Ana səhifə

Azərbaycanda növbədənkənar parlament seçkisi KEÇİRİLƏCƏK?

    Tarix: 24-04-2018 14:23   




Yeni hökumətin qurulması Milli Məclisdə deputatların sayını azaltdı. Azərbaycan Konstitusiyasına əsasən, nazirlər, hökumətə daxil olan digər şəxslər millət vəkili ola bilməzlər. Hazırda Milli Məclisdə boş qalan 5 yer var. Qeyd edək ki, Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Şükür oğlu Rzayev Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin olunub. 

O, bu postda Əli Həsənovu əvəzləyib. Bundan öncə isə millət vəkillərindən Mehriban Əliyeva birinci vitse-prezident, Əli Əhmədov baş nazirin müavini, o cümlədən, Mübariz Qurbanlı Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri təyin edildikləri üçün onların deputatlıq fəaliyyətlərinə xitam verilib. Bir neçə gün öncə isə millət vəkili -71 yaşlı Astan Şahverdiyev qəflətən ürəktutmasından dünyasını dəyişib.

Milli Məclisdə 5 yerin boş olması 2020-ci ildə keçirilməsi nəzərdə tutulan parlament seçkilərinin də növbədənkənar keçiriləcəyini gündəmə gətirir.

Maraqlıdır, növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalı nə qədərdir?

Azərbaycan Xalq Cəbhəsi Partiyasnın (AXCP) sədri Razi Nurullayev parlament seçkilərinin növbədənkənar keçiriləcəyini deyib. AXCP sədri bunu 2025-ci ildə seçkilərin üst-üstə düşməsilə əlaqələndirib:

“Parlament seçkilərinin 2020-ci keçirilməsi nəzərdə tutulur. Ancaq bu zaman 2025-ci ildə parlament və prezident seçkiləri üst-üstə düşəcək. Buna görə də düşünürəm ki, parlament seçkiləri də növbədənkənar olacaq. Seçkilər bu il də ola bilər, gələn il də. Ancaq mən mütləq mənada düşünürəm ki, parlament seçkiləri növbədənkənar olacaq”.

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev növbədənkənar Parlament seçkilərinin keçiriləcəyinə inanmadığını deyib:

“Mövcud iqtidarın dövründə parlamentdə bir neçə yerin boş qalması halları çox olub. Ancaq hakimiyyət həmin dairələrdə seçkilərin keçirilməsini məqsədəuyğun hesab etməyib. İndiki vəziyyətdə də boş qalan yerlər üçün növbədənkənar seçkilərin keçiriləcəyinə inanmıram. Ola bilər ki, boş qalan dairələr üzrə seçki keçirilsin. Ancaq siyasi məqsədəuyğunluq baxımından növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalı azdır. Hesab edirəm ki, icra hakimiyyətində boş qalan digər yerlərə də təyinatlar olduqdan sonra proseslərin necə gedəcəyini söyləmək mümkün olacaq”. 

Ağ Partiyanın sədri Tural Abbaslı isə parlamentin buraxılmasını texniki məsələ hesab edir. Onun fikrincə, parlamentin yenidən formalaşmasına ehtiyac var:

“Növbədənkənar prezident seçkilərinin keçirilməsi bəzi rəsmilər tərəfindən təkzib edilirdi. Ancaq prezident seçkiləri növbədənkənar keçirildi. Təxminən proses eyni gedir. Hazırda parlamentin buraxılacağı və növbədənkənar seçkilərin keçiriləcəyi haqqında söhbətlər gedir. Bunun texniki tərəfləri müzakirə oluna bilər, çünki parlamentin buraxılması proseduru bir az fərqlidir.

Amma düşünürəm ki, bu siyasi iradədən asılıdır. Birinci şəxsin iradəsi olduğu halda parlamentin buraxılması texniki məsələ olacaq. Yəni, bu, hakimiyyətin verəcəyi bir qərardır. Çünki bu günə qədər olan təcrübə də göstərir ki, hakimiyyətə analizlərə tabe olmur. Parlamentdə demokratik mühit yaradılmalıdır. Bu cür parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi daha faydalı olar. Hakimiyyətin bunu edib-etməyəcəyini isə zaman göstərəcək. Bu parlament özünü qanunverici orqan kimi doğruldubmu, ciddiliyini qoruyubmu, xalqın etimadını qazanıbmı? Bu kimi məsələləri müzakirə edəndə, görürük ki, Milli Məclis hətta dünəndən buraxılmalı idi. Düşünürəm ki, parlament nə qədər tez buraxılsa, o qədər yaxşıdır”.

V.Muxtar

Cebhe.info

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net