Ana səhifə

Maaş və pensiyaların artımı inflyasiyanı yüksəldə bilərmi...

    Tarix: 06-03-2018 10:25   


Natiq Cəfərli: “”Hökumət qarşısına hədəf qoyub ki, bu ilin sonunda inflyasiya birrəqəmli olsun"

Bu il maaş və pensiyalarda, o cümlədən sosial müavinətlərdə artım olacağı öncədən proqnozlaşdırılırdı. Son günlər dövlət başçısının imzaladığı sərəncamlar da bu istiqamətdə əhali üçün sevindirici addım oldu. Belə ki, prezident İlham Əliyevin imzaladığı sərəncamla təhsil, səhiyyə sahəsində, habelə bir sıra dövlət təşkilatlarında çalışanların əmək haqqı 10 faiz artırıldı.

Fevral ayında dövlət başçısı İlham Əliyev pensiya və müavinətləri, prezident təqaüdlərini artıran fərman və sərəncamlar imzalayıb. Əmək pensiyaları yanvarın 1-dən 5,7 faiz artırılıb. Artım pensiyaçıların 94 faizinə şamil olunur.

Bundan əlavə, prezident təqaüdü alanların, müharibə əlilləri və şəhid ailələrinin, fəxri ad alanların da aylıq təqaüdü artırılıb.

Həmçinin prezidentin sərəncamları ilə yaşa, ailə başçısını itirməyə və əlilliyə görə sosial müavinət alanlara, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, müharibə veteranlarına, aztəminatlı (ünvanlı dövlət sosial yardımı alan) ailələrdəki 1 yaşınadək uşaqlara və sosial müavinətlər haqqında qanunvericilikdə nəzərdə tutulan digər şəxslərə aylıq sosial müavinətlərin, uşağın doğulmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün, habelə dəfn üçün verilən birdəfəlik müavinətlərin, beşdən çox uşağı olan qadınlara hər uşağa görə verilən müavinətlərin, uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin martın 1-dən 10 faiz artırılması rəsmiləşib.

Bəs görəsən, bu artımlar inflyasiyaya səbəb ola bilərmi?

Natiq Cəfərli ile ilgili görsel sonucu

“Yeni Müsavat”ın sualını cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli vurğuladı ki, artımın inflyasiyanın yüksəlməsinə səbəb olması mümkündür. Lakin hökumət bu il inflyasiyanın  azalmasını qarşısına məqsəd qoyduğundan bu barədə birmənalı fikir söyləmək mümkün deyil: “Təkcə Azərbaycanda deyil, dünyanın istənilən ölkəsində insanların nominal gəlirləri artdıqca, inflyasiyaya da təzyiqlər artır. Azərbaycanda nominal gəlirlər prezidentin son qərarları ilə sürətlə artdı, həm maaşlarda, həm də təqaüdlərdə artım oldu. Azərbaycanda işləyən əhalinin strukturuna baxdıqda görürük ki, 910 mindən çox insan  dövlət büdcəsindən maaş alır. Onların da  böyük bir qisminin maaşlarında təqribən 10 faizlik artım müşahidə olundu. Təqaüdçülər də 1 milyon 300 min nəfərdir. Onun 900 min nəfərdən bir qədər çoxu minimum təqaüd alan kateqoriyaya aiddir. Onlarda da indeksləşmə oldu, təqribən 7 faizə yaxın onların təqaüdündə artım müşahidə olundu”.

İqtisadçının sözlərinə görə, Azərbaycanda pis bir ənənə də var ki, maaş və pensiyalar artan kimi qiymətlərin qalxması ilə bağlı bir gözlənti formalaşır, artım sürətlənir: “Bu artım Novruz bayramı ilə eyni vaxta təsadüf etdiyindən, bayram öncəsi də qiymətlərdə ciddi artımlar müşahidə olunur. Buna həm yerli məhsulların bazarlardan çəkilməsi kimi mövsümi amillər də daxil olur. Həm gözləntilərin çoxalması, həm də bayramlarla əlaqəli tələbatın artması bahalaşmaya səbəb ola bilər. Çox güman ki, mart ayında inflyasiya rəqəmləri ilin əvvəli ilə müqayisədə ən yüksək həddə çatacaq. Ancaq yayın əvvəllərindən, may ayının sonundan başlayaraq mövsümi amillərin təsiri ilə  kənd təsərrüfatı məhsullarının ucuzlaşması müşahidə oluna bilər. Ancaq ümumilikdə, bu il maaş artımının olması inflyasiyanı sürətləndirə biləcək amillərdən biridir”.

N.Cəfərli onu da vurğuladı ki, hökumətin inflyasiyanı birrəqəmli həddə saxlamaq cəhdləri bu il  də nəticə verməyəcək:“Hökumət qarşısına hədəf qoyub ki, bu ilin sonunda inflyasiya birrəqəmli olsun. İnflyasiyaya ən çox təsir edəcək amillərdən biri manatın məzənnəsidir. Bu avrozonadan  gələn məhsullarda özünü çoxdandır büruzə verir. Manat-dollar münasibətləri inzibati qaydada sabit saxlansa da, avronun məzənnəsi ötən ilin yanvar ayına nisbətən təqribən 20 faiz bahalaşıb. Bu da avrozonadan gələn məhsulların qiymətinə təsir göstərir. Amma Azərbaycanda ticarətin böyük bir hissəsi, təqribən 80 faizdən çoxu dollar üzərindən aparıldığından, qiymətlərə əsasən dollar-manat münasibətləri təsir edir. Hələlik sabitlik var. Ancaq gələcəkdə məzənnə dəyişiklikləri baş versə, bu da inflyasiyaya təsir göstərə biləcək əsas amillərdən birinə çevriləcək. Dollar bahalaşsa, inflyasiya daha da sürətlənəcək. Dolların bahalaşma sürətinə uyğun olaraq inflyasiya həddi ötən ilkindən də yüksək ola bilər”.

Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net