Ana səhifə

Qarabağda savaş riski ARTIR

    Tarix: 14-04-2018 20:31   




Dağlıq Qarabağ münaqişəsində tərəf olan hər 3 ölkədə - Azərbaycan, Rusiya və Ermənistanda prezident seçkiləri başa çatdı. Yəni, münaqişə üzrə gedən danışıqları aktiv fazaya keçirmək üçün əngəl yarada bilən, ciddi ictimai-siyasi proseslər arxada qaldı. Düzdür, ayın 17-də Ermənistan parlamentində baş nazir seçkiləri keçiriləcək, amma bu posta gətiriləcək şəxs də məlumdur. O, bir neçə gün əvvəl səlahiyyət müddətini başa vurmuş keçmiş prezident Serj Sarkisyandır. Yəni, bir neçə gündən sonra yeni hökumətlərin danışıqları davam etdirmək üçün qarşısında heç bir maneə qalmayacaq.

Payız aylarında Azərbaycanda keçiriləcək prezident seçkilərinin Qarabağ danışıqlarında vaxt itkisinə yol verməmək üçün qabağa çəkildiyi də hələ növbədənkənar seçkilər elan ediləndə ciddi müzakirə mövzusu idi. Bəllidir ki, seçki ilində ölkə üçün mühüm olan məsələlərin həll prosesində müəyyən səviyyədə “axsamalar” olur. Azərbaycan tərəfinin də bu məqsədlə vaxt itkisinə yol verməmək üçün bu addımı atdığı bəllidir. 

İrəvanda müharibə müzakirələri

Ehtimal edilir ki, may ayından etibarən Qarabağ danışıqlarında yeni mərhələ başlayacaq. Bunun həlledici mərhələ olacağı barədə ehtimallar da az deyil. Nəzərə alsaq ki, Yaxın Şərq və Şərqi Avropada küncə sıxışdırılmış Rusiyanın son illərdə Cənubi Qafqazda da işləri bir o qədər yaxşı getmir, bu baxımdan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə - il ərzində həlli Moskvanın da maraqlarına uyğun ola bilər. Bu baxımdan, hesab etmək olar ki, ən az Cənubi Qafqazda öz rahatlığını təmin edən Rusiya digər geosiyasi və daxili məsələlərin həllinə caha çox diqqət ayırmağı qarşısına məqsəd qoyub. Ermənistanın son 2 ildə Rusiyanın təsir dairəsini azaltmaq səylərini artırdığını da bura əlavə etsək, münaqişə üzrə başlayacaq yeni mərhələdə Azərbaycan tərəfinin maraqlarını tamamilə qane edən variantların üzərində dayanılacağı gözləntisi də çoxdur. Son həftələrdə İrəvanda Rusiyanın Azərbaycana edəcəyi “böyük güzəştlər” ətrafında gedən müzakirələrin ciddi hal aldığını nəzərə alsaq, Ermənistanın narahatlığı başadüşüləndir.

Rusiyanın təzyiqləri ilə hesablaşmaq istəməyən Ermənistanın ən böyük narahatlığı isə Qarabağda Moskvanın da razı olacağı əməliyyatların başlaması ilə bağlıdır. Öz vəzifəsinin icrasına başlamış yeni prezident Armen Sarkisyanın ilk açıqlamasında sülh çağırışı da buna hesablanmışdı. Üstəgəl, ilk rəsmi səfərini Rusiyaya edəcək Armen Sarkisyan burada Moskva ilə dil tapmağın yollarını axtarmağa çalışacaq ki, heç onun Vladimir Putin tərəfindən qəbul edilib-edilməyəcəyi də problematikdir. Bu da Ermənistan tərəfinin narahatlığını bir qədər də artırır. Çünki İrəvanda şübhələnirlər ki, Rusiya Qarabağla bağlı son həll variantından imtina etməyəcək, yəni, Azərbaycanın əməliyyatlara başlamasına göz yumacaq. Erməni analitiklərə görə rəsmi İrəvan “Putin Formulu” adlandırılan həll variantına razı olmayacağı halda, yay aylarında gözlənilməz müharibə başlayacaq ki, artıq bununla bağlı Moskvadan Ermənistan tərəfində xəbərdarlıq edildiyi bildirilir.

Poliqondan diplomatik masaya hücum taktikası

Politoloq Məhəmməd Əsədullazadə “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, qarşıdakı aylarda Qarabağ münaqişəsi üzrə danışıqların yeni raundu başlayacaq. Politoloq hesab edir ki, bu turda rəsmi Bakı ənənəvi danışıqlardan imtina edib hücum xarakterli diplomatik səylərini artırmalı, maksimum şəkildə Rusiya - Qərb qarşıdurmasından istifadə edib, münaqişənin həllinə nail olmalıdır:

“Regional şərtlər dəyişib, yeni yaranmış situasiya münaqişənin tezliklə həllini tələb edir. Əgər diplomatik səylər işə yaramasa, Ermənistana qarşı hərbi təzyiqlərin işə düşəcəyi gözləniləndir. Moskva isə növbəti dəfə “Kazan formulu”na qayıtmağı təklif edib. Güman edirəm ki, yenidən bu formul üzrə danışıqlar Rusiyada aparılacaq. Amma Rusiya ətrafında gərginləşən prosesləri nəzərə alsaq, Kremlin Qarabağa hansı səviyyədə diqqət ayıracağını demək mümkün deyil. Amma Rusiya yenə də çalışacaq ki, mövcud status-kvonu qorusun və bundan istifadə edib ABŞ-la problemlərini həll etsin.

Buna görə də Azərbaycana yeni vədlər verilə bilər. İrəvan aktiv danışıqların qarşısını almağa cəhdlər edəcək. Rəsmi Bakı buna imkan verməməli, Ermənistanın cəbhənin ön xəttində yerləşən birliklərinə qarşı hərbi zərbələr endirməlidir. Çünki hərbi təzyiq olmasa, masada irəliləyiş olmayacaq. Aprel uğuru təkrarlanmalıdır, əvvəlki diplomatik səhvlərə yol verməmək lazımdır. Cəbhədəki uğurlarımız diplomatik masaya qoyulmalıdır. Hesab edirəm ki, Ermənistana təzyiqlər artırılsa, münaqişənin həlli üçün münbit şərait yaranacaq”.

M. Rəğbətoğlu

Cebhe.info

шаблоны для dle 11.2

Ən çox oxunanlar
Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net