Ana səhifə

Paşinyan Putinin əsəblərini tarıma çəkir

    Tarix: 13-07-2018 19:32   




Natiq Miri: “Paşinyan dayanıqlı sistem qura bilsə, Rusiyadan uzaqlaşacaq”

Ermənistanın baş naziri Nikol Paşinyanın NATO-ya  üzv və tərəfdaş ölkələrin Brüsseldə keçirilən sammitinə səfəri  Rusiya tərəfindən narahatlıq doğuracaq məqamlarla yadda qalıb.  Rusiya ilə müttəfiqliyə sadiq qalacağını bəyan edən N.Paşinyanın əslində Qərbyönlü siyasi kurs yürütməsi son zamanlar diqqəti cəlb edir. Bu baxımdan, onun Brüssel səfəri zamanı  apardığı danışıqlar Ermənistanın  xarici siyasətində  balansı dəyişmək  cəhdlərini bir daha təsdiq edir.

Baş nazir Paşinyan Fransa prezidenti Emmanuel  Makron,  Avropa Birliyi Şurasının prezidenti Donald Tusk, Avropa Birliyinin təhlükəsizlik və enerji məsələləri üzrə komissarı Frederik Mogerini, Avropa Komissiyasının sədri Jan Klod Yunker, İtaliya prezidenti  Sercio Mattarella,  Yunanıstanın baş naziri Aleksis Tsipras və digər Avropa Birliyi və NATO üzvü olan dövlətlərin rəhbərləri ilə görüşlər keçirib. Qeyd edək ki, İtaliya prezidentinin bu yaxınlarda Ermənistana  rəsmi  səfəri nəzərdə tutulur. İtaliya  Ermənistanın energetika  sektoruna  maraq göstərir və bu sahəyə 300 milyon avro sərmayə yatırmaq barədə ilkin razılaşma əldə olunub. 

Paşinyanın Brüssel səfəri zamanı ən çox diqqəti çəkən məqam isə onun ABŞ prezidenti Donald Trampla birgə gəzinti zamanı şəkillərinin yayılması olub. Donald Tramp Nikol Paşinyanın əlini sıxıb və hesab edilir ki, bu olaya Moskvada laqeyd qalmayacaq. Yəni  siyasi müşahidəçilər  aprel ayında baş vermiş “məxməri inqilab”dan  sonra Ermənistan uğrunda  Rusiya və ABŞ arasında başlanmış  geosiyasi rəqabətin  yaxın perspektivdə daha gərgin mərhələyə daxil olacağını proqnozlaşdırır.  Artıq ABŞ Dövlət Departamentinin  yüksək səlahiyyətli  nümayəndə heyətindən ibarət bir qrup İrəvana rəsmi səfər edəcəyi gözlənilir.

ABŞ-ın  Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Milz isə yerli  mediaya verdiyi müsahibəsində  ölkədə təcili  seçkilərin keçirilməsini vacib sayıb. Milzin bu açıqlaması ABŞ-ın Paşinyanın  timsalında anti-Rusiya qüvvələrinin Ermənistanda seçkilər yolu ilə legitim hakimiyyətinin formalaşmasında maraqlı olduğuna dəlalət edir. Əks təqdirdə, parlamentdə çoxluğa malik və Rusiyaya yaxınlığı ilə seçilən müxalifət  yaranmış istənilən fors-major situasiyadan istifadə etməklə N.Paşinyanı hakimiyyətdən uzaqlaşdıra bilər.  Bu da  Rusiyanın mövcud status-kvonu öz xeyrinə dəyişməsi  deməkdir.  

Nikol Paşinyanın  Brüssel səfərindən  və ABŞ prezidenti ilə ayaqüstü olsa da görüşü  Kremlin inqilab liderinə qarşı təzyiqlərin artmasına rəvac verə bilər.  Çünki Rusiya  birinci dərəcəli for-postu sayılan Ermənistanın  təsir zonasından çıxıb Qərbin “siyasi  qanadı” altına keçməsinə razı ola bilməz.  Lakin bu geosiyasi  rəqabətdə  Paşinyanın öz mövqelərini nə qədər qoruyub saxlaması ilk növbədə Qərbin ona verdiyi dəstəyin səviyyəsindən asılı olacaq. 

