Ana səhifə

Ermənistanda hakimiyyətə kim gələcək? - “Qarabağ klanı”nın yolu bağlanıb”

    Tarix: 25-04-2018 19:39   




Ermənistanda hakimiyyət dəyişikliyi baş nazir Serj Sarkisyanın istefası ilə yekunlaşmayacaq. Hazırda hökumətin idarəçiliyi müvəqqəti hökumətə keçsə də, Ermənistanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi gözlənilir.

Ekspertlərin fikrincə, Ermənistanda yeni seçkilərin keçirilməsi hakim Respublika Partiyasının hakimiyyətdən düşməsi ilə nəticələnəcək. Ancaq seçkilərdə hansı siyasi qüvvənin qalib gələcəyi ilə bağlı müxtəlif siyasi proqnozlar səslənir. Ənənəvi olaraq, inqilabi situasiyalarda hakim elitanı istefaya göndərən inqilabçı qüvvə hakimiyyət başına gəlir. 

Serj Sarkisyanın vəzifədən getməsi “Vətəndaş Sazişi” Partiyası və parlamentdəki “Yelk” (Çıxış) fraksiyasının lideri Nikol Paşinyanın adı ilə bağlıdır. Paşinyan ölkədə baş vermiş “məxməri inqilab”dan sonra ən populyar siyasi reytinqi qazanmasına baxmayaraq, dövlət idarəçiliyində ciddi siyasi təcrübəyə malik deyil. Bununla yanaşı, yeni seçkilərdə “Vətəndaş Sazişi” Partiyası yüksək faizlə qalib gələrsə, Nikol Paşinyanın baş nazir seçiləcəyi də istisna edilmir. Artıq Ermənistan Milli Məclisindəki "Yelk" və "Tsarukyan" fraksiyaları Nikol Paşinyanın baş nazir vəzifəsinə namizədliyinin irəli sürülməsi barədə razılığa gəlib. Paşinyanın hökumət rəhbəri seçilməsi 53 səs lazımdır. İnqilab lideri bu səslərin 40-nı əldə edə bilib. Daşnaksütyun Erməni Milli Fraksiyası onun namizədliyini dəstəkləyərsə, N. Paşinyanın baş nazir seçiləcəyi şübhə doğurmur. Çünki Ermənistan parlamentində səs çoxluğuna görə ikinci yeri tutan “Tsarukyan” fraksiyasının lideri Qagik Tsarukyan da Serj Sarkisyana loyal mövqeyə malik olduğundan o növbədənkənar seçkilərdə qalib gəlmək şansını itirə bilər. Eləcə də, Serj Sarkisyanın baş nazir seçilməsinə dəstək vermiş Daşnaksütyun Erməni Milli Fraksiyasının da parlamentə düşmək imkanından məhrum olacağı gözləniləndir. Ona görə də politoloqlar Ermənistanın siyasi sitemində ciddi dəyişikliklərin baş verəcəyi, hətta yeni siyasi qüvvələrin meydana çıxacağına dair fikirlər irəli sürür.

Əsas məlum olan isə “Qarabağ klanı” adlandırılan və 1990-cı illərdə hakimiyyətə gəlmiş döyüşçülərdən ibarət siyasi komandanın Ermənistandakı hökmranlığına son qoyulduğunu söyləmək olar. Növbədənkənar seçkilər Qarabağ klanının qatı əleyhdarları olan Ermənistan Milli Konqres Partiyası, Ermənistan Respublika Partiyası və İrs Partiyasının seçkilərdə uğur qazanmaq şansları arta bilər. Ekspertlər hesab edir ki, Nikol Paşinyan əvvəllər Ermənistan Milli Konqres Partiyasının sədri Levon Ter-Petrosyanın müşaviri olub. Eyni zamanda, “Mənim addımım” adlı inqilabi hərəkata rəhbərlik etmiş Ararat Mirzoyan, eləcə də hazırkı prezident Armen Sarkisyan Levon Ter-Petrosyana yaxın şəxslər sayılır.

Ona görə də EMKP seçkilərə qatılarsa və qalib gələrsə, eks-prezidentin baş nazir seçilmək şansı yarana bilər. Bu, eyni zamanda Dağlıq Qarabağ probleminin həllində Levon Ter-Petrosyanın təklif etdiyi mərhələli nizamlanma planının reallaşmasına şərait yaratmış olar. Digər ehtimallar isə hökumətin yenidən formalaşmasında geosiyasi amillərin təsiri ilə bağlıdır. Yəni Rusiyanın və Qərbin Ermənistanda hakimiyyətə özünə daha yaxın siyasi qüvvənin hakimiyyət başına gəlməsi üçün rəqabətə girəcəyi gözlənilir. Sarkisyanın istefaya göndərilməsindən sonra Rusiyameyilli qüvvələrin mövqeyi xeyli zəifləyib. Bu baxımdan, ABŞ-ın və Avropa Birliyinin Ermənistanda Qərbyönlü qüvvələrə seçkilərdə ciddi dəstək verəcəyi ehtimal olunur. 

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayılın sözlərinə görə, Serj Sarkisyanın istefaya göndərilməsi ilə yaranmış gərginlik Ermənistanın xeyrinə cərəyan edir: “Ermənistan korrupsiyalaşmış, cinayətkar və avtoritar bir rejimdən xilas oldu. Bütün bunlar xalqın iradəsini ortaya qoyması sayəsində baş verdi. Bundan sonra hansı qüvvənin hakimiyyətə gəlməsindən asılı olmayaraq, Ermənistanda avtoritarizm, korrupsiya olmayacaq, normal seçkilər keçiriləcək. Artıq Ermənistanda tam demokratik rejim bərqərar olmasa da, cəmiyyət həmin istiqamətə üz tutacaq. Ermənistanda hakimiyyətə gələn hər bir qüvvə buna əməl etməlidir. Yoxsa, Serj Sarkisyanın siyasi taleyini yaşaya bilər.

Bu mənada Ermənistanın Qərbə yaxınlaşması daha sürətli olacaq. Rusiyadan isə imtina etməyəcəklər. Çünki ermənilər hiyləgərdir. Balanslaşdırılmış şəkildə həm Avropa ilə, həm də Rusiya ilə işləyəcəklər. Rusiyanın dəstəyi ilə Azərbaycan torpaqlarını işğal edənlər çalışacaqlar Qərblə münasibətlərini elə qursunlar ki, Azərbaycan dövlətinin Qarabağ məsələsini de-yure güzəştə gedərək həll etməsi onların gündəmində olacaq. Söhbət Paşinyandan getmir. Ermənilər Azərbaycana güzəştə getmək fikrində deyil. Nikol Paşinyan 2016-cı ildə verdiyi müsahibədə deyirdi ki, biz Azərbaycanın daha böyük şəhərini almalıyıq ki, Azərbaycan şoka düşsün və bizə hücum etməsin. Amma bu inqilabi dəyişiklik beynəlxalq aləmdə onların imicini yüksək səviyyəyə qaldırdı. Bu da Qarabağ məsələsində Azərbaycanın əleyhinə işləyə bilər. Ona görə də Azərbaycan ciddi islahatlara getməlidir”.

İlham İsmayıl onu da bildirdi ki, Qarabağ klanının bundan sonra Ermənistanda hakimiyyətə gəlmək imkanlarına son qoyulub. 

Müşfiq 

Cebhe.info

шаблоны для dle 11.2

Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net