Ana səhifə

Kremldən etnik narazılığı alovlandıracaq QƏRAR: Daxildə gərginlik

    Tarix: 09-06-2018 14:03   




Rusiyanın Yakutsk şəhərində milli fəallar etiraz aksiyası keçirib. Onlar Rusiya federal hökumətinin yakut dilinin orta məktəblərdə icbariliyinin ləğvi barədə qərarına  etiraz ediblər. İyunun 7-də 150 fəal Rusiyanın Saxa rayonunda icazəsiz aksiyaya çıxıb. Nümayişçilər Təhsil Nazirliyinin etnik regionlarda yerli dillərin tədrisinin könüllü əsasa keçirilməsinə qarşı çıxış ediblər. Bu barədə qətnaməni imzalamış fəallar bildirirlər ki, Moskvanın qərarı Saxa-Yakutiya Respublikasının öz ana dilini dövlət dili etməsi kimi konstitusiya hüququnu pozur.

1 milyonadək sayı olan türkdilli yakutlar həm də Yakutiya kimi tanınan Saxa respublikası əhalisinin yarısını təşkil edirlər. Son aylarda Rusiyanın etnik rayonlarında dil məsələsi bir çox ziddiyyətlərə səbəb olub. Prezident Putin 2017-ci ilin iyulunda bəyan etmişdi ki, ölkənin etnik regionlarında yerli dillərin qeyri-millətin nümayəndələrinə icbari öyrədilməsi yolverilməzdir. O, federal prokurorlara bu sərəncamı pozanlara qarşı hüquqi tədbir görülməsinə göstəriş vermişdi. Bu bəyanatdan sonra Rusiyanın etnik regionlarında yerli dillərin icbari tədrisi dayandırılıb. Ötən aprel ayında Tatarıstan Respublikasında valideynlər tatar dilinin icbari tədrisinin qaytarılmasını tələb edirdilər. Rusiya müxtəlif millətlərin kompakt yaşadığı yerdir. Bunu nəzərə alsaq, etirazlar kütləviləşə,  Rusiyanın dövlət bütövlüyünü təhlükə altına ala bilərmi? 

Gənc Demokratlar İnstitutunun direktoru, politoloq Yeganə Hacıyeva “Cümhuriyət” qəzetinə bildirib ki, yakut fəallarının tələbləri qanunidir:

“Nümayişçilər Rusiya Təhsil Nazirliyinin etnik regionlarda yerli dillərin tədrisinin könüllü əsasa keçirilməsi qərarına qarşı çıxıb, bunu konstitusiyanın pozulması kimi dəyərləndiriblər:  “Türkdilli yakutlar yerli əhalinin yarısını təşkil edir və sayları  1 milyona yaxındır. Hesab edilir ki, orta məktəblərdə yakut dilinin “könüllülük əsasında tədrisi”nin başlanması Moskvanın əsrlərdir yürütdüyü assimilyasiya siyasətinin davamıdır. Ümumiyyətlə, Rusiya yerli subyektlərin federativ əsaslarla birlik təşkil etdiyi çoxmillətli bir dövlətdir. Zamanla Rusiyanın etnik subyektlərində dil, milli mədəniyyət məsələləri ziddiyyətlərə səbəb olub. Keçən il prezident Putinin ölkənin etnik regionlarında qeyri-millətin nümayəndələrinə yerli dillərin icbari öyrədilməsi haqqında söylədiyi fikirlər, əslində Rusiyada milli etnik sahədə baş verən proseslərin, bu sahədəki vəziyyətin həssas ifadəsi idi. Belə ki, bu, ölkədə tarixən hakim etnik qrupun digər qruplara münasibətdə bəzən güc yolu ilə sərt ( köçürülmə qadağalar v.s), bəzən də milli-mədəni muxtariyyət adı altında ( ruslaşdırma , xristianlaşdırma v.s ), kimi məxməri assimilyasiya siyasəti mövcud olub. Müxtəlif dövrlərdə bu siyasət fərqli müqavimətlərlə rastlaşıb, bəzən isə milli etnik separatizmin inkişafı səviyyəsinə qədər gəlib. Bu bəyanatdan sonra Rusiyanın etnik regionlarında yerli dillərin icbari tədrisi dayandırılıb. Rusiyanın türkdilli etnik subyektləri tarixən bu dövlətin mərkəzi hakimiyyət və hakim etnik qrupuna daha loyal münasibətdə olan subyektlərindən hesab etmək olar. Bunu coğrafi, dini, milli-mədəni xüsusiyyət, dövlətçilik ənənəsinə sədaqət, həyat tərzi v.s kimi amillərlə izah edə bilərik. Bir nüansı xatırlatmaq kifayətdir ki, ən yeni Rusiya tarixində bu etnik qruplar və subyektlərə qarşı Rusiya sərt güc tətbiq etməmiş, çünki bunun üçün zəmin olmamışdı. İstər Tatarıstan Respublikası, istərsə də Yakut Saxa mədəni muxtar vilayəti məhz Rusiyanın bu qrup subyektlərindəndir”.

Politoloq sırf yakut dilinin orta məktəblərdə icbariliyinin ləğvindən sonra yaranan etirazların Rusiyanın dövlət bütövlüyünə təhlükə ola biləcəyini ehtimal etmir:

“Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, istənilən çoxmillətli  dövlətlərdə hakim etnik qrupun və ya mərkəzi hakimiyyətin sərt assimilyasiya siyasəti həmişə subyektlərdə milli etnik ideologiyanın yaranmasına və inkişafına səbəb olur. Müxtəlif  xalqların və etnik qrupların yaşadığı Rusiyanın mərkəzi hakimiyyətinin sərt milli etnik assimilyasiya siyasəti yürütməsi, barıtın üstündə oturub odla oynamaq kimi təhlükəli bir işdir”.

Yeganə Hacıyeva hesab edir ki, mərkəzi hakimiyyətin çox sərt addımları etnik qruplarda milli özündərk prosesinin güclənməsinə səbəb ola bilər:

“Bu əsaslarda yarana biləcək etirazların böyüyərək nəzarətdən çıxacağı, nəticədə proseslərin Rusiyanın dövlət bütövlüyünün dağılmasına gətirə biləcəyi fikirləri yanlışdır. Kənar ideoloji, dini təbliğat və müdaxilələr olmadan Rusiyanın çoxmilli cəmiyyətinin xüsusiyyətləri bu kimi halı beşikdəcə boğmaq potensialına malikdir. Rusiyada mərkəzi hakimiyyət özü rəvac verməsə, tip proseslərin yaşanacağı inandırıcı deyil”.

Yeganə Oqtayqızı

Cebhe.info

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net