Ana səhifə

Rus mediasından şok: ABŞ və Türkiyə silahlı qüvvələri hər an TOQQUŞA BİLƏRLƏR

    Tarix: 12-02-2018 10:06   
Rus mediasından şok: ABŞ və Türkiyə silahlı qüvvələri hər an TOQQUŞA BİLƏRLƏR

“Menbiç həlqəsi” daralır: ABŞ və Türkiyə silahlı qüvvələri Suriyada hər an toqquşa bilərlər
Türkiyə kürd hərbi birləşmələrinin cəmləndiyi Suriyanın Menbiç bölgəsində əməliyyata başlamaqla təhdid edir. Belə bəyanatla “əhalisinin əksəriyyəti ərəb olan bir şəhəri digər etnosun nümayəndələri idarə etməməlidir” deyən Türkiyə Baş nazirinin müavini Fikri İşıq çıxış edib.
İstisna edilmir ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Herbert Makmasterin tezliklə Ankaraya edəcəyi ziyarətin mövzularından biri Menbiç olacaq. İşık bəyan edib ki, “Ərəblər Menbiç əhalisinin 95%-ni təşkil edir. Bu rayonlar üzərində nəzarəti “Suriya Demokratik Gücləri” (SDG, əsasını kürdlərin təşkil etdiyi çoxmillətli alyansdır – “NQ”) adı altında fəaliyyət göstərən terroristlərə vermək yolverilməzdir”.
İşık qeyd edib ki, Amerika rəhbərliyi SDG-ni Menbiçdən çıxarmağa söz verib. Baş nazir müavini bəyan edib ki, “Əgər bunu amerikalılar etməsə, Türkiyə milli təhlükəsizlik tələblərindən irəli gələn addımları atmağa məcbur olacaq. Ümid edirəm, ABŞ-da sağlam düşüncə üstün gələcək və onlar regionda Türkiyə ilə toqquşmayacaqlar”.
Bu durumda, Türkiyə prezidentinin mətbuat xidmətində deyirlər ki, Ankara özünün NATO üzrə müttəfiqilə – Vaşinqtonla münasibətləri bərpa etmək üçün hər şeyi edir. İstisna edilmir ki, Menbiç ətrafında ehtirasların qızışması və kürd anklavı olan (kürdlər Afrin əhalisinin yalnız 35%-ni təşkil edirlər – tərc.) Afrində (Suriyanın şimali-qərbi) davam edən türk əməliyyatı Makmasterin bu həftə baş tutamalı olan Türkiyə ziyarətinin başlıca mövzuları olacaq.
Gözlənildiyi kimi, onun ardınca Ankaranı ABŞ xarici işlər naziri Reks Tillerson ziyarət edəcək. Ola bilər, Vaşinqtonda Menbiçlə bağlı narahatlıq hiss edilir: türklərin şəhəri tutmaq üçün istənilən cəhdi onları orada yerləşən Amerika qüvvələrilə toqquşduracaq. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi komandanlığının başçısı general Cozef Votel bəyan edib ki, Amerika qoşunları bu rayonu tərk etməyi planlaşdırmır. CNN Votelin “Bu, düşünülməsi lazım olan bir şey deyil” sözlərini sitat gətirir.
O, növbəti dəfə qeyd edib: “Bizim İŞİD-lə mübarizədə tərəfdaşımız olanlar təsəvvürolunmaz qurbanlara getdilər. SDG və İraq ordusundan olan minlərlə adam şəhərləri azad edərkən həlak oldu və ya xəsarət aldı. Beləliklə, bütün dünya birliyi onlara minnətdar olmalıdı”.
Votel bildirib ki, “İŞİD-lə mübarizə apardıqları və regionda sabitliyi təmin etdikləri müddətcə biz onlara (yəni, SDG-yə – “NQ”) kömək edəcəyik”.
Türkiyənin mümkün Menbiç əməliyyatının öz riskləri vardır. Ekspert mühitində qeyd edildiyi kimi, şəhərin tutulması üçün addımların atılması Suriyadakı vəziyyəti yalnız kəskinləşdirə bilər. İnnovasiyalı inkişaf institutunun Yaxın Şərq münaqişələrinin tədqiqatı şöbəsinin rəhbəri, beynəlxalq məsələlər üzrə Rusiya şurasının eksperti Anton Mardasov “NQ”-yə deyib: “Belə qərarla türklər, əslində, hökumətin nəzarət etdiyi ərazidən Afrinə dəstək məqsədilə göndərilə biləcək kürd, hətta ərəb dəstələrini döyüşə cəlb etməklə yerində tuta bilsə də, oxşar addım gərginliyin artmasına xidmət edəcək. Belə faktlar haqqında artıq məlumat verilib. Hətta hökumət mənbələri də təsdiq edib ki, Bəşər Əsəd rejimi Menbiçdən Afrinə göndərilən köməyin keçməsi üçün yolu açır. Bundan başqa, bu, Ankara üçün türk sərhəddi ətrafında buferin yaradılması baxımından məntiqi addım olardı. Türkiyə tərəfi bunu PKK-ya qarşı atılan addım kimi təqdim edə bilər”.
