Ana səhifə

Son kadr islahatları: Nə gözlənilir?

    Tarix: 25-04-2018 19:28   





Artıq yeni hökumətin tərkibi təsdiqləndi. Ölkə prezidenti İlham Əliyevin ötən gün imzaladığı sərəncamla boş qalan digər vəzifələrə də təyinatlar oldu. Yeni hökumətdə kifayət qədər dəyişikliklər var.

Maraqlıdır, yeni hökumət etimadı doğruldacaqmı?

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev “Cümhuriyət” qəzetinə deyib ki, bunu  zaman göstərəcək.

 

Onun sözlərinə görə, təyinatlardan görünür ki, hakimiyyət dəyişiklik etmək fikrindədir: “Yeni hökumətin etimadı doğruldub-doğrultmayacağı ilə bağlı nəsə demək çətindir. Ancaq təyinatlarda müəyyən sualtı axınların olduğu hiss olunur. 

Burada tam olmasa da, hakimiyyətdə inkişafın qarşısını alanların mövqeləri zəiflədilib. İslahat demək olmasa da, müəyyən qədər irəliləyişə nail olmaq istəyən tərəfin mövqeyi güclənib. Bunun nəyə gətirib çıxaracağını deyə bilmərəm, çünki yeni təyin olunan kadrların əksəriyyətini tanımıram. Onların bəziləri deputatdır, ancaq deputatlıq müddətində nəsə danışdıqlarını hiss etməmişəm.

Təyin olunanların içində 1-2 nəfər tanıdıqlarım da var. Onları müsbət tərəfdən səciyyələndirən məlumatlarım var. Ancaq bu hələ onların hakimiyyətin daxilində müsbət keyfiyyətlərini ifadə edəcəklərini deməyə əsas vermir. Bütün hallarda gözləmək lazımdır. Dəyişiklik etmək istəyən qüvvənin müsbət işlər görmək niyyətində olması ilə bağlı dəqiq məlumatlarım var. Məsələn, hökumətin mühasibatlığı bu günə qədər başqa intervalda idi. İndi isə hər şeyi şəffaf etmək istəyirlər. Vergiləri, gömrük, dövlət rüsumlarının tutulmasını, dövlətin gəlir və xərclərini şəffaflaşdırmaq istəyirlər. 

Amma nail olacaqlar-olmayacaqlar, bunu demək çətindir. Kölgə iqtisadiyyatının payı təxminən 40 faiz civarında olub. Birdən-birə bunu dəyişmək, iqtisadiyyatı tam şəkildə şəffaflaşdırmaq bir qədər çətindir. Keçmiş rabitə naziri deyirdi ki, ayda 300 min “paket” alıram. Bu “qara mühasibatlığ”ın olmasının göstəricisidir. Keçmiş nazirin 1 ayda aldığı məbləğ, ABŞ prezidentinin 1 illik maaşı ilə təxminən eynidir. Təsəvvür edin ki, dövriyyədə nə qədər çirkli pul olub. İndi bunu birdən-birə şəffaflaşdırmaq çox çətindir. Ancaq bilirəm ki, bəzi nazirlərə bu iş tapşırılıb. İndi onlar bu işin öhdəsindən nə qədər gələcəklər, bunu demək çətindir”.

Əli Əliyev hesab edir ki, dəyişiklikləri islahat adlandırmaq olmaz: “Yeni kadrların hamısı Yeni Azərbaycan Partiyasındandır. İdarəçiliyin dəyişməsinə ehtiyac var. Bu, dəyişiklik cəhdidir". 

“Yeni gələn özünü hiss etdirməlidir”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) mətbuat xidmətinin rəhbəri Vüsal Qarayev isə əsaslı dəyişikliklər üçün gözləməyin vacib olduğunu vurğulayıb: “Mən fərziyyələrlə danışmağı sevmirəm. Son günlər bu mövzuda, yeni təyinatlarla bağlı çox şeylər yazıldı, danışıldı. Amma biz əsaslı şəkildə nəsə deyə bilmək üçün hələ gözləməliyik. Yeni komandanın, yeni təyin olunan şəxslərin fəaliyyətini izləyib sonra fikir bildirə bilərik. Təbii ki, yeni formalaşan hökumətdə nisbətən gənclərə şans verilməsi sevindirici haldır. Amma hökumət tam radikal dəyişikliyə gedə bilmədi. Lakin inanmaq istəyirəm ki, yeni hökumətin tərkibində vəzifə tutan şəxslər, nazirlər, komitə sədrləri, istər yenilər, istər köhnələr, vətəndaşı öz fəaliyyətlərindən razı sala biləcəklər.

Önəmli olan budur. Bunun üçün də ciddi, radikal islahatlar şərtdir. Yeni gələn özünü hiss etdirməlidir. Vətəndaş onun gəlişini birbaşa özünün gündəlik sosial həyatında hiss etməlidir. Bunun üçün də yenə təkrar edirəm, radikal dəyişikliklər, islahatlar mütləqdir. Əgər hökumət bir naziri, bir komitə sədrini dəyişib, yenisi ilə əvəz edibsə, demək ki, o sahədə problemlər olub ki, bu dəyişikliyə gedib. Yeni gələnlər də bu mövcud problemləri aradan qaldırmalıdırlar ki, dəyişikliyin bir önəmi olsun”. 

“AXCP-nin təklifləri nəzərə alınmalıdır”

Vüsal Qareyev hesab edir ki, dəyişikliklərdə AXCP-nin təkliflərinin nəzərə alınmasına diqqət edilməlidir: “Xüsusi qeyd edim ki, islahatlar arasında müxalifətin irəli sürdüyü, məsələn, bizim - AXCP-nin təqdim etdiyi təkliflərin nəzərə alınması məsələsinə özəlliklə diqqət edilməlidir. Bu zaman uğur əldə etmək qaçılmaz olacaq. Məsələn, biz sosial sahə ilə bağlı bir çox təkliflər vermişik, bu sahədə problemlərin olduğunu göstərimişik. Və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin dəyişməsi bizim haqlı olduğumuzu göstərdi. Deməli, yeni gələn nazir mövcud problemləri aradan qaldırmaq üçün bizim irəli südüyümüz təklifləri, proqramları diqqətə almalıdır. Ümid edirik ki, belə də olacaq”.

“İslahatlar həyata keçirilməsə, kadrlar heç nə edə bilməz”

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə hesab edir ki, təyinatların içində yeni kadr yoxdur, sadəcə, vəzifə dəyişikliyidir: “Yeni təyinatların hamısı mövcud status kvonun saxlanılmasına xidmət edir. Azərbaycanda seçkidən qabaq olan vəziyyət olduğu kimi də davam edəcək. Nə daxili, nə də xarici siyasətdə heç bir dəyişiklik olmayacaq. Təyinatlar bunu göstərir. Əvvəla onu demək lazımdır ki, kadrlar hər şeyi həll etmir. Ölkədə islahatlar həyata keçirilməsə, kadrlar heç nə edə bilməz. Yəni, tamamilə yeni ruhlu, yeni düşüncəli şəxslər vəzifəyə gətirilməliydi. Hacıbala Abutalıbovu hamı tanıyırdı, Bakı meri idi, indi baş nazirin müavini olub”. 

Vilayət

Cebhe.indo

шаблоны для dle 11.2

Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net