Ana səhifə

İran parlamentinə terrorçuların basqını Azərbaycanda da narahatlıqla qarşılanıb -təhlükəsizlik tədbirləri gücləndirildi

    Tarix: 10-06-2017 09:08   
İran parlamentinə terrorçuların basqını Azərbaycanda da narahatlıqla qarşılanıb  -təhlükəsizlik tədbirləri gücləndirildi

Təhlükəsizlik ekspertindən önəmli açıqlamalar; Arzu Nağıyev: “Bütün ictimai yerlərdə və qurumlarda təhlükəsizlik xidmətləri xüsusi iş rejiminə keçir”

İran parlamentinə terrorçuların basqını qonşu dövlətlərin bir çoxunda, o cümlədən Azərbaycanda da narahatlıqla qarşılanıb. Qanlı olaydan dərhal sonra İŞİD baş verənlərə görə məsuliyyəti üzərinə götürdü. Ölkəmizi də ara-sıra təhdid edən terror təşkilatının İran parlamentində gerçəkləşdirdiyi qanlı aksiya olduqca həssas təhlükəsizlik məsələsini bir daha gündəmə gətirib. Təhlükəsizlik səviyyəsi yüksək olan İran parlamentinə İŞİD-çilərin soxulmasından sonra ölkəmizin müvafiq qurumunda təhlükəsizlik tədbirləri gücləndirilməlidirmi?


Azərbaycan parlamentinin üzvü Vahid Əhmədov “Yeni Müsavat”a deyib ki, terrordan heç bir ölkə sığortalanmayıb: “Azərbaycanın təhlükəsizlik orqanları çox ciddi şəkildə işlər görürlər. Azərbaycan sərhədlərindən başlayaraq müvafiq addımlar aparılır, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi və digər qurumlar gecə-gündüz ölkədə təhlükəsizliyin keşiyindədirlər. Azərbaycanın ən böyük xoşbəxtliyi də budur ki, ölkədə əmin-amanlıq qorunub saxlanır. Bunda ölkə başçısı İlham Əliyevin rolu həddən artıq böyükdür. Azərbaycanda təhlükəsizlik sahəsində də islahatlar keçirilir. Əlbəttə ki, İran parlamentində baş verən hadisədən biz də çox böyük narahatlıq keçiririk. İran Azərbaycanın qonşu dövlətidir, sıx əlaqələrimiz var. Amma Azərbaycanda belə hadisələrin təkrarlanacağını gözləmirəm”.


Deputat deyir ki, Azərbaycanın hüquq-mühafizə orqanları çox çevik tədbirlər həyata keçirməyi bacarırlar: "Belə olayları törətmək istəyənlər həbs olunur, müqavimət göstərənlər zərərsizləşdirilir. Azərbaycanda siyasi vəziyyət tam nəzarətdədir. Ona görə də Azərbaycanda ciddi bir problem olacağı gözləntisi də yoxdur".




V.Əhmədov İranda baş verənlərin müxtəlif dövlətlərlə fikir ayrılıqları kontekstində gerçəkləşdirilməsini də istisna etmir: “İran barəsində müxtəlif fikirli dövlətlər var. Xüsusilə son vaxtlar ABŞ-dan İranla əlaqəli bəyanatlar verilir. Bölgə çox ağır bölgədir. İranın qonşuluğunda mühariblər gedir. İŞİD, digər təşkilatlar həmin müharibələrdə tərəfdir və bir mərkəzdən idarə olunurlar. Amma Azərbaycanı İranla müqayisə etmək düzgün deyil. Azərbaycanda təhlükəsizlik çox ciddi şəkildə qorunur. Allah Azərbaycanı qorusun”.


Sabiq təhlükəsizlik zabiti Arzu Nağıyev İranda baş verənləri dəyərləndirərkən deyib ki, bu, ərəb dünyasında baş verən proseslərin davamıdır: “Səudiyyə Ərəbistanı ilə İran arasındakı gərginlik əvvəldən vardı. Qətər hadisələrindən sonra proses İrana keçirildi. Bu, idarə olunan, sifarişlə baş tutan məsələyə daha çox bənzəyir. Bu kontekstdə Azərbaycan parlametinin hədəf kimi seçiləcəyi inandırıcı deyil. Azərbaycanın enerji, məzhəb, dini məsələlərlə bağlı hər hansı bir dövlətlə problemi yoxdur. Amma bu o demək deyil ki, Azərbaycan terrordan tam şəkildə sığortalanıb. İrandakı terror olayından sonra Rusiyadan verilən bəyanatlarda deyilir ki, Rusiyanın cənubunda problemlər yaşana bilər. Rusiyanın cənubu Azərbaycanın şimalıdır. Bu tərəfdən də ölkəmizin cənubunda - İranda problemlər yaşanır. Bütün bunlara baxmayaraq, Səudiyyədə, Qətərdə, ardından İranda baş verən proseslərin Azərbaycana keçəcəyini söyləmək olmaz”.




A.Nağıyev onu da vurğulayır ki, terrordan heç bir dövlət sığortalanmayıb, buna görə də bizlər bu proseslərə hazır olmalıyıq: “Azərbaycan hüquq-mühafizə, xüsusi xidmət orqanları ilə yanaşı vətəndaşlar da hər bir hadisəyə hazır olmalıdırlar”.


Sabiq təhlükəsizlik zabiti deyir ki, İran parlametində baş verənlərdən sonra Azərbaycan parlamentində mühafizə avtomatik olaraq gücləndirilib: “Müvafiq təhlükəsizlik qurumlarının plana uyğun şəkildə göstərişləri var. Həmin göstərişlərdə belə hadisələr zamanı hansı addımların atılmasının vacib olduğu qeyd olunur. Yəni ölkənin sərhədindən başlayaraq daxilindəki bütün ictimai yerlərdə, qurumlarda təhlükəzilik xidmətləri gücləndirilmiş iş rejiminə keçir. Əməliyyat şəraitinin dəyişməsindən asılı olaraq addımlar atılır”.


E.MƏMMƏDƏLİYEV

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net