinin olması ehtimalının da Moskvanı narazı saldığını deyənlər var. Bu ehtimalı bölüşürsünüzmü?

- Bu da ehtimal olunan variantlardan biridir. Çünki Azərbaycanda Rusiyaya yaxınlığı ilə seçilən hakimiyyətdaxili şəbəkə var. Həmin şəbəkənin son referendumla bağlı tamam başqa planları var idi. Narahatlıq da öz rolunu yəqin ki, oynayır, başqa amillərlə bərabər bu amili də nəzərə almaq lazımdır.

"Azərbaycanda Rusiyaya yaxınlığı ilə seçilən hakimiyyətdaxili şəbəkə var".
- Siz Azərbaycanın seçiminin olmadığını və 90 faiz müharibə ehtimalının olduğunu vurğuladınız. Ancaq iki həmsədr dövlət – ABŞ və Fransa ilə razılıq əldə olunmadan müharibə etmək nə dərəcədə mümkündür?



- Əlbəttə, hər bir hərbi əməliyyatın arxasında ciddi hərbi-diplomatik və informasiya işləri durmalıdır. Sualınızdan yeni mövzu meydana gəlir, Azərbaycan diplomatiyası aprel döyüşlərindən sonra üzərinə düşən vəzifəni yerinə yetirə bilmir. Azərbaycan ordusu hərbi üstünlüyü nümayiş etdirməklə yeni situasiya yaratdı. Aprel döyüşlərindən sonra Azərbaycan diplomatiyası üçün yeni imkanlar açıldığından yeni strategiya ortalığa qoyulmalıydı. Aprel döyüşlərinə qədər olan situasiya sonrakı vəziyyətdən tamamilə fərqlənirdi. Ona görə digər həmsədr ölkələrlə ciddi iş aparılmalıydı, o cümlədən, Ermənistanın da üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Qazaxıstan və Belarusun Azərbaycana isti münasibətini nəzərə alıb iş görülməliydi. Məsələn, həmin təşkilatı neytrallaşdırmaq üçün bu iki dövlətlə hərbi müqavilələr imzalanmalıydı. Hesab edirəm ki, Azərbaycan diplomatiyası aprel döyüşlərindən sonra yaranan yeni imkanlara hazır görünmür. Son bir ildə biz ancaq bir şey eşidirik: “Ermənistan xarici işlər naziri Nalbandyan görüşdən qaçır, biz onunla görüşmək istəyirik”. Azərbaycan diplomatiyasının bundan o tərəfə bir təşəbbüsü görünmür. Elə bil ki, Nalbandyanla görüş baş tutsa, bu, hansısa ciddi dəyişikliyə səbəb olacaq. Əslində, Nalbandyanla görüşün olub-olmaması ən əhəmiyyətsiz məsələdir. Daha əhəmiyyətli məsələlər sırasında digər həmsədrlərlə işləmək, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının daxilində yeni balans yaratmaq durur. Ancaq təəssüf ki, Azərbaycan diplomatiyası ordumuzun apreldə yaratdığı imkanı anlamır və yeni şəraitdə yeni istiqamətləri müəyyənləşdirə bilmir.
azadliq.org

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net