Məsələni Cebhe.info-ya şərh edən politoloq Natiq Mirinin sözlərinə görə, Qərbin N.Paşinyana olan diqqəti Ermənistanın xarici siyasət kursunun köklü şəkildə dəyişdirilməsinə marağı artması ilə bağlıdır: “Paşinyanın şəxsiyyətinə  Ermənistanı indiyə qədər mövcud olan prioritet siyasətindən tamamilə ayırıb Qərb dünyasına  açılmasını təmin edə biləcək yeni bir  şans kimi baxılır. Ona görə də bu gün Paşinyan diqqət mərkəzindədir.  Paşinyan xalqın çiynində hakimiyyətə gətirilib. Ona görə də Qərb üçün yeni siyasi imkan yaranıb. Bu şansın dəyərləndirilməsinə də qeyd edilən kontekstdə yanaşılır. Bu proses belə davam edərsə və Paşinyan gələcəkdə korrupsiya ilə mübarizəni gücləndirərsə,  ikibaşlı siyasət yürütməzsə o zaman Ermənistana olan diqqət özünü konkret əməllərə yönəlik davranışlarda göstərəcək. Ermənistanda islahatlara rəvac verəcək ciddi maliyyə  dəstəyi ayrılacaq. Bu yöndə  Ermənistanın qarşısında konkret tələblər qoyulub. Artıq Rusiya tərəfindən  hakimiyyətə gətirilmiş eks-prezident Serj Sarkisyana  yaxın adamların həbsi baş verir.

Lakin Paşinyanın hakimiyyət başına gətirilməsində rol oynamış başqa oliqarxlar da var ki, onlar hələlik sıxışdırılmır.  Bu ikili siyasət də Qrəbi narahat edir. Yəni bütün oliqarxların sıxışdırılmasından və korrupsiyaya son qoyulmasından, Ermənistanda demokratik  bir siyasi sistemin oturuşmasından söhbət gedəcəksə, o zaman Qərb dünyası  Paşinyanı dəstəkləyəcək.  Bundan sonra  Paşinyana Ermənistanda dayanıqlı dövlət quruluşu  təşkil etmək  üçün yeni seçki sistemi  yaratmaq, qanunvericiliklə  bunu təsis etmək və yeni parlament seçkilərini keçirmək lazım olacaq. Bunsuz Paşinyan  hökuməti  dayanıqlı idarəetmə sistemi formalaşdıra bilməyəcək. Əgər belə bir sistem qura bilsə Paşinyan Rusiyadan uzaqlaşma və Qərbə inteqrasiya  xəttinə üstünlük verəcək. 

O zaman Rusiya Paşinyan hökumətinə qarşı hərəkətə keçəcək. Yəni Rusiyadan uzaqlaşmaq istiqamətində konkret strateji addımlar və qərarlar olmadıqca Rusiya Paşinyan hökumətini devirməyə qalxmayacaq. Paşinyan da öz mövqelərini möhkəmlətmədən Rusiyanın maraqlarına zidd addımlar atmayacaq. Çünki Paşinyan və onu dəstəkləyən qüvvələr bunu çox gözəl bilir”. 

Ekspert onu da vurğuladı ki, Paşinyan Brüsselə səfəri zamanı dolayısı ilə Avroatlantik məkana daxil olan ölkələr  gələcəkdə Ermənistana göstərilə biləcək dəstəklə bağlı zəmin yaradır. Paşinyan gələcəkdə Qərbin maraqlarını təmin edən siyasət yürüdərsə, ABŞ və Avropa Birliyinin həm siyasi, həm də maliyyə dəstəyini ala bilər. Natiq Mirinin sözlərinə görə,  hazırda Paşinyanın qarşısında iki hədəf var. Birincisi, mövcud seçki sistemini dəyişərək konstitusion qanunla  yenidən formalaşdırmaq, ikincisi, növbədənkənar parlament seçkilərini   keçirmək. Bu halda Ermənistan  Rusiyanın geosiyasi orbitindən uzaqlaşa  bilər. 

Müşfiq Abdulla 

Cebhe.info

 

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net