Ana səhifə

Tək oğullar əsgərliyə aparılacaqmı? –Deputatlar aydınlıq gətirib

    Tarix: 09-07-2018 22:31   


 

 Ermənistanın yeni hökuməti ötən həftə “Hərbi xidmət və hərbçinin statusu haqqında” qanuna dəyişikliklər edib. Yeni dəyişikliklərə əsasən, Ermənistanda ölən hərbçilərin qardaşları və övladları orduda xidmətdən azad olunacaqlar. Amma bu şəxslər ailədə tək oğul qaldıqları halda hərbi xidmətdən azad ediləcəklər.

Qeyd edək ki, bu qanun 1991-ci ilin dekabrına qədər qüvvədə olub, lakin sonradan ləğv edilib.

Hərbi xidmətə çağırışla bağlı belə bir dəyişiklik edilməsi barədə vaxtaşırı Azərbaycan cəmiyyətində, hətta Milli Məclisdə müəyyən təkliflər səslənir, tək övladların hərbi xidmətə çağırılmaması və ya ön cəbhəyə aparılmamasına dair müzakirələr olur. Ancaq indiyədək bununla bağlı hər hansı bir qanun layihəsi qəbul olunmayıb.

Sputnik Azərbaycan məsələ ilə bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvləri Aydın Mirzəzadə və Aqil Abbas, həmçinin ehtiyatda olan polkovnik Şair Ramaldanovla həmsöhbət olub.

Azərbaycanın hakim partiyasının (YAP) Siyasi Təhlil və Proqnozlaşdırma Şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan və hökumətinin bu qərarı, əslində, sadəcə populist addımdır. Və Paşinyanın gələcək parlament seçkilərində qələbəsini möhkəmləndirməyə hesablanıb.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanda tək övladların hərbi xidmətə çağırılmamasına dair məsələ vaxtaşırı gündəmə gətirilib: “Bu gün Azərbaycan ailələrinin əksəriyyətində ya tək övladdır, ya da iki övladdan biri oğlandır. Bu baxımdan, həmin oğlanları biz hərbi xidmətdən azad etsək və ya ön cəbhəyə yerləşdirməsək, o zaman ciddi problemlər yaşana bilər. Buna görə də bizim üçün nəyin vacib olmasına dair seçim etməliyik: bu prinsipi əsas götürmək, yaxud cəbhə xəttini möhkəm səviyyədə saxlamaq”.

“Hazırda qanunverici orqanın gündəliyində bu məsələ durmur. Gündəlikdə yalnız bir məsələ var – əsgərimizi həmişə qorumaq. Onun tək və ya bir neçə övlad olması Azərbaycan dövləti üçün əhəmiyyətli deyil. Əhəmiyyətli olan hər bir hərbçini, əsgəri qorumaqdır” – deputat vurğulayıb.

Milli Məclisin digər deputatı, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi üzvü Aqil Abbas da hazırda gündəlikdə belə bir məsələnin olmadığını qeyd edib: “Bizim də ailəmiz şəhid verib, mən şəhidin nə olduğunu bilən biriyəm. Əksinə, şəhid qardaşı, övladı cəbhə xəttində xidmət apararaq öz atalarının, qardaşlarının qisasını, intiqamını almaq istəyir. Şəhid qardaşı qaçıb gizlənmək istəməz”.

“Təbii, mən də millət vəkili, ziyalı olaraq istəyərəm ki, ailələrin tək övladları birbaşa olaraq cəbhə xəttinə, ön cəbhəyə göndərilməsinlər. Lakin hələ ki, belə bir qanun layihəsinin müzakirəsi gündəmdə deyil” – deputat bildirib.


strateq.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net