Ana səhifə

ABŞ HİNDİSTANI NİYƏ SİLAHLANDIRIR? –Rusiya və Çin də Pakistana əl uzadır - TƏHLİL

    Tarix: 10-02-2018 10:35   
ABŞ HİNDİSTANI NİYƏ SİLAHLANDIRIR? –Rusiya və Çin də Pakistana əl uzadır - TƏHLİL

Valadimir Skosırev

“Nezavisimaya qazeta”, Rusiya, 09 fevral 2018-ci il



Vaşinqton terrorçu qruplarla bağlı olan üç pakistanlını “qara siyahı”ya salıb. Bu addımdan öncə Pakistana edilən hərbi yardım dondurulub. Eyni zamanda ABŞ Hindistana onu öz düşərgəsinə çəkməyə cəhd edərək, hərbi texnika verilməsini genişləndirir. Pekin də borclu qalmır. O, Pakistana, Banqladeşə və Tailanda aşağı qiymətlərlə öz sualtı qayıqlarını təklif edib. Rusiya hələ də Hindistana "stavka" edir. Lakin Moskva ABŞ-ın onu hind bazarından sıxışdırıb çıxarma cəhdlərinə cavab olaraq, İslamabadla əməkdaşlığı genişləndirir.

ABŞ Maliyyə nazirliyi üç fiziki şəxsə qarşı sanksiya tətbiq edib. Onlar “qlobal terrorçular” adlandırılıb, belə ki, ekstremist qruplaşmalar xeyrinə vəsait toplamaqla məşğul olublar. Nazirliyin maliyyə kəşfiyyatının başçısı Sayqal Mendelkar bəyan edib: "Biz Pakistan hökumətini təhlükəli xadimlərə və təşkilatlara sığınacaq verməkdən imtina etməyə çağırırıq”.

Bu sanksiyalar haqqında qərar ABŞ-ın həm Pakistanda, həm də Əfqanıstanda terror aktları həyata keçirən “Taliban”a və Haqqani klanı şəbəkəsinə dəstək verməkdə ittiham edilən daha altı şəxsi “qara siyahı”ya salmasından iki həftə sonra qəbul edilib. İslamabad döyüşçüləri gizlətdiyini inkar edir.

Buna baxmayaraq, Vaşinqtonun soyuq müharibə dövrü müttəfiqinə təzyiqi güclənir. ABŞ bəyan edib ki, Pakistan kəşfiyyatının dəstəyinə söykənən islamçılar Əfqanıstanda Amerika hərbçilərinə hücum ediblər. ABŞ prezidenti Donald Tramp yanvarda Pakistan təhlükəsizlik qüvvələrinə kömək üçün göndərilməli olan təxminən 2 mlrd. dollarlıq məbləği dondurub.

ABŞ eyni zamanda Hindistana döyüş texnikası göndərilməsini artırır. Ona sualtı qayıqların izlənməsi üçün nəzərdə tutulan R-8 casus təyyarələrinin yeni partiyası verilməlidi. Siyasi xətt üzrə isə, “South China Morning Post” qəzetinin xəbərinə görə, Vaşinqton dördtərəfli kvazi-ittifaq (Kvazi-ittifaq – ümumi bir müttəfiqi paylaşmalarına baxmayaraq, ittifaq qurmayan iki dövlət arasındakı əlaqədir) formalaşdırmaq məqsədilə Hindistan, Yaponiya və Avstraliya ilə danışıqları aktivləşdirib. Onun vəzifəsi – Çinin Asiyada hərbi və iqtisadi genişlənməsinin qarşısını almaqdır.

"Düşmənimin düşməni dostumdur". CNN ABŞ-ın Hindistanı öz düşərgəsinə çəkmək istəyini belə izah edir. Televiziya kanalının şərhçisi Devid Endelmanın sözlərinə görə, Tramp Hindistanı Çinə qarşı, xüsusən də onun Cənubi Çin dənizində hakimiyyət qurmaq cəhdlərini nəzərə alaraq, balans olaraq güclü şəkildə “yetişdirməyə” başlayıb. Lakin Ağ ev öz hərbi-sənaye kompleksinin maraqlarını da unutmur. Vaşinqton Hindistan silahlı qüvvələrilə yeni-yeni kontraktlara nail olmaqla, Rusiyanı hind silah bazarında sıxışdırmaq istəyir.

Tramp və Hindistan Baş naziri Narendra Modi iki ölkənin münasibətlərini isti şəxsi təmaslar yolu ilə möhkəmləndirib. 2017-ci ilin iyun ayında Modi Trampı Vaşinqtonda ziyarət edib, noyabrda Manilada keçirilən regional forumda isə iki lider müdafiə sferasında tərəfdaşlığı genişləndirməyə razılaşıb, ABŞ-dan Hindistana neft ixracının artırılmasını müzakirə edib. Hindistan Əfqanıstana yardımı artırmağa razılıq verib.

Hindistan üçün faydaları aydındır. O, güclü dövlətin dəstəyini qazanır, onun hind ticarət gəmiləri üçün dəniz yollarının təhlükəsizliyini təmin etmə imkanları artır. Axı, Hindistanın bütün xarici ticarətinin 2/3-dən çoxu dənizlə həyata keçirilir.

Təəccüblü deyil ki, Pakistan yeni strateji tərəfdaşlar axtarışı ilə məşğul olub. Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq institutunun direktor müavini Vyaçeslav Belokrenitskiyin dediyi kimi, “o, belə tərəfdaş olaraq Rusiyanı görmək istərdi. Rusiya-Pakistan təmaslarının canlanmasından o xəbər verir ki, bu il hər iki ölkə yenidən birgə antiterror təlimləri keçirəcək. Onlar Rusiya ərazisində baş tutacaq. Pakistan Rusiyadan bir neçə vertolyot alıb və istərdi ki, digər hərbi texnika da alsın”.

"Ancaq problem ondadır ki, Rusiya Pakistana dəstəyə görə Hindistanı itirmək istəmir. Ona görə də münasibətlər inkişaf edir, lakin böyük irəliləyişlər yoxdur. Pakistan cəmiyyətinin bizim ölkəmizə çox xeyirxah münasibət bəsləməsinə baxmayaraq, onun üçün Rusiya ilə münasibətlər ikinci planda olan münasibətlərdir. Pakistan üçün başlıca tərəfdaş Pekin olaraq qalmaqdadır. Və o, ABŞ-la münasibətləri kəsməyə hazırlaşmır, onlar həddindən artıq mühümdür", – deyərək, ekspert yekunlaşdırır.

Çin, təbii ki, Cənubi və Cənubi-Şərqi Asiyada onun üçün əlverişsiz olan dəyişikliklərə kənar müşahidəçi olaraq qalmır. O, Pakistana, Banqladeşə və Tailanda özünün "U" sinfindən olan sualtı qayıqlarını təklif edib. Çinlilərin rəqabət üstünlüyü aşkardır. Onlar öz dəyərlərinə görə AB ölkələrinin satmağa çıxardığı sualtı qayıqlardan bir neçə dəfə ucuzdur. Çin həmçinin, risklərinə baxmayaraq, Pakistan iqtisadiyyatına yiyələnməyə davam edir. Onun bu ölkəyə qoyduğu sərmayələr və verdiyi kreditlər 100 milyard dolları aşıb.

Tərcümə Strateq.az-ındırшаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net