Ana səhifə

Raketlər hara tuşlanıb? -ABŞ birinci kimi “vuracaq”?

    Tarix: 21-05-2018 21:17   


Amerika Birləşmiş Ştatları onun geosiyasi maraqlarına qarşı çıxan İran, Rusiya və Şimali Koreyaya qarşı siyasətini sərtləşdirib.

Gərginliyin artan xətt üzrə davam etməsi müharibə ehtimalını artırır. Hələ ki, ABŞ adıçəkilən dövlətlərə qarşı yalnız iqtisadi və siyasi sanksiyalar tətbiq edir. Ekspertlər hesab edir ki, ABŞ hər üç dövlətlə eyni anda savaşa bilməz. Maraqlıdır, bəs ABŞ-ın ilk hədəfi kim olacaq?

Politoloq Elşən Manafov “Cümhuriyət” qəzetinə açıqlamasında ABŞ-ın geosiyasi maraqlarının onu Avropa Birliyindən uzaqlaşdırdığını deyib:

“Düşünürəm ki, ABŞ birdən-birə hər 3 dövlətlə münasibətləri gərginləşdirmək istəməz. Koreya yarımadasında iki məlum dövlət arasında uzun illər yaşanan gərginlik məhz ABŞ-ın səyi nəticəsində səngidi. Hər halda hər iki dövlətin başçısı görüşdən sonra bu səpkili açıqlama verdi. Amma münasibətlərdəki gərginlik Trampın ABŞ-ın İranla nüvə razılaşmasından çıxdığını bəyan etməsindən sonra  yüksələn xəttlə artmağa başladı. Düşünürəm ki, ABŞ prezidenti Donald Trampın Rusiya, İran və Şimali Koreya ilə bağlı yürütdüyü siyasət dünyada geosiyasi gərginliyin səngiməsinə deyil, artmasına xidmət edir.

Bu ABŞ-ın öz ətrafında arzuolunmaz koalisiyanın formalaşmasına gətirib çıxarır. Diqqət yetirsək, görərik ki, ABŞ-ın bu mövqeyi Avropa Birliyi ölkələri tərəfindən xoş qarşılanmadı. Hətta Birləşmiş Ştatların ən yaxın tərəfdaşı olan Böyük Britaniyanın baş naziri İrana tətbiq olunan sanksiyalara qoşulmaq istəmədiklərini dedi. Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkel də eyni mövqedən çıxış edib. Digər Avropa ölkələri isə Birliyin ABŞ-dan asılılığına son qoymağa ehtiyac olduğunu deyir.

Zamanında İtaliya başda olmaqla bir çox Avropa ölkələri ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların da xeyir gətirmədiyini bəyan etmişdi. Birləşmiş Ştatların mövqeyi aydındır. ABŞ-ın Avropa ölkələrinə təklif etdiyi “Marşal planı” əslində üçüncü dünya müharibəsindən sonra ölkələrin dağıdılmış infrastrukturunu bərpa etmək idi. ABŞ bununla da Avropanı iqtisadi asılılığa salmağı planlaşdırırdı”. 

Ekspert hesab edir ki, ABŞ-ın ilk hədəfi İran olacaq: “ABŞ-ın beynəlxalq miqyasda yürütdüyü siyasətə isə ilk növbədə qarşı çıxan İran, Rusiya və Şimali Koreyadır. Təbii ki, burada Çin amili də var. Ancaq Çin hələ ki, seyrci mövqedən çıxış edir. Düşünürəm ki, Çin dünya iqtisadiyyatında Ameriknı üstələməyincə, ABŞ-la həlledici qarşıdurmaya getməyəcək. Hərçənd ki, ABŞ Çinə qarşı da ticarət müharibəsi elan etmişdi. Ona görə də hesab edirəm ki, ABŞ-ın məhz İran, Rusiya və Şimali Koreyanı hədəfə alması ilk növbədə Birləşmiş Ştatların Yaxın Şərqdəki maraqları ilə bağlıdır. ABŞ İranı hədəf almaqla onun nəzarətində olan bir sıra ərəb dövlətlərinə zərbə vurmaq və İrandakı məlum rejimi devirərək orada öz maraqlarına uyğun hakimiyyət qurmaq istəyir. Amma məsələ bundadır ki, ABŞ-ın hər üç dövlətə qarşı eyni anda atdığı addımlar real imkanları çərçivəsində deyil. Çünki Birləşmiş Ştatlar yaxşı olardı ki, bu dövlətlərə qarşı xırda gedişlər edəydi. Amma ABŞ-ın atdığı addımlar öz müttəfiqləri ilə münasibətlərində də çat yaradıb. Bütün hallarda düşünürəm ki, ABŞ-ın əsas hədəfində olan dövlət İrandır. Amma İran da tək deyil. Çünki Rusiya yaxşı başa düşür ki, İranın vurulacağı təqdirdə növbəti hədəf o olacaq. Bu təhlükə Şimali Qafqaza da keçə bilər.  Ona görə də Rusiya İran, Türkiyə, Çin və digər müttəfiq ölkələrlə bu təhlükənin qarşısını almağa səy göstərəcək”.

Elşən Manafov hesab edir ki, ABŞ-ın apardığı siyasət, atdığı addımlar hazırda Rusiya və İranın xeyrinə işləyir: “Etiraf etmək lazımdır ki, hazırda üçüncü dünya müharibəsi gedir. Bu müharibənin başlaması isə Ərdoğanın dediyi kimi, Fələstində yaşanan hadisələrlə bağlıdır. ABŞ Yaxın Orta Şərqdə sabitliyi bərpa etmək əvəzinə səfirliyini Qüdsə köçürdü və bununla da BMT-nin Yerusəlimlə bağlı qərarına seyrçi mövqedə olduğunu göstərdi. ABŞ BMT-nin Yerusəlimlə bağlı xüsusi qətnaməsini bu addımı ilə pozdu. Digər maraqlı məqam ondan ibarətdir ki, məlum hadisələr əslində elə İran və Rusiyanın xeyrinə işləyir. Çünki geosiyasi gərginlik dünya bazarında neftin qiymətlərini qaldırır və bununla da İran və Rusiyanın büdcəsinə milyardlarla vəsait daxil olur. Maraqlıdır ki, Ağ Ev bu amili nəzərə almır. Çünki bu ABŞ-ın maraqlarına cavab vermir. Baxmayaraq ki, ABŞ İran və Rusiyanı Avropanın enerji bazarından təcrid etmək istəyir, amma hazırda bu əks effekt verir, bumeranq təsiri bağışlayır”.

Vilayət Muxtar

Cebhe.info


шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net