Ekspert göstərir ki, Menbiç formal olaraq yerli ərəb tayfalarından təşkil edilmiş şuranın rəhbərliyi altındadır. Mardasov fərz edir: “Əgər hücum başlayacaqsa, Ərdoğan formal olaraq məhz onlarla döyüşəcək. Əsas məsələ odur ki, ərəblər özləri necə mövqe tutacaq. Afrin əməliyyatında SDG üçün döyüşən ərəb birliklərinin Azad Suriya Ordusuna, Türkiyə qüvvələrinin tərəfinə keçmə halları olub. Əməliyyat birinci mərhələdə ərəb birliklərinin cəlb edilməsini təhrik etsə də, onlar Menbiçdə də belə addım ata bilərlər”.
Analitik xatırladır ki, Menbiçdə hələ də Amerika qüvvələri dayanır. Mardasov deyir: “Geri çəkilmə, xüsusən də Afrin fonunda, ABŞ üçün güclü imic itkisi olardı. Bu, kürdlər tərəfindən xəyanət və etibarlı dəstəyin itirilməsi kimi qəbul ediləcək. Amerikalılar SDG-ni elə bir struktur kimi təqdim edirlər ki, önun köməyilə yalnız İŞİD-lə deyil, İran təsirilə də mübarizə aparmaq, həmçinin Dəməşqi siyasi güzəştlərə məcbur etmək olar”.
Tarixi baxımdan, türklərin Menbiçi götürmək istəyinin tutarlı əsası yoxdur. Rusiya Elmlər Akademiyasının Y.M. Primakov adına Dünya iqtisadiyyatı və beynəlxalq münasibətlər institutunun baş elmi əməkdaşı Viktor Nadein-Rayevski “NQ”-yə bildirib: “Ankaranın iddiaları yalnız “yeni osmanlıçılığın” dirçəldilməsi mövqeyindən əsaslandırılıb, baxmayaraq ki, Türkiyənin hakim elitasında da bu baxımdan müxtəlif baxışlar mövcuddur. Başqa əsaslandırma yoxdur. Osmanlı İmperiyasının tərkibində olsa da, bu, Suriyanın ərazisidir. Kobani, Afrin, Menbiç Osmanlı İmperiyasının hissələri olublar, I Dünya Müharibəsində Türkiyənin məğlub olmasından sonra buna son verilib. Başqa bir məsələ odur ki, 1939-cu ildə türklər Suriya ərazisinin parçalarını ələ keçirdilər. Orada referendum keçirdilər, Xatay dövləti yaratdılar, indi Türkiyədə vilayət belə adlanır, Kiçik Asiyadan 60 min türkü ora qovdular və referendumda onun Türkiyənin tərkibinə daxil edilməsinə səs verdilər. Bəli, Türkiyə hakimiyyəti indi deyir ki, heç bir halda Suriya ərazisinə iddia etmir, lakin hələ ki, kifayət qədər özünəməxsus bir vəziyyət yaranıb”.
Xatırladaq ki, yanvarın sonunda (20 yanvar 2018-ci il – tərc.) Türkiyə Baş qərargahı Afrin anklavı rayonunda cəmlənmiş kürd hərbi birliklərinə qarş yönəlmiş “Zeytun budağı” adlı hərbi əməliyyatın başlanmasını elan edib. Növbəti türk hərbi kampaniyasının maneəsiz başlaması geniş şəkildə Ankara ilə Moskva arasında əldə edilən razılaşmanın nəticəsi kimi şərh edilib. Məlum olduğu kimi, azsaylı rus müşahidəçiləri bu kantonun (Suriya kürdlərinin şimalda elan etdikləri dövlətin ərazi vahidi) ərazisində idi, lakin sonradan onu tərk etdilər. Öz növbəsində, ABŞ öz hərəkətsizliyini onunla izah edib ki, Afrin onların maraq zonasına daxil deyil.
İqor Subbotin, “Nezavisimaya qazeta”, Rusiya, 08 fevral 2018-ci il
Tərcümə Strateq.az-ındırшаблоны для dle 11.2

Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net