Ana səhifə

Rasi-Zadə son hesabata hazırlaşır: baş nazir əvəz olunacaq, yoxsa NK ləğv ediləcək?

    Tarix: 17-02-2017 09:10   
Rasi-Zadə son hesabata hazırlaşır: baş nazir əvəz olunacaq, yoxsa NK ləğv ediləcək?

Fevralın 26-də 83 yaşı olacaq baş nazirin indiyə qədər iki dəfə ölkə rəhbərliyinə ərizə ilə müraciət etdiyi bildirilir; Nazirlər Kabinetinin strukturu hazırkı şəkildə saxlanılmaya bilər

Azərbaycan hökuməti mart ayında Milli Məclisə hesabat verəcək. Baş nazir Artur Rasi-Zadə deputatlar qarşısında hesabat çıxışı edərək, Nazirlər Kabinetinin ötənilki fəaliyyətini müzakirəyə çıxaracaq. Bu haqda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov məlumat verib. O qeyd edib ki, hesabat tanışlıq üçün 20 gün əvvəl deputatlara paylanır.

Hesabat zamanı müzakirə ediləcək məsələlərə gəlincə, V.Əhmədov bildirib ki, bu, əsasən həyata keçiriləcək tədbirlərlə bağlı olacaq: “Bildiyiniz kimi, cənab prezident İlham Əliyev 2016-cı il, dekabrın 6-da ”Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" fərman imzalayıb. Bunun icrası ilə əlaqədar hökumətin həyata keçirdiyi tədbirlər maraq doğurur. Ölkədə ciddi islahatlara start verilib. Azərbaycan Nazirlər Kabinetinin islahatları hansı istiqamətdə aparacağı ilə bağlı suallar çoxdur. Ümid edirəm ki, hökumətin hesabatında bu suallara aydınlıq gətiriləcək".




“Yeni Müsavat”a daxil olan məlumata görə, mart ayında Artur Rasi-Zadənin baş nazir kimi qalıb-qalmaması, ümumiyyətlə, Nazirlər Kabinetinin tərkibi ilə bağlı məsələlərə birdəfəlik aydınlıq gələcək. Xəbərdə deyilir ki, böyük ehtimalla mart ayında Milli Məclisdəki hesabatı Artur Rasi-Zadənin baş nazir kimi son hesabatı olacaq.



Fevralın 26-da 83 yaşı olacaq hörmətli Rasi-Zadənin yaşı və səhhəti ilə əlaqədar baş nazir vəzifəsindən getməsinə razılıq verilməsi üçün indiyə qədər iki dəfə ölkə rəhbərliyinə müraciət etdiyi bildirilir. Ölkə rəhbərliyinin isə ona bir qədər də gözləməyi tövsiyə elədiyi, başlanan struktur islahatlarının mərhələli şəkildə davam etdiyi və prosesin gedişində baş nazir məsələsinin də aydınlaşacağının çatdırıldığı qeyd edilir.



Xəbərdə vurğulanır ki, vitse-prezidentlərin təyinatından sonra baş nazir postunun və ümumiyyətlə, Nazirlər Kabinetinin hazırkı şəkildə saxlanmasının əhəmiyyəti qalmaya bilər. Hətta mümkündür ki, baş nazir vəzifəsi ləğv edilsin. Belə olduğu halda Artur Rasi-Zadə Azərbaycanın həm vəzifəcə (23 ilə yaxın), həm yaşca ən uzun ömürlü baş naziri olmaqla yanaşı, sonuncu baş naziri kimi də tarixə düşəcək. Bu həm də o demək olacaq ki, Artur müəllimin baş nazir vəzifəsindən azad edilməsi barədə prezident fərmanı olmaya bilər. İslahatlar dalğasında baş nazir vəzifəsi də, nəqliyyat naziri vəzifəsi kimi sıradan çıxacaq. Artıq bəllidir ki, 15 il nəqliyyat naziri olan Ziya Məmmədovun da bu vəzifədən azad edilməsi barədə fərman olmadı. Ziya Məmmədov Nəqliyyat Nazirliyinin başqa nazirliyə birləşdirilməsi nəticəsində faktiki olaraq vəzifəsiz qaldı.


Vitse-prezidentlərin təyinatından sonra baş nazir vəzifəsinin də bu şəkildə tarixə qovuşacağı istisna deyil. 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumda konstitusiyaya dəyişikliklər edildikdən sonra onsuz da baş nazir postu ölkənin ikinci şəxsi statusunu itirib. İkinci şəxs bundan sonra birinci-vitse prezidentdir.




Vitse-prezident təyinatlarından sonra isə Nazirlər Kabinetinin də yenidən təşkil ediləcəyi bildirilir. Bu qurumun funksiyalarının vitse-prezidentlərə ötürüləcəyi yayılan xəbərlər sırasındadır. Nazirlər Kabinetindən fərqli olaraq vitse-prezidentlik təsisatının işlək institut olacağı və cari idarəetmə ilə məşğul olacağı da bildirilir. Bundan başqa, bir neçə nazirlik və dövlət komitəsinin yenidən təşkili və birləşdirilməsi nəzərdə tutulur ki, bu məsələlər iqtisadi islahatların davamı olaraq həyata keçiriləcək.


Ölkə başçısının Artur Rasi-Zadəni hələ də vəzifədən azad etməməsinin isə səbəbləri barədə indiyə qədər mediada dəfələrlə müxtəlif rəylər yer alıb. Qeyd olunub ki, qocaman baş nazir hakimiyyətdəki digər fiqurlardan daha etibarlıdır, sınaqdan dəfələrlə çıxmış iddiasız, adı korrupsiya qalmaqallarında hallanmayan şəxsdir.

Prezident İlham Əliyev ölkənin ikinci şəxsinin iddialı, adı qalmaqallarda, korrupsiyada hallan fiqur olmasını istəmədiyindən Rasi-Zadəni postunda saxlayıb. Artur Rasi-Zadənin 20 ildən artıq baş nazir vəzifəsində qala bilməsinin əsas səbəbi də budur. 2002-ci ildə konstitusiya dəyişikliyindən sonra ölkənin rəsmi ikinci şəxsi olduğu 14 ildə Rasi-Zadə sübut edib ki, onun ikinci olması hakimiyyətə heç bir siyasi təhlükə törətmir.


Etibar SEYİDAĞA

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov       Təsisçi: Əhmədov Şahin
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 (050) 614 94 33       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net