Ana səhifə

İlham Əliyev 6 sərəncam imzaladı

    Tarix: 09-02-2018 18:32   
İlham Əliyev 6 sərəncam imzaladı

17:13

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev İlqar Abbasovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, sərəncama əsasən, azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə İlqar Namaz oğlu Abbasov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

***

Prezident İlham Əliyev A.Y.Şarovskinin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Aleksandr Yakovleviç Şarovski “Şərəf” ordeni ilə təltif edilsin.

***

İlham Əliyev Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir: Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etmək üçün Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi öz tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaratsın.

2. Azərbaycan Respublikasının Təhsil Nazirliyi Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin Azərbaycan İlahiyyat İnstitutunun strukturuna daxil edilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi:

3.1. iki ay müddətində Azərbaycan İlahiyyat İnstitutunun nizamnaməsini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

3.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.4. Azərbaycan İlahiyyat İnstitutunun bina ilə təmin edilməsi üçün iki ay müddətində tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.5. Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyətinin maliyyələşdirilməsi və texniki təminatı ilə bağlı zəruri tədbirləri həyata keçirsin;

4.6. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

***

İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədi ilə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə uyğun olaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, 2017-ci il üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq, 2018-ci ilin 1 yanvar tarixinə:

1.1. bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etsin;

1.2. fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***
İlham Əliyev Qobustan Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, səhiyyə obyektlərinin tikintisinin davam etdirilməsi məqsədi ilə qərara alıram:

1. Qobustan Rayon Mərkəzi Xəstəxanasının tikintisi, mövcud xəstəxana binalarının təmiri, avadanlıq və inventarla təchiz olunmasının başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.15-ci yarımbəndində göstərilmiş məbləğin 15,52 milyon (on beş milyon beş yüz iyirmi min) manatı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

***

İlham Əliyev “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda vurğulanır: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq, kənd təsərrüfatının ənənəvi sahələrindən olan çəltik istehsalının inkişaf etdirilməsi, əhalinin bu məhsula tələbatının ödənilməsi, emal müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, kənd əhalisinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədi ilə qərara alıram:

1. “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” təsdiq edilsin (əlavə olunur).

2. Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi hər il, müvafiq olaraq, dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi prosesində maliyyə vəsaitinin nəzərdə tutulması üçün zəruri tədbirlər görsünlər.

3. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirsin və Dövlət Proqramının icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net