Ana səhifə

ABŞ KONQRESİNİN İSTƏDİYİ STRATEGİYA KÜRDLƏRƏ NƏ VƏD EDİR? –Yeni planda Rusiya ilə ABŞ birgə təminatçı kimi çıxış edəcək

    Tarix: 12-06-2018 17:34   


Sərdar Turqut,

“Habertürk”ün Vaşinqton təmsilçisi, 12 iyun 2018-ci il

 

ABŞ Konqresi ödəmələri kəsmək təhdidiylə hakimiyyətin xüsusilə Şimali Suriya üçün bir strategiya ortaya qoymasını tələb edir. 4 iyundakı Menbiç razılaşmasını və Türkiyəni qarşıya almadan irəliləmə cəhdini anlayışla qarşıladıqlarını söyləyən Konqres üzvləri hakimiyyətin bundan sonra xüsusilə kürdlərlə bağlı nə düşündüyünü açıq şəkildə ortaya qoyan sənəd istəyir.

Açığı, müvafiq qurumlar üzərində işləsələr də, yüksək səviyyəli rəhbərliyin hamısı böhranlı G7 toplantısının sonrasına və Sinqapurda Şimali Koreya liderilə keçirilən zirvəyə kilidlənmiş vəziyyətdədir.

Yüksək səviyyəli rəhbərlik, hələ ki, diqqətini Türkiyə məsələsinə cəlb edə bilməyib. Ancaq Konqres ödəmələri durduraraq, təzyiq etdikdə qısa müddət sonra diqqəti Suriya və Türkiyəyə cəlb etməyə məcbur olacaqlar.

 

Strategiya üzərində iş

 

Buna görə də müvafiq qurumlar onlardan hər an tələb edilə biləcək baxışlar üzərində işləməyə başlayıb.

Suriya ilə əlaqədar atılacaq addımlar önəmlidir, çünki bunlar ABŞ-ın bölgəmizə verməyə çalışacağı yeni nizamla sıx bağlıdır. Bu üzdən yeni strategiyanın çox geniş və çoxyönlü olmasının lazım olduğu bildirilir.

Hakimiyyətin hər bir qurumunda bu məsələ ilə bağlı işləmək üçün tapşırıq alan bölümlərdə bundan sonra Türkiyə ilə hər hansı bir formada uyğun olaraq çalışılacağı fikri qəbul edilmiş görünür.

 

Rusiya ilə təmaslar

 

Bu ilin fevral ayında Rusiya kəşfiyyatının üst səviyyəli üç rəsmi şəxsi gizlicə Vaşinqtona gələrək, o zamankı MKİ direktoru Pompeo ilə Suriyaya gətiriləcək yeni nizamı, kürdlərlə bağlı olaraq, müzakirə etdilər.

Ondan bir həftə sonra da Putinin Orta Şərq siyasətinə görə məsuliyyət daşıyan, kürdlərin dostu olan Vitali Naumkin Vaşinqtona gələrək, bu anlayışın siyasi tərəfini dəqiqləşdirdi.

Onun Vaşinqtondan ayrılmasından həmən sonra Tramp Putinə zəng etdi və onlar planlaşdırılan yeni nizamı uzun-uzun müzakirə etdilər.

O günlərdə planın tətbiq edilməsi yönündə Menbiç və Türkiyənin mövqeyi əngəlləyici amil kimi görünürdü.

Türkiyə ilə ABŞ 4 iyunda Menbiçlə bağlı bir anlaşma ortaya qoyaraq, sonrası üçün də əməkdaşlıqla bağlı anlaşma əldə etdiyi bu günlərdə Vaşinqtonda elə hava var ki, sanki Suriyaya tətbiq edilməsi müzakirə edilən plan yenidən gündəliyə soxulur.

 

Kürdlərin durumu

 

Müvafiq qurumların Ağ Evin istədiyi anda göndərəcəkləri strategiya üçün hazırladıqları təkliflərdə Menbiç razılaşması sonrasında Türkiyənin həssaslıqlarını nəzərə alaraq, kürdlər üçün bir formul işləyib hazırlamaq üzərində ən çox çalışılan, ən çətin bölümü təşkil edir.

Bu çalışmalarda ötən fevral ayında üzərində razılaşma əldə edilən ilkin razılıq əsas götürülür.

ABŞ uzun müddətdə Suriyanın ərazi bütövlüyünün qorunması prinsipinə isti baxmağa başlayıb. Şimali Suriyadakı kürdlər üçün də ərazi bütövlüyü qorunmuş Suriya daxilində mərkəzi hakimiyyətdən qopmayan, idarəçilik və mədəni muxtariyyatı olan bir kürd qurumu nəzərdə tutulur.

Hakimiyyət içində buna “Şimali İraq modeli” də deyilir. Rusiya uzun müddət idi ki, bunu müdafiə edirdi, hətta Vaşinqton Rusiyanın üzərində işlədiyi yeni konstitusiya layihəsində bu təklifin yer aldığını bilirdi.

 

Harada olacaq?

 

Şimali Suriyadakı mədəni muxtar qurum Türkiyə sərhəddinə yaxın olmayacaq və bu qurumla Türkiyə arasında kürd ünsürlərin də qatılması ilə “təmizlənəcək” Suriya ordusu olacaq. Bu bölgədə Rusiya ilə ABŞ birgə təminatçı kimi davranacaq. Bu planda Türkiyənin də müşahidəçi statusunda, sərhədləri tam qorunan bir ölkə olaraq yer alması düşünülür.

Qarşıdakı mərhələlərdə Deyr əz-Zor bölgəsi ayrıca müzakirə ediləcək və bölgədəki enerji qaynaqlarının istifadəsilə bağlı Suriya hakimiyyətilə kürdlər arasında əhatəli anlaşmaların bağlanması istənəcək. Bu mərhələdə ABŞ, Rusiyanın daha aktiv olmasını, Suriyanı razı salmasını gözləyir.

Ayrıca, planın bu qismindən başqa, müvafiq hakimiyyət qurumları Rusiyanın Aralıq dənizinə açılan bazaları və Aralıq dənizindəki gücü ilə bağlı olaraq daha anlayışlı davranmanın və Rusiyanın İsraillə İran arasında uzlaşma yaratma məqsədilə bir müddətdir apardığı gizli diplomatiyaya ABŞ hakimiyyətinin dəstək verməsinin lazım olduğunu düşünür.

 

YPG-nin təmizlənməsi

 

Bu arada ABŞ bu kürd qurumunun, Şimali İraqda olduğu kimi, PKK ilə əlaqələrini tamamən ortadan qaldırmaq üçün apardığı siyasi işi davam etdirəcək.

YPG içində Salih Müslüm və dostları kimi İrana yaxın ünsürlərin ABŞ tərəfindən ortadan qaldırılması da burada təmizləmə prosesinin bir parçası olaraq görülür.

Vaşinqtonda ABŞ Baş qərargah rəisi Danford ilə Rusiya Baş qərargah rəisi Gerasimovun 8 iyunda Helsinkidə baş tutan görüşündə bu məsələlərin də müzakirə edildiyi söylənilir.

Tərcümə Strateq.az-ındır

